Tovuz rayon Təhsil Şöbəsində baş verən ağlasığmaz münaqişələr ağır fəsadları ilə bir çox ailəni həm maddi, həm mənəvi cəhətdən sarsıtmış və xalq içində narazı kütlələrin qəsdən yaradılmasına səbəb olmuşdur. Təhsil sahəsində aparılan islahatlar, xalqın mənafeyini qoruyan qanunların təsis edilməsi Tovuz rayonunda bəzi vəzifəli şəxslər tərəfindən birmənalı qarşılanmamış və uğurlu siyasətə kölgə salınması məqsədilə bir çox ciddi qanun pozuntuları baş vermişdir.
Bu barədə KAİM.az-a əslini cənab Prezident İlham Əliyevə, surətini Təhsil Naziri cənab E.Əmrullayevə, Tovuz rayon İcra hakimiyyətinə və Tovuz RTŞ-ə göndərdiyi şikayət ərizəsi ilə müraciət edən XTQ əsgəri Mirfəttah Nəsirli Nüsrət oğlu daha ətraflı məlumat vermişdir.
[center][img]https://xeberfakt.az/uploads/posts/2021-06/1623648024_1623622014_890.png[/img][/center]
Şikayətçi əsgərin atası Tovuz rayon Qaraxanlı kənd sakini Nəsirli Nüsrət Fəttah oğlu birinci Qarabağ müharibəsi veteranı və müəllimdir. Belə ki, Nüsrət müəllim Tovuz rayon Təhsil Şöbəsinin bəzi əməkdaşları və həmin əməkdaşların himayəsi altında olan ailə tərəfindən mənəvi təzyiqə məruz qalır. Hazırda vəziyyət daha da ciddiləşib və yüngül təzyiqlər psixoloji təhdidlərə və mənəvi terrora çevrilib.
Haqlarında lazımi ölçü götürülməyən özbaşına qruplar boşluqlardan istifadə edərək mövqelərini sərtləşdirir.
Şikayətçi qeyd edir ki, həmin ailə məktəbi uzun illər əvvəldən mənimsəyərək qanunsuz olaraq söz sahibi olublar. İş fəaliyyətini layiqincə yerinə yetirən Nüsrət müəllimin iş imkanlarını əlindən alıblar. Sui-istifadə nəticəsində məktəbdə özbaşınalıq yaranıb və son illərdə inkişaf naminə hər hansı bir addım atılmayıb, həmçinin məktəbin uğur səviyyəsi kəskin dərəcədə azalıb.
Məlumatda deyilir ki, Nüsrət müəllim Təhsil Nazirliyinin DİQ-da iştirak edib yüksək bal toplayaraq nazirliyin xüsusi əmri ilə həmin məktəbə təyin edilmişdir.
Lakin, bəhs edilən ailənin 4 illik təzyiqləri nəticəsində, şikayətçi XTQ əsgərinin atası ağır xəstəliklərə düçar olmuşdur.
Ərizədə qeyd olunur ki, baş verən xoşagəlməz hadisələrin hər birindən Tovuz RTŞ xəbərdardır. Buna baxmayaraq, lazımi tədbirlər görülmür, bu azmış kimi, qanunsuz olaraq Nüsrət müəllimə ağır təzyiqlər edərək, psixoloji zərbələr endirilir.
Azərbaycanda bəzi təhsil şöbələrinin özbaşına fəaliyyəti barədə daha əvvəldə yazmışıq və olduqca yazacağıq. Hər halda, prezident İlham Əliyev tərəfindən hər bir sahədə olduğu kimi, təhsil sahəsində də aparılan ciddi islahatların və qanunsuzluqlara qarşı görülən sərt tədbirlərin öz bəhrəsini verəcəyinə inanırıq.
İdarələrdə xüsusi yoxlamaların aparılması (həmçinin Tovuz RTŞ, dərc etdiyimiz digərləri və hələ dərc etmədiklərimiz) həm bizlərin, həm də bizə müraciət edən şikayətçilərin xoş niyyətli istəyidir.