Manşet

“Dövlət bizə şəhid ailəsinə ev verilməsinə icazə vermir!” – Şəhid ailəsindən NARAZILIQ

İmişli şəhəri, Pənah Həsənov küçəsi, 47 saylı evin sakini, şəhid atası Əzizov Hikmət Sabir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Bildirirəm ki, şəhid oğlum Sabir könüllü olaraq İkinci Qarabağ Müharibəsində erməni cəlladlarla vuruşa gedib. İlk vuruş Fizulidən başlayıb. Daha sonra Hadrut, Zəngilan, Cəbrayıl və Qubadlıda döyüşüb.

Cəbrayıl rayonunda ağır yaralansa da, yenidən döyüşə qatılıb. Əksər döyüşçü əsgər və zabitlərimiz kimi, şəhid Sabirin də əsas məqsədi işğalda olan torpaqları azad etmək idi. O, Vətən torpaqlarını xilas etmək üçün Şəhidliyi şərəf bildi.

Axırıncı dəfə oktyabrın 29-da zəng etdi. Dedi ki, narahat olmayın, düşmənləri iti qovan kimi qovuruq.

30 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə çatdı. Mən şəhid oğlumu 72 gün axtardım. Qubadlı rayonunun yüksəkliyindən tapdıq. Başda rayon İcra Hakimiyyəti olmaqla, Bələdiyyə, rayon ictimaiyyətinin iştirakı ilə izdihamlı şəkildə son mənzilə yola salındı.

Mən şəhid oğlum Sabirlə fəxr edirəm ki, erməni vəhşilərinə qan udduranlardan, 30 il işğalda olan torpaqlarımızın, laləzar Qarabağımızın azadlığı uğrunda şəhiddir.

Amma iş adamı, “Messenat-Holdinq”in prezidenti Tofiq İsayevin məni altı ay get-gələ salması, yalan danışması, nə hacılığa, nə də tutduğu mövqeyə yaraşan hal deyil. Bildirirəm ki, şəhid Sabirin bacısı Arzu qızımız Bakıda təmayül kursunda oxuyur. Sabirin arzusu idi ki, Bakıda evi olsun. Bakıda bacısının xatirinə kirayədə qalırdı, işləyib bacısına və mənə sağalmaz xəstəliyimə görə kömək edirdi. Hətta mən ağır xəstə olsam da, pensiya almıram. Sənədləri ƏƏSMN-ə versəm də, nazirlik sənədləri o yan, bu yan edir. İkiqat xəstəliyi isə şəhid oğlum Sabiri axtaranda tapdım, əlim-ayağım əsir, xəstəliyim parkinsondur. Əgər ƏƏSMN məni sağalda bilərsə, sağ olsun, amma bu qurumun məni şəhid atası olaraq get-gələ salması içimi ağrıdır.

Dolanışığım Sabirin şəhidlik pensiyası ilədir. Həmin pulla Bakıda kirayədə qalmaq çox çətin, dözülməzdir, üstəlik, şəhidin bacısı təmayül məktəbində oxuyur, Ali təhsil almağa cəhd edir. Həkim olmaq istəyir ki, yaralı əsgər və zabitlərimizə, sıravi vətəndaşlarımıza tibbi yardım etsin.

Ona görə, “Messenat-Holdinq”in prezidenti hacı Tofiq İsayevə bir həmyerli kimi müraciət etdik. Hətta 13 (on üç) min manat pul təklif etdik ki, bizə tikdiyi binalardan bir otaq versin. O, bizi altı ay aldatdı. Hətta onunla görüşmək üçün dəfələrlə ofisinə getdim, yüzlərlə dəfə telefonla danışdıq. Sonuncu dəfə onun verdiyi cavab məni dəhşətə gətirdi: “Dövlət bizə şəhid ailəsinə ev verilməsinə icazə vermir!”

Mən inanmıram ki, mənim Dövlətim iş adamına, milyarderə belə göstəriş versin. Ya da bu insan – hacı titullu birisi dövləti və onun rəhbərlərini şantaj edir.

Odur ki, sizdən, Müzəffər Ali Baş Komandan kimi, xahiş edirəm, Bakıda evlə təmin olunmağımıza, özümüzün 10 (on min) manat verməyimizlə bərabər, köməklik etməyinizi, şəhidin bacısı, qızım Arzunun Ali təhsil alması naminə göstəriş verməyinizi rica edirəm. Bu, həm də şəhid Sabirin arzusu idi”.

Redaksiydan: Yazıda adları hallanan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir