Sosial

Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq?

Bazarda mövsümi meyvələrin qiyməti hər il olduğundan daha bahadır.

Rəsmi açıqlamalara görə, gilas, ərik və alçanı bazarda istənilən qiymətə tapmaq olar. Ancaq reallıq göstərir ki, bu, söz olaraq qalır. Orta keyfiyyətli gilasın bir kiloqramı Bakıda 8-10 manata təklif olunur. Rayon yerlərində isə xeyli ucuz – 3-4 manata almaq mümkündür. Qeyd etmək lazımdır ki, rayonlarda yığılan məhsulun yüksək keyfiyyətli hissəsi Rusiya bazarlarına ixrac edilir, 3-4 manata təklif edilən isə orta və aşağı keyfiyyətli meyvələrdir.

Xaçmazda gilasın “Napoleon” və “Öküz ürəyi” növlərinin kilosu 4 manata təklif edilir. Hazırda bölgələrdə gilas yığımı davam edir. Sakinlər əziyyətlə yetişdirdikləri meyvələrin yerli bazardan daha çox, Rusiya bazarlarına çıxmasında maraqlıdırlar.

Xaçmazda ən çox tələbat gilasın “Krım”, “Romanovka”, “Öküz ürəyi”, “Napoleon” növlərinədir.

Bu mövsümün üç əsas meyvəsi gilas, ərik və alçadır ki, əhali də bu meyvələrin üzünə, sözün əsl mənasında həsrət qaldı. Düzdür, ucuz qiymətə də meyvə tapmaq olur, lakin onlar xallı, zədələnmiş gilas və ərikdir.

İndi isə ən aktual məsələ bundan sonra çıxacaq meyvənin və bostan bitkilərinin qiymətinin necə olacağıdır.

Oxu.Az-ın bu barədə suallarını aqrar sahə üzrə ekspert Nicat Nəsirli cavablandırıb.

Onun sözlərinə görə, daxili və xarici bazarda gilas və əriyə tələbat daha çoxdur:

“Gilas və əriyin qiymətlərinin yüksək olmasının bir neçə səbəbi var. Ağaclar çiçəkləyən ərəfələrdə hava şəraitinin yağışlı keçməsi meyvələrin zədələnməsinə gətirib çıxardı. Ağacların bir hissəsində çiçəklənmə prosesi normal getdiyi üçün keyfiyyətli məhsul əldə olundu, digər hissəsindən alınan məhsul xallı, ləkəli oldu. Bununla da məhsulun böyük hissəsinin keyfiyyəti azaldı.

Təbii ki, bu, bazarda qiymətlərə yaxşı təsir etmədi. Əgər keçən ilin müvafiq dövründə bir hektar gilas bağından 8-12 ton məsul yığılırdısa, bu il 6-7 ton məhsul yığılır. Keçən il bir hektar ərik sahəsindən 6-7 ton məhsul yığılırdısa, bu il xeyli az – 2-3 ton məhsul toplanıb. Qiyməti məhsuldarlığın az olması formalaşdırır. Keyfiyyətli məhsul azdır və o, xarici ölkəyə ixrac edilir.

Keyfiyyəti az olan məhsul daxili bazarlara göndərilir. Yəqin ki, müşahidə etmisiniz, bazarda kiçik və keyfiyyətsiz gilasın kiloqramı 1-4 manat arasında dəyişir”.

Mövsümi meyvələrə tələbatın çox olduğunu deyən ekspert xatırladıb ki, 2018-ci il üçün ölkədə 264 min ton gilas toplanıb:

“Ötən illərlə müqayisədə, məhsulun həcmində artım var. Lakin keyfiyyət barədə eyni şeyi deyə bilmərik. Ötən ildən fərqli olaraq, bu il ölkə üzrə 300 min tona yaxın gilas toplanıb. İqlim amillərinə görə məhsuldarlığın aşağı düşməsi, mövsümə görə tələbatın artıq olması qiymətlərə təsir edib. Gilasın qiymətinin süni şəkildə artırıldığını düşünmürəm.

“Yaşıl bazar”da gilas 10 manata da təklif edilir. Lakin alternativ bazarlardan 4 manata da gilas almaq mümkündür. Bu yaxınlarda yerli bazara gilasın “Romanovka” növü göndəriləcək. Onun ilkin bazar qiyməti iki manatdan başlayacaq. Tez yetişən meyvə sortları bahalı və keyfiyyətli olur”.

Ekspertin sözlərinə görə, bazarda qarpız və yemişin qiyməti ötən illə müqayisədə, kifayət qədər aşağı olacaq:

“2018-ci ildə bostan meyvələrinin qiyməti baha idi. Keçən il qarpızın ölkə üzrə ümumi əkin sahəsi iki dəfə artıb. Qarpız bazara 40-50 qəpik qiymətlə girib. Normal qiymətlərdir. Nəzərə almaq lazımdır ki, qarpızın bioloji yetişmə dövrü iyul ayıdır. Açıq sahədə yetişən qarpızlar yerli bazara daxil olduqda qiymətlər bir qədər də düşəcək. Bostan məhsullarında bu il ciddi artım gözlənilmir, çünki ötən il əkin sahələrində kifayət qədər artım olub”.

Qeyd edək ki, 2017-ci ilin iyun ayıda gilasın orta qiyməti 3,50 AZN, 2018-ci ilin müvafiq dövründə isə 4 AZN olub. Bu il isə yerli bazarlarda bir kiloqram gilasın orta qiyməti 4-5 AZN-dən başlayır. Təkcə may ayından bu günə qədər 7 həftə ərzində ötən illə müqayisədə 30,4 faiz artıq (8,9 min ton ) gilas ixrac olunub.

Ötən ilə nisbətən ölkə üzrə giləmeyvələrin – gilas, alça, ərik, çiyələk və s. istehsalı 26,7 faiz artıb. Bu isə məhsul qıtlığının olmadığını göstərir. Buradan belə nəticəyə gəlmək olar ki, əldə olan məhsullar bol olsa da, nisbətən keyfiyyətsizdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir