Siyasət

Hacı Qurbanın şirkətləri bu dəfə 7,2 milyon manatlıq tenderin qalibi oldu – İLGİNC FAKT

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalib “İlkin-N” MMC (VÖEN- 2100011121) və “Sevinc-96” MMC (VÖEN- 2100010871) olub.
“İlkin-N” MMC və “Sevinc-96” MMC Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişi əsasında daş-betonla sahilbərkitmə işləri görəcəklər və qarşılığında 7 milyon 221 min 643 manat 40 qəpik alacaqlar. Bu məbləğin 6 milyon 175 min 511 manat 24 qəpiyi “İlkin-N” MMC-yə, 1 milyon 46 min 132 manat 16 qəpiyi isə “Sevinc-96” MMC-yə veriləcək.
Məlumat üçün bildirək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 6,2 milyon manatlıq tenderinin qalibi olan “İlkin-N” MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamı kapitalı 35 min 572 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur.
Onu da bildirək ki, hər il dövlət qurumlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi olan “İlkin-N” MMC-nin rəhbəri Hacı Qurban kimi tanınan Abasov Qurban İsmayıl oğlunun adı bir-neçə il əvvəl oğluna etdiyi dəbdəbəli toyla gündəmə gəlib. Qurban Abasovun adı 2013-cü ildə mətbuatın gündəminə oğlunun toy karvanında eyni markalı 25 “Mercedes-Gelandewagen” avtomobilinin iştirakına görə gəlib.
Qurban Abasov SSRİ zamanında Azərbaycanın tanınmış dövlət xadimlərindən olan İbrahim Qurbanovun bacısı oğludur. İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunub. İbrahim Qurbanov Azərbaycan KP MK–nın üzvü, doqquzuncu, onuncu və on birinci çağırış respublika Ali Sovetinin deputatı olub.
2014-cü ildə ürək tutmasından dünyasını dəyişən Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini polis mayoru Əsgər Qurbanov da Qurban Abasovun yaxın qohumu olub.
Qurban Abasovun daha bir yaxın qohumu Aytən Qurbanova ötən il keçirilən sonuncu parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd olub. Aytən Qurbanova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimidir.
Eyni zamanda onu da qeyd edık ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən hər il milyonlarla manatlıq tender müsabiqələri udan daha bir şirkətin – “Sevinc-96” MMC-nin də (VÖEN- 2100010871) Qurban Abasova məxsus olduğu olduğu bildirilir.
“Sevinc-96” MMC “İlkin-N” MMC ilə eyni ildə – 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev, ev 45, m. 1-də yerləşən MMC-nin nizamnamı kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Haxıyev Yusif Camal oğludur. 2013-cü ildə mətbuata verdiyi açıqlmada “Sevinc-96” MMC-nin qanuni təmsilçisi Yusif Haxıyev də “İlkin-N” MMC-nin tikinti üzrə sahə rəisi olduğunu bildirib.
Qeyd edək ki, hazırda “Sevinc-96” MMC-nin dövlət büdcəsinə də 23 min 948 manat 35 qəpik vergi borcunun olduğu qryd olunur. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil. Amma göründüyü kimi, 24 min manata yaxın vergi borcu olan şirkət təkcə tender müsabiqəsində iştirak etməyib, həm də qalib gəlib.

Hacı Qurbanın şirkətləri bu dəfə 7,2 milyon manatlıq tenderin qalibi oldu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir