Manşet

Vüqar Behbudovun “sosial xidmət” bazarlığı – GİLEY

“Qazi və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qanunla tənzimlənir və 1-ci dərəcə əlilliyi olan şəxslərin mənzillə növbədənkənar təmin edilməsi qanunvericiliyin başlıca tələbidir. Lakin nə mənzil növbəliyini həyata keçirən rayon icra hakimiyyətləri, nə də bu növbəlilik əsasında mənzil təminatını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA) qanunun tələbinə əməl edir. Hətta məhkəmə yolu ilə hüququnu doğrulayanlar da sosial xidmət məmurlarının “bığının altından keçməsə” , mənzil yiyəsi ola bilmirlər”. Bu barədə DİA.AZ_a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Qanunvericiliklə əlilliyi olan şəxslərə reabilitasiya mərkəzlərinin , iş yerlərinin, qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzil ayrılması nəzərdə tutulsa da, Bakının mərkəzində işləyən, poliklinikada, reabilitasiya mərkəzlərində qeydiyyatda olanların xeyli qıraqdakı kəndlərdə mənzillər ilə “tısbağa sürəti ilə “ təmin olunmaları başadüşülən deyil. Təsəvvür edin, məcburi köçkünlərə tikilən evlərin şəhid ailələri və qazilərə verilməsi qərara alınıb, amma hazır evlər bayramdan-bayrama 30 ailədən çox olmamaqla verilir. Mirzə Cəlilin kefli İsgəndərinin “ölüdirildən” şeyxə “ölülərin hamısını birdən diriltməyi” təklif etdiyi kimi , bu qazi və şəhid ailələrinin də hamısını birdən mənzillə təmin etmək olmaz? Yox, olmaz! Axı, belədə SXA-nın sədri Vüqar Behbudov və digərləri ayrı-seçkiliklə bölgüdən varlana bilməyəcək!

İlyarımdır Bakının Nizami rayonunda, Çobanzadə küçəsində qazi və şəhid ailələrinə tikilən evin qanunsuz bölgüsünə hüquqi qiymət verilmir. 2013-cü ildən Nərimanov RİH-də mənzil növbəsində dayanan, 2016-cı ildən Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarı ilə növbədənkənar mənzil təminatı hüququ olan, Prezidentin 20.06.2016 tarixli 569 saylı sərəncamı ilə ən geci 2018-ci ildə mənzillə təmin edilməyə haqq edən 1-ci dərəcəli Qarabağ qazisinin 2 elmi işçisi, 2 əlili, biri daun xəstəsi körpə uşaqlı dörd ayrı-ayrı ailədən ibarət on nəfərlik ailəsi hələ də qanundan, məhkəmə qərarının icrasından, prezident sərəncamından kənarda qalıb. Hələ də , Hesablama Palatası, Ombudsman, Məhkəmə Hüquq Şurası, baş prokurorluq və digər hüquq mühafizə orqanları nə evin qanunsuz bölgüsünə qiymət verir, nə də Qarabağ qazisinə qarşı ayrı-seçkiliyə.

2019-cu ilin oktyabrında Milli Məclis rəhbərliyindən ƏƏSM nazirinə telefonla müraciət edilib və nazirin göstərişi ilə ertəsi gün Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət sektorundan (hazırda Sosial Xidmətlər Agentliyi ) qazini çağırıb ərizəsini alıblar ki, Nizami rayonundakı ev bölünəndə üçotaqlı mənzillə təmin olunacaq. Fondun sədri qazi ailəsini qəbul edib və Vüqar Behbudova problemi nəzarətə götürdüyünü bildirib. Hətta Qarabağ qazisindən adına əmlak olmaması haqqında ƏMDX-nın “Əmlak Xidmətləri Məkanı”ndan arayış almasını da deyiblər. Lakin 24.12.2019-cu ildə evin gizli bölgüsü olub və cəmi 5 nəfərə order verilib. Qalan 91 nəfərin kimliyi hələ də açıqlanmır. Çünki 15-20 nəfəri çıxmaqla, qalanları bir neçə əmlakı, villaları olanlardır. Bu ayrı-seçkiliyin başında duran Vüqar Behbudovdur. Təsəvvür edin, qanunvericilik, məhkəmə, icra hakimiyyəti orqanlarının həm yazılı və həm də şifahi göstərişlərini bu sosial məmur qulaqardına vurub. Nazirin, fond sədrinin tapşırığına əməl etməyən şəxsin yeni yaradılan Sosial Xidmətlər Agentliyinə sədr qoyulması anlaşılan deyil. Sosial müdafiə xidmətini sosial mənimsəməyə çevirən şəxsin əlillər barəsində ayrı-seçkilik etməsinin rüşvətdən qaynaqlanması şübhə doğurmur. Ayrı-seçkilik o həddə çatıb ki, öldürücü astmadan əziyyət çəkən qaziyə Naxçıvan “Duzdağ”ında müalicəsinə də bir ildən çoxdur imkan verilmir. Biz hələ 25 ildir Səhiyyə Nazirliyinin rəyi ilə xaricdə müalicəsinin qərəzlə təşkil edilməməsindən, adi yol xərcinin belə ödənilməməsindən danışmırıq.

…Mən də müsəlmanam, a şirvanlılar! “ deyən böyük Sabirin yeri görünür :

BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR!”

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir