“Azərbaycan tərəfi tezliklə Qırmızı Bazar – Şuşa yolundan istifadəni dayandıracaq”.
Qarabağdakı separatçı rejimin nümayəndəsi Artak Beqlaryan belə deyib. “Azadlıq” radiosunun Ermənistan xidməti yazır ki, Beqlaryan yolların təhlükəsizliyinin təmin olunması, işıqlandırma və nəzarətin gücləndirilməsi üçün əlavə tədbirlərin görüldüyünü deyib:
“Hazırda təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edir və bütünlükdə təhlükəsizlik təmin olunub. Əlbəttə, kiçik insidentlər olub. Bunların bəzisinə reaksiya verilib və tədbir görülüb. Bizim silahlı qüvvələrimiz habelə önləyici işlər həyata keçirirlər. Bu işlər barədə çoxları bilmir və təsəvvür də etmir ki, bu halların qarşısı alınmasa nə baş verə bilərdi.
Tezliklə, bir neçə aydan sonra Azərbaycan tərəfi Qırmızı Bazar – Şuşa yolundan istifadəni tamamilə dayandıracaq. Bu istiqamətdə, bu yolların təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, işıqlandırma və əlavə nəzartin gücləndirilməsi üçün əlavə işlər görülür”.
Sayt yazır ki, Qırmızı Bazar – Şuşa yolunda mütəmadi olaraq insidentlər qeydə alınır. Hazırda azərbaycanlılar Qırmızı Bazardan Şuşaya Rusiya sülhməramlılarının müşayiəti ilə gedib-gəlirlər. Sözügedən yolun erməni tərəfinin nəzarətində olduğu xəbər verilir.
Qeyd edək ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi Şuşaya gedən yolun üzərində yerləşdiyindən strateji əhəmiyyətə malik ərazi sayılır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra inşasına başladığı Əhmədbəyli-Füzuli-Şuşa yolu – Qırmızı Bazar yoluna alternativ hesab edilir. Uzunluğu 101,5 kilometr olan Zəfər yolu Qırmızı Bazar qəsəbəsindən yan keçməklə Şuşaya gediş-gəlişi təmin edəcək.
Qırmızı Bazar-Şuşa yolunun uzunluğu isə 40 kilometrə yaxındır. Hazırda həmin ərazinin təhlükəsizliyinə Rusiya sülhməramlıları nəzarət edir. Qırmızı Bazar Azərbaycan ərazisi olduğundan həmin qəsəbəyə və yola nəzarətin yalnız ermənilərin əlində qalması məqbul hesab edilə bilməz. Hətta bir müddət öncə Ermənistan mətbuatı Azərbaycanın Qırmızı Bazar yoluna nəzarəti təhfil almaq üçün tələb irəli sürdüyünə dair açıqlama yaymışdı. Həmin məlumatda Azərbaycanın 2020-ci il noyabrın 10-dan sonra Dağlıq Qarabağda saxlanılmış diversantların qaytarılması müqabilində bir neçə şərtlə çıxış etdiyi bildirilirdi.
Həmin şərtlərdən biri kimi Qırmızı-Bazar-Şuşa yoluna nəzarətin Azərbaycan ordusunun nəzarətinə verilməsi göstərilirdi. Hələlik bu istiqamətdə demək olar ki, heç bir dəyişiklik baş verməyib.
Lakin may ayının ortalarından başlayaraq Qarabağ yaylasınma daxil olan 3555 metr hündürlüyündə Qızılcıq dağı (ermənilər adını dəyişərək İşxanasan qoyub), dəniz səviyyəsində 3552 metr yüksəklikdə yerləşən Böyük İşıqlı dağı və 3455 metr yüksəkliyə malik Kiçik İşıqlı dağı sərhədlərin demarkasiyası zamanı erməni işğalçılarından geri alınıb ki, bu da Azərbaycana Qırmızı Bazar-Şuşa yoluna nəzarəti təmin etmək imkanı verir.
Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Artak Beqlaryan qatı milləçi-şovinist mövqeyi ilə seçilir:
“Belə adamlar adətən insanlara qarşı aqressiv olur. Beqlaryan da azərbaycanlılara qarşı nifrəti ilə seçilən tipdir. Ancaq o, yalnız özünün deyil, separatçı rejimin və Ermənistanın mövqeyini ortaya qoyur.
Beqlaryan 10 noyabr bəyanatının tamamilə əleyhinə gedir. Həmin sənəddə qeyd edilir ki, bütün nəqliyyat-kommunikasiya xətləri blokdan açılmalıdır. Nəqliyyat infrastrukturu dedikdə, yalnız Zəngəzur dəhlizindən söhbət getmir. Onlar üç dövlət başçısının imzaladığı 10 noyabr bəyanatının əleyhinə gedirlər. Ona görə də Azərbaycan tərəfi məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməlidir.
Azərbaycan sərt davranış sərgilədiyinə görə həm Ermənistan, həm də qondarma rejim kəskin bəyanatlar verir. Sanki məğlub olan onlar deyil, Azərbaycandır. Məsələn, Azərbaycan Ermənistanı sülhə dəvət edir. Ermənilər isə elə başa düşür ki, guya Azərbaycan onlara yalvarır, xahiş edir. Halbuki onlar bizə yalvarmalıdır. Azərbaycan diplomatiyası kəskin mövqe tutmadıqca, onların belə bəyanatlarını eşidəcəyik. Xarici İşlər Nazirliyi səviyyəsində olmasa da, Müdafiə Nazirliyi bəyan etməlidir ki, Beqlaryan kimi təxribatçıların dedikləri 10 noyabr sənədinə ziddir.
Bildirilməlidir ki, Beqlaryan kimiləri 10 noyabr bəyanatının icrasına mane ola bilməz. Əks təqdirdə, separatçılar cavablarını almalıdırlar. Rusiya sülhməramlı qüvvələrindən öz missiyasını normal yerinə yetirməsini tələb etməliyik. Biz özümüzü qalib dövlət kimi aparmalıyıq ki, Beqlaryanlar meydan sulaya bilməsin. Hətta Zəfər yolu istifadəyə verildikdən sonra belə, Azərbaycan Qırmızı Bazar yolundan imtina etməməlidir.
Qırmızı Bazar bizim ərazimizdir. Əgər sülhməramlılar Qırmızı Bazardan istifadəni məhdudlaşdıran hər hansı addım atsalar, Azərbaycan Laçın dəhlizini bağlamalıdır. Ermənilər Basarkeçər yolundan istifadəni, maşında sürücünün yanında adamın oturmasını, şəkil çəkilməsini bizim qarşımızda şərt kimi qoyurlar. Azərbaycan belə halların qarşısını almalıdır. Azərbaycanlıların həmin ərazidən keçməsinə Rusiya sülhməramlıları separatçı rejimin istəyi ilə razılıq verəcəksə, faktiki olaraq öz missiyasından imtina edəcək.
Təbii ki, orada erməni terrorçuları böyük təhlükə yaradır. Ona görə də məsələni kəskin qoymaq lazımdır ki, Beqlaryan kimiləri danışa bilməsin”.