Artq dünyanın bir çox ölkəsində geniş yayılan “Delta” ştammına yoluxmalar qonşu Gürcüstanda da müşahidə olunub. Dünyada yeni pandemiyanın yaranması qarşıdakı aylarda çörəyin qiymətinin bahalaşmasına təsir edəcəkmi?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli BiG.AZ-a açıqlama verib:
“Hökumət çörəyin qiymətinin sabit qalmasında maraqlıdır. Hazırda çörəyin qiymətinin bahalaşmasına təzyiq yoxdur. Çünki həm dünyada ərzaq buğdasının qiyməti sabitləşib, həm də Azərbaycanda taxıl yığımının mövsümüdür. Azərbaycanın daxilində də buğda bolluğu yarandığına görə sabitləşmə var. Yəni çörəyin əsas xammalı olan ərzaq buğdasının bolluğu sabitləşmə yaradır. Digər tərəfdən, işğaldan azad olunmuş torpaqlarımızda təxmini 150-200 min hektar ərazidə buğda biçiminə başlanılacaq. Bu da əlavə tələbin qarşılanması, təklifin güclənməsi üçün bir stimuldur. Hazırda çörəyin bahalaşması gözlənilmir”.