Manşet

MEDİA-dakı İPləmə

Sərlövhə kimisə ələ salmaq üçün seçilməyib. Özünə yaraşdıran sinəsinə çəkə bilər, amma mən “saxtakarlıqla dolu İP oyunu”nu nəzərdə tutmuşam.

***

Susmaq razılıq əlaməti sayılır. Bu səbəbdən nələrisə yazmağı özümə borc bildim. Sussam, razılaşdığımı düşünərlər. Halbuki haqlı olan da, haqqı tapdanan da, bununla belə, sınmayan, əyilməyən, başıdik durmağı bacaran da bizik, “Futbolinfo”nun kiçik kollektivi.

Ehtiraslar səngiyəndən, daha soyuq başla düşünəndən, hər şeyi analiz edəndən, bizi təxribat çəkənlərin oyununa getməmək qənaətinə gələndən sonra… yazıram ki, haqqımızın tapdanmasına göz yummayacağımızı bilsinlər. Yolumuzdan sapmayacağıq, eyni üslubda davam edəcəyik. İPlədə bilərlər, ağzımızı kiplədə bilməzlər.

MEDİA – Medianın İnkişafı Agentliyi iyulun 2-də bir sıra saytlara maliyyə yardımı ediləcəyini açıqladı. Müsabiqə elan olunmuşdu və qaliblər təyin edildi – seçilənlər də var, amma böyük əksəriyyət təyin edildi. Sıravi oxucu siyahıya göz gəzdirməklə buna əmin ola bilər. Qaliblər arasında 10-15 günün saytları da var, hazırda normal fəaliyyət göstərməyənlər də, şəxslərə qulluq edənlər də.

Bizə maraqlı olan idman saytlarıdı. 7 qalib var, hər birini ürəkdən təbrik edir, uğurlar arzulayıram. Hər birinin rəhbərlərinə, işçi heyətinə hörmətim sonsuzdu. Zənnimcə, o siyahıya düşməyə daha çox idman saytı layiq idi, sadəcə, medianın inkişafına dəstək verməli olan sabiqlərin diqqətsizliyi üzündən bir çox saytlar normal inkişaf yolu keçə bilməyib və hazırda ümumi rəqabətdə uduzurlar. Bununla belə, seçilənlərin və seçilməyənlərin bir neçəsi təkcə fəaliyyətinin nəticəsi olaraq, indiki aqibəti yaşamayıblar.

Seçilənlər dostların əksəriyyəti müsabiqə nəticələri açıqlanan kimi məndən təbrik gözləmədən özləri zəng vurdu. Çox təəssüf ki, onların sevinclərinin korlanmasına səbəbkar olmuşdum, hamısı “Futbolinfo”nu o siyahıda görməmələrinə üzülmüşdülər, bunun kiçik kollektivimizə və şəxsimə qarşı haqsızlıq olduğunu dilə gətirdilər.

Təşəkkür edirəm, böyüklük göstərdilər və onların bu zəngi mənə MEDİA-nın diqqətindən daha vacib idi. Deməli, mətbutdakı 25 ili boşuna keçirməmişəm və hamı haqqımızın tapdanmasının fərqindədi.

Dostlar, böyüklüyünüz qarşısında baş əyirəm, işinizdəki uğurlarla məni daha başıuca edəcəksiniz, dəstəkçiniz olacam. Bununla belə, “Futbolinfo”ya qarşı haqsızlıqla bağlı qeydlərinizə fərqli yanaşacam. Biz orada olsaq, sizin hansınızsa kənarda qalacaqdız. Bir çox nüansara görə nəinki 7-liyə, hətta ilk 3-lüyə layiq olduğumuza əminəm. Halbuki mən sizin hansınızın yerində olmağı yox, haqqı yeyilən digərləri ilə birlikdə 8-ci, 9-cu, 10-cu olmağı arzu edərdim.

Seçimlərə sosial şəbəkədə, eləcə də öz saytımızda bugünədək münasibət bildirmədim. Haqqımızı qurum daxilində aradım, MEDİA-nın rəhbərlərindən siyahıdan kənar qalmağımızın səbəblərini soruşdum. Qalmaqalçı deyiləm, qaneedici cavab alsam, saytın daha yaxşı səviyyəyə gəlməsi, növbəti müsabiqələrə hazırlaşması üçün gücümü səfərbər edəcəkdim. Seçim ədalətlidirsə, başqa çıxış yolu yoxdur, amma…

MEDİA rəhbərliyi ilk əvvəl xüsusi ekspert qrupunun saytımız haqqında müsbət rəy vermədiyini bildirdi. Təbii ki, ekspertlərin kimliyini araşdırdıq, müəyyən adlar tapdıq. Onların cavabları arxivimdə yazılı halda saxlanır – hamısı “Futbolinfo” haqda onlardan ümumiyyətlə, heç nə soruşulmadığını, bu üzdən müsbət və ya mənfi rəy vermədiklərini bildirdilər. Yalançı qalxan roluna layiq biliniblər…

Bu bəhanənin kökünü kəsdikdən sonra MEDİA-nın rəsmilərindən Rüstəm Əbülfətoğlu növbəti bəhanəyə başladı. Guya ki, futbolinfo.az-a giriş sayı seçilən 7 saytla müqayisədə zəifdi, İP istənilən səviyyədə deyil. Pandemiya üzündən onlayn fəaliyyət, müharibə dövrünün problemləri, həmin dövrdə ölkədə internet məhdudiyyətləri üzündən İP səviyyəsində geriləmə bütün mətbuata təsir etmişdi və biz də bu baxımdan gerilədiyimizin fərqindəyik. Lakin 7 dost-həmkarlarımız arasında bizdən daha zəif İP sahibi olnların varlığına əminik. Bu səbəbdən müqayisəli İP-ləri istədik.

Qaliblər arasında hətta ictimai-siyasi saytlara əlcək atanları olduğunu bilirik, haqqlarıdı, lakin biz 7-likdən kənar qalacaq vəziyyətdə deyilik. Əbülfətoğlu bizimlə görüşdən qaçdı, sutka boyunca istənilən saatda görüşməyə hazır olduğumuzu bildirdiyimiz halda bizi fərqli istiqamətlərə yönəltdi. Yekunda qurumun nümayəndəsinin bizə öz İP göstəricilərimizi təqdim etməyə hazır olduğunu bildirdi. Halbuki Rüstəm bəy özü də fərqindədi ki, ona statistikalarımıza baxmaq ixtiyarını məhz biz özümüz, xüsusi icazə məktubuyla vermişik. Mənim olanı mənə göstərmək istəyi qaynatdıqları zibildən çıxmaq üçün ucuz cəhd idi.

Bizə öz İP göstəricilərimiz yox, bizdən üstün tutulanların həqiqətən üstün olduğunu sübut edən rəqəmlər lazımdı. Qoşulma sayğacların olmadığı unikal İP. Yalnız bunun sayəsində bizim digərlərindən geridə qaldığımızı sübut edə bilərdilər. Amma Əbülfətoğlu təklifimizdən yayındı, müqayisəli statistikaları göstərməyəcəklərini bəyan etdi. Bunu etsəydilər, tapşırıqla, zənglə, xahişlə önə çəkdiklərini, dolayısı ilə özlərini ifşa edəcəkdilər.

Ola bilsin, bu yazıdan sonra kağışda əksini tapan hansısa statistikalar dövriyyəyə buraxılacaq, amma biz müvafiq linklərə daxil olmaqla göstəriləcək statistikaları tələb edirik. Fotoşopla istənilə hoqqadan çıxmaq olar.

İş hələlik İPləmə mərhələsindədi. Tələb edirik, görməzdən gəlirlər. Amma bu ölkədə ədalətli məhkəmə, hüquq-mühafizə orqanları var – onların sayəsində sonadək haqqımızı müdafiə edəcəyik. İPləməylə bağlı bu qədər…

Gələk məsələnin digər tərəflərinə. Məgər MEDİA-nın inkişafını istədiyi mətbuat yalnız İP-dən ibarət olmalıdı? Qurumun rəhbəri Əhməd İsmayılov bu sahəyə təsadüfən düşmüş adamdı, indiyədək yelkənli qayıqlarla, bələdiyyə işləriylə məşğul olub. Ona bəzi gerçəkləri anlatmaq lazımdı ki, təyin edildiyi sahədə ali tapşırığın fərqinə varsın. O zaman tədbir adıyla şənbə-bazar getdikləri Şuşanın gözəlliklərindən feyziyab olduqdan sonra hərdən mətbuatın yalnız İP-dən ibarət olmadığını da anlayar.

Futbolinfo.az Azərbaycan millisinin niyə dünya reytinqində ermənilərdən qalmasının səbəblərini deyil, Kardaşyanın fotosessiyalarını oxucularına çatdırmaq yolunu seçsəydi, statistikasında qüsur olmazdı.

Futbolinfo.az dövlətimizin başçısının açılışını etdiyi stadionların hamısının kimlərin günahı üzündən bu gün futbola həsrət qalmasını araşdırmağı deyil, futbolçuların sürdüyü maşınların fotosessiyalarını oxucularına çatdırmaq yolunu seçsəydi, statistikasında qüsur olmazdı.

Futbolinfo.az İmişli şəhər stadionunun rəhbərinin siyasi baxışlarına görə Ulu Öndərin adının arenanın üzərindən sildiyini ictimailəşdirməyi deyil, hansısa ulduzun villalarının fotosessiyalarını oxucularına çatdırmaq yolunu seçsəydi, statistikasında qüsur olmazdı.

Futbolinfo.az Azərbaycan çempionatındakı komanda sayının hətta qondarma zArtsaxın çempionatından az olmasını, bunun günahkarlarını müzakirəyə çıxarmağı deyil, futbolçuların saç düzümlərinin fotosessiyalarını oxucularına çatdırmaq yolunu seçsəydi, statistikasında qüsur olmazdı.

Siyahını uzada bilərik, amma biz İP dalınca qaçmamışıq, jurnalistikanın təməl prinsiplərinə sadiq olmuşuq. Bizim üçün analitika, araşdırmaçılıq, problemləri qabartma, təbliğat, maarifləndirmə daha vacibdi, nəinki İP-ləmək.

25 illik təmiz, qalmaqallardan, yaltaqlığdan kənar karyeram var – bəlkə bu, kimlərisə narahat edir? Bu illər ərzində təkcə jurnalist, redaktor olmamışam, həmçinin sağlam kadrların yetişməsində xidmətlərim olub, idman mediasının üzdə olan nümayəndələrinin böyük əksəriyyəti ilə iş fəaliyyəində yollarımız kəsişib. Bilik və bacarığım heç vaxt məni yarıyolda qoymayıb, yetirmələrimiz müxtəlif qurumlarda, klublarda məsul vəzifə tutur – bəlkə kadr yetişdirməyimiz kimlərinsə narahatlığına səbəb olur?

MEDİA-nın yardım ayırdıqları arasında aylıq 70-100 min manat büdcəsi olanlar var, biz isə bu məbləğin 1-2 faizi ilə 8 ildi ayaq üstə duran, öz sözü, mövqeyi olan sayt saxlayırıq. Bunu bacarmaq günahdısa, açıq deyin, bizi həmkarlarımızla üz-üzə qoymağa, özümüzü onlarla müqayisə etməyə çalışmayın. “Futbolinfo” məhdud imkanlarla həmişə ofis sahibi olub, işçi heyətiylə seçilib. KİVDF-nin diqqətsizliyi üzündən, daha sonra hansısa məmura bağlanmadığımızdan sahib olduqlarımızı itirə-itirə nisbətən geriləmişik, lakin jurnalistikanın ana prinsiplərinə arxa çevirməmişik. Budurmu günahımız?

MEDİA-nın onlayn mediaya diqqətini alqışlaya bilməyəcəm. Bu, dövlətin təşəbbüsüdü, sadəcə, MEDİA-nın rəhbərliyi Əli Həsənovun yoluyla gedir, dövlətin qayğısını şəxsi maraqlarına uyğunlaşdırır, tapşırıqlara boyun əyməklə, kimlərinsə marağını təmin etməklə məşğuldu.Biz pul istəmirik, seçimlərin ədalətli olmasının təsdiqini tələb edirik, buyurun, sübut edin. Ölkədə normal reklam bazarı olsaydı, biz fəaliyyətimizi təmin edən maliyyəni özümüz qazanardıq, Əli Həsənov kimilərin yaratdığı xaos üzündən bu yoxdu, əvəzində maliyyə yardımı ayrılır. Təəssüf ki, Əli Həsənovun və hazırda həbsdə yatan dostlarının etdiyi səhvlərin təkrarlanma cücərtilərini görürük.

Lakin bütün bu cəhdlər bizi qalmaqalçıya çevirə bilməz. Bir çoxları hər nə qədər ölkədə narazı qüvvələrin artmasında maraqlı olsa da, biz dövlətin müfaviq qurumlarının ədalətinə sonunacan güvənirik və dövlətçiliyin keşiyindəyik. Demokratik cəmiyyətdə yaşayırıq, yəqin, bizim sivil etirazımızı da diqqətə alan olacaq. 44 günlük vətən savaşında bu xalqı parçalamaq, qarşıdurma yaratmaq istəyənlərin önündə sinəmizi sipər etdik, qohumlardan yaşı çatan qardaşlarımız ön cəbhədə döyüşdü, şəhidimiz, qazimiz, qalib ordumuzun nəfərləri var, içərlərində haqqı çata-çata hətta veteran təqaüdü üçün müraciət etməyənlər oldu, ayıb bildik. Arxa cəbhədə də özümüz döyüşdük – bu Vətənə canımız fəda. İndi də haqqımız olmayanı istəmirik, amma haqqımızın kimlərinsə tərəfindən tapdanmasına göz yummarıq.

Jurnalistlərə ev verildi, haqqım çata-çata hətta müraciət belə etmədim. Mənə çatmalı olan evdə kimlərinsə katibələri, qohum-qardaşları, sürücüləri əyləşib. Ad istəmədim, titul istəmədim (və yenə də istəmirəm), lakin son siyahıdan haqsız yerə kənar qalmağımızı sakit qarşılaya bilməzdim. Bunu illərdi minimal qonarara işləyən əməkdaşlarımızın haqqını qorumaq naminə edirəm. Onlar təklif edilən daha yüksək maaşları geri çevirilərsə, onların tapdanmış haqqını qorumaq da mənə düşür. Bu səbəbdən bu yazını kompüterin yaddaşına köçürməli oldum. Sussam, razılıq əlaməti kimi qəbul oluna bilər…

VÜSAL MAHMUDOV, futbolinfo.az saytının baş redaktoru

P.S.: Bugündən MEDİA-nın ictimai əsaslarla işləyəcək Monitorinq Qrupu olacağıq. Layihələri izləyəcək, dövlətin qayğısı nəticəsində ayrılan maliyyənin qarışılığının necə verildiyini diqqətdə saxlayacağıq.

P.P.S.: MEDİA rəhbərliyi çağdaş düşüncəli insanlar olsaydı, idman mediası üçün ilk müsabiqə “Uşaq və gənclərin fiziki vəmənəvi inkişafı” kimi çeynənmiş mövzu yox, “Qarabağda idman: ənənələr və qayıdışdan sonra inkişaf perspektivləri” olardı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir