Manşet

“Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edildi

Sumqayıt şəhərində yerləşən əlillər, qazilər və şəhid ailələri üçün inşa edilmiş 12 mərtəbəli 96 mənzilli binanın sakinləri “Hürriyyət”in redaksiyasına müraciət ediblər. Sakinlər bildirir ki, 2012-ci ilin dekabrından aldıqları mənzilləri özlləşdirə bilmirlər. Halbuki, incəsənət mənzillərinə verilmiş mənzillər özəlləşdirilir. Bina sakinləri ölkə başçısından onlara verilmiş mənzillərin özəlləşdirilməsiylə bağlı göstəriş verilməsini xahiş edir:

“Binamız 2012-ci ilin 24 dekabrında və cənab Prezidentin doğum günündə şəxsən özünün və Mehriban xanımın iştirakı ilə açılışı olub. Cənab Prezident çıxışında qeyd etdi ki, dövlətimiz əlillər, qazilər və şəhid ailələri üçün yaraşıqlı mənzillər tikib. Bildirdi ki, bundan sonrakı həyatınızda ailənizlə gözəl mənzillərdə xoşbəxt və firavan yaşayasınız. Keçən müddət ərzində dəfələrlə dövlət orqanlarına müraciət etmişik ki, binamıza qanuni sənəd verilsin. Əmin olmaq istəyirik ki, sabah başımıza nəsə gələrsə bizə verilmiş mənzillər ailəmizə qalacaq. Hansısa qanuni sənəddə mənzillərin ailənin digər üzvlərinə qalacağı ilə bağlı heç nə göstərilməyib. Biz cənab Prezidentdən xahiş edirik ki, mənzillərimizə qanuni sənəd verilsin. Milli Məclis 2009-cu ildə mənzil məcəlləsinə dəyişiklik edib. Belə ki, həmin məcəlləyə edilmiş əlavəyə əsasən dövlət tərəfindən təmənnasız verilmiş mənzillər özəlləşdirilə bilməz. Sözsüz ki, qanun qəbul edilirsə, bütün vətəndaşlar qanuna tabe olmalıdır. Lakin, qanun hamı üçün bərabər qaydada işləmir. Həmin qəbul edilmiş qanun incəsənət xadimlərinə aid deyil.

Onlara dövlət tərəfindən verilmiş mənzillərin özəlləşdirilməsinə icazə verilir. Təəsüf ki, əlillər, qazi və şəhid ailələrinə verilmiş məzillərin özəlləşdirilməsinə icazə verilmir. Belə bir qanunsuzluqla üzləşmişik. Binamızda əlillər, çernobl əlilləri, qazilər və şəhid ailələri yaşayır. Sözügedən problem məhz bu binaya aid deyil. Respublikanın digər yerlərində əlillərə, qazilərə və şəhid ailələrinə verilmiş bütün mənzillərə aid problemdir. Bunun səbəbini anlamırıq. Əllərində milli məclisdə qəbul edilmiş qanunu əsas götürürlər. Belə bir qanunun qəbul edilməsi əsassızdır. Bildirilir ki, guya ki biz bu mənzilləri satıb, yenidən mənzil növbəsinə yazılacağıq. Əgər, mənim adım siyahıda varsa və mənzili almışamsa, demək ki, ikinci dəfə mənzil növbəsinə yazıla bilmərəm. Belə bir nəticəyə gəlmək olar ki, burda rüşvət və korrupsiya faktları var. Hər halda nazirliyin bunu araşdırmaq səlahiyyəti var”.

QEYD: Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir