Vətən müharibəsində şəhid olan Elbrus Yusifovun atası Şəmsi Yusifov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni ordusu tərəfindən açılan artilleriya atəşi nəticəsində dağılan evinin bərpa edilməməsindən şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən Şəmsi Yusifov bildirib ki, Tovuz rayonunun Ağdam kəndindəki evləri yararsız hala düşüb və 2015-ci ilə qədər qəzalı evdə yaşayıblar: “Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi evi tikib təmirli təhvil verməli olsa da, 2015-ci ildə işi yarımçıq qoyub getdilər. Onlar bunun əvəzində bizə bir neçə tikinti materialı verdilər. Biz də öz imkanlarımızın daxilində evi müəyyən qədər təmir edə bildik. Sonra mənə sənədə gətirib qol çəkdirdilər ki, evi guya bizə tam hazır vəziyyətdə təhvil veriblər.
Sonradan Agentliyin sədr müavini Təyyar Hüseynliyə müraciət etdim. O da cavab göndərdi ki, evin qalan hissəsini təmir etmək üçün Tovuz Rayon İcra Hakimiyyətinə məlumat verilib. Dəfələrlə icra hakimiyyətindən baxış keçirilib, amma ortada bir nəticə yoxdur. Ümumiyyətlə, oğlum şəhid olan gündən rayon rəhbərliyindən qapımızı açan olmayıb”.
Şəhid atasının iddiası ilə bağlı Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayonu, Ağdam kəndinin sakini Şəmsi Yusifov 2021-ci ilin fevral ayında nazirliyə müraciət edərək tikintisi yarımçıq qalmış fərdi yaşayış evinin tamamlanması üçün köməklik göstərilməsini xahiş edib: “Müraciətdə göstərilən məsələ nazirliyin səlahiyyətlərinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon İcra hakimiyyətinə göndərilib və bu barədə vətəndaşa müvafiq qaydada məlumat verilib. Məsələ nazirliyin səlahiyyətləri çərçivəsində olmadığından vətəndaşın evində Fövqəladə Hallar Nazirliyi tərəfindən hər hansı təmir-tikinti işi görülməyib və bu məqsədlə tikinti materialları verilməyib”.
Tovuz Rayon İcra başçısının müavini Fərman Qurbanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, şəhidin evinin tikilməsi üçün materiallar verilib:
“Şəmsi müəllimi mənzil növbəsinə götürmüşük. Şəhidin özünün Tovuzun Qazıqulu kəndində ikimərtəbəli evi də var. 2025-ci ilə qədər şəhid ailələrinin hamısı mənzillə təmin olunacaq. Şəmsi müəllimin ailəsinə ev öz məhəllələrindən veriləcək. Məsələ bizim diqqətimizdədir”.
Qeyd edək ki, ailənin oğlu, 1985-ci il təvəllüdlü MAXE Elbrus Yusifov Vətən müharibəsi zamanı Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə qəhrəmancasına şəhid olub. O, bundan öncə Tovuz döyüşlərində də iştirak edib, ailəli idi, iki azyaşlı oğlu vətənə yadigar qalıb.
Elbrus Yusifov Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun xalası oğludur.