Manşet

“Biz bu barədə yalnız Apelyasiya Məhkəməsində bilmişik…” – Qubada NARAZILIQ!

Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycan ildən-ilə inkişaf edir, əksər ölkələrin on illər ərzində əldə edə bilmədiyi yüksəlişə nail olur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, son 18 il ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Ölkədə sənaye istehsalı 2,8 dəfə, ixrac 5,1 dəfə, valyuta ehtiyatları 25 dəfə artıb. Ölkəmiz 2006-cı ildə Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə qərarlaşdığı halda 2018-ci ildə 25-ci yerə, 2020-ci ildə isə 20-ci yerə yüksəlib.

Dövlətin maliyyə imkanlarının artması Azərbaycanda qeyr-neft sektorunun inkişafına geniş imkanlar açır. Qeyri-neft sektorunun davamlı inkişafına göstərilən dövlət dəstəyi nəticəsində ölkəmizdə kənd, meşə və balıqçılıq təsərrüfatları, İnformasiya və rabitə, bitkiçilik, heyvandarlıq, tikinti, nəqliyyat, turizm sahələrində geniş miqyaslı uğurlar əldə olunub və bu uğurlar hər il artmaqdadır. Artıq hər bir ailənin məşğulluğa cəlb olunması təmin olunur. Xüsisilə də, ailə biznesinə dövlət dəstəyinin verilməsi əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayır. Əsasən də Ailə Biznesinə Asan Dəstək – “ABAD” Mərkəzinin yaradılması regionlarda, hətta ucqar kəndlərdə ailə biznesinin inkişafına təkan verən başlıca amillərdəndir. Bu baxımdan hər bir fərd torpağı becərməyə, kənd təsərrüfatı məhsulları yetişdirməyə, ailə biznesinin iştirakçısı olmağa çalışır. Halbuki, son illərə qədər insanlar kənd təsərrüfatı təyinatlı torpaq sahibi olmağa və əkin-biçinlə məşğul olmağa maraq göstərmirdi. Ancaq dövlətimizin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı, fermerlərə xüsusi güzəştlərin tətbiq olunması insanların torpaq mülkiyyətçisi olmağa marağını artırıb.

Düzdür, bəzən əkin-biçinə mane olmağa, sahibkar-fermerin əlini işindən-gücündən soyutmağa çalışanlar olur. Belə insanların sayı az olsa da, görünən odur ki, belələri var. Və onlar kiməsə, nəyəsə arxalanıb meydan sulayırlar. Bəzən belə hikkəli, iddialı işbazlar saxta sənədlərdən, qeyri-metodik vasitələrdən istifadə etməklə sahibkar-fermerin mülkiyyətinə sahib olmağa cəhd edirlər. Yəni, yalan düzü silməyə, haqqı tapdalamağa çalışır. Biçarə torpaq mülkiyyətçisi də, hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Onun səsini eşidən də olmur. Çünki, işbaz saxta sənədlər düzəltməklə başqasının torpağını necə ələ keçirirsə, uzun əli və cibinin pulu ilə də yuxarıdakı rəisləri də susdura bilir. Bu halda haqqı pozulan, əmlakı əlindən çıxan sahibkar-fermerlər üz tuturlar KİV-lərə. Ümid edirlər ki, üzləşdikləri haqsızlığı ictimailəşdirməklə haqlarının bərpasına nail olacaqlar. Quba şəhər sakini, sahibkar-fermer, 44 günlük Vətən müharibəsi iştirakçısı Əhmədov Mürsəl Vaqif oğlu da dövlət qurumlarının qapılarını döyüb, nəticə əldə edə bilmədikdən sonra kömək üçün redaksiyamıza müraciət edənlərdəndir.

Vətən müharibəsi iştirakçısı Əhmədov Mürsəl Vaqif oğlu şikayət məktubunda “Məhsul” MMC-nin direktoru nadir Əliyev “Spartak” Peşəkar FK-nın direktoru Elçin Ağayevlə birləşib ailəsinə məxsus 0.55 ha torpaq sahəsini ələ keçirdiklərini qeyd edir: “1995-ci ildən Quba şəhərində yerləşən 0.80 ha torpaq sahəsindən əkin-biçin, eləcə də tərəvəz məhsullarının becərilməsi üçün istifadə etmişik. Daha sonra regionlarda aparılan islahatlar zamanı 2001-cı ildə Quba rayon icra hakimiyyətinin müvafiq qərarı ilə həmin ərazi ailə üzvlərimizin adına rəsmiləşdirib. Qanunamüvafiq olaraq istifadə etdiyimiz həmin ərazinin sənədlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsü təsdiqlənmiş və uyğun olaraq ailə üzvlərinin adına RX seriyalı, 303013003653 nömrəli çıxarış verilib. Bütün bunlara baxmayaraq, Respublika Həmkarları İttifaqları Təşkilatının nəzdində fəaliyyət göstərən “Spartak” Peşəkar Futbol Klubun əli uzun, cibi pullu vəzifə mənsubları mənim mülkiyyətimdə olan 0.55 ha torpaq sahəsini qanunsuz yollar zəbt etməyə çalışmış və buna nail olmuşlar. Belə ki, mənə məxsus torpaq sahəsinin yanında yerlən “Spartak” Peşəkar Futbol Klubuna aid 0.15 ha torpaq sahəsini genişləndirmək üçün bizə müraciət etdilər. Razılaşma əsasən də onlara 0.05 ha torpaq sahəsi sata biləcəyimizi bildirdik. Futbol Klubunun həmtəsisçisi E.Ağayev bizə vəd verdi ki, yaxın günlərdə pulu ödəyəcəklər. E.Ağayev qeyd etdi ki, sizi razı salmaq üçün Respublika Həmkarları İttifaqları Konfedrasiyasının rəhbərliyi də müvafiq (“Spartak” Peşəkar Futbol Klubu Respublika Həmkarları İttifaqları Konfedrasiyasının nəzdində fəaliyyət göstərir – İ.Ə.) tapşırılar verib . Biz onun sözlərinə inandıq. Ancaq Apelyasiya Məhkəməsindən bizə məhkəməyə dəvət gələndə bildik ki, E.Ağayev məharətlə bizi aldadıb”.

Şikayətçi Mürsəl Əhmədov onu da məktubunda yazır ki, torpaq sahəmizi müxtəlif saxta sənədlərlə əlimdən almağa çalışan E.Ağayev və N.Əliyevlə görüşdük və onlara öz etirazımızı bildirdik: “E.Ağayev aşıq şəkildə bizə söylədi ki, bəli, torpağınızı mən zəbt etmişəm, kimə istəyirsən, get şikayət et. Onsuz da bizə heç nə edə bilməyəcəksiniz”.

Hüquqşünas Səməd Vəkilov: “Bəzi hallarda məhkəmələr araşdırmalardan subyektiv maraqları əsas tutaraq qanunsuz qərarlar çıxarırlar”

Şikayətçi qeyd edir ki, E.Ağayev və onu himayə edən müəyyən vəzifəli şəxslər torpaq sahəsinin onlara məxsusluğunu təsdiq edən sənəd olmadığından saxta sənədlər hazırlamaqla Quba rayon məhkəməsinə təqdim ediblər: “Məhkəməyə yer quruluşu planından çıxarış sənədi əvəzinə, bizə məxsus olan texniki pasportun yer quruluşu planından çıxarışı öz sənədləri arasına daxil edərək məhkəməyə təqdim edilib. Məhkəmə isə heç bir araşdırma aparmadan, müvafiq dövlət qurumlarına sorğu göndərmədən və nəhayət ailə üzvlərimizi prosesə dəvət etmədən Elçin Ağayevin xeyrinə qərar çıxarıb. Elçin Ağayev saxta sənədlərlə ailəmizə məxsus şəxsi mülkiyyətimizdə olan torpaq sahəsini məhkəmə vasitəsi ilə ələ keçirib. Biz bu barədə yalnız Apelyasiya Məhkəməsində bilmişik”.

Hüquqşünas Səməd Vəkilov məslə ilə bağlı fikirlərini bizimlə bölüşən zaman bildirdi ki, bəzi hallarda məhkəmələr araşdırmalardan subyektiv maraqlardan çıxış edərək qanunsuz qərarlar çıxarırlar: “Bu cür hallarda təbii ki, yuxarı instansiya məhkəmələri ədalət və hüququn aliliyi prinsipini üstün tutaraq aşağı məhkəmələrin qərarlarını ləğv edərək, daha ədalətli qərarlar qəbul etməlidirlər. Bu halda məhkəməyə etimad yüksəlməklə bərabər ədalətdə öz yerini tapar”.

Daha 13 ailə də Elçin Ağayevin onların torpaq sahələrini zəbt etməsinə qarşı çıxırlar

İkinci Qarabağ müharibəsinin iştirakçısı M.Əhmədov haqqın, ədalətin bərpa olunacağına ümid bəsləyir. Yazır ki, Qubada torpaq sahələrini saxta sənədlərlə ələ keçirib, ayrı-ayrı şəxslərə satışını təşkil edən E.Ağayevi, N.Əliyevi nəhayət durduran olacaq: “Biz artıq hüquqlarımızın müdafiəsi məqsədilə Quba rayon məhkəməsinin əsasız qərarından Ali Məhkəməyə şikayət etmişik. Əminik ki, Apelyasiya Məhkəmə ədalətli qərar çıxaracaq”.

Qeyd edək ki, “Spartak” Peşəkar Futbol Klubunun rəhbəliyi, xüsusilə də klubun həmtəsisçisi E.Ağayev yalnız Əhmədovların torpaq sahəsinə ələ keçirməyə çalışmır, həm də digər sakinlərində torpaqlarını mənimsəməyə böyük maraq göstərir. Bunu Quba şəhərinin 13 ailə başçısının imzası ilə redaksiyamıza daxil olan şikayət məktubu da təsdiqləyir. Həmid Yarməmmədovun, Rəna Əhmədovun, Orxan Vəliyevin və digər ailə başçılarının imzaladıqları şikayət məktubunda E.Ağayevin və N.Əliyevin özbaşnalıqlarından insanların əziyyətlər çəkdiklərini qeyd edirlər: “ Diqqətinizə çatdırırıq ki. Elçin Ağayevin Quba və qubalılara heç bir aidiyyətı yoxdur. Quba şəhərində torpaq sahələrinin baha olduğunu anlayaraq qubalıları öz yurdlarından etməyə çalışır. O əhalinin haqlı narazılığına baxmayaraq saxta əməllərindən geri durmur”.

Şikayətçilər narazı qaldıqları 4 məqamı vurğulayırlar:

1. “Spartak” Peşəkar Futbol Klubu idman təyinatlı sahədir. Necə oldur ki, bu şəxslər stadionun həyətini fərdi yaşayış evi tikmək üçün satışa çıxarırlar?

2. Hansı əsasla dövlətin bizə ayırdığı və çıxarışla təsdiqlənən torpaq sahəsini klub rəhbərliyi ləğv etməyə çalışır?

3. Məhkəməyə təqdim olunan texniki pasportun saxta olduğuna dair əlimizdə tutarlı faktlar olduğu halda, necə olur ki, özlərinə çıxarış alırlar?

4. Quba idmançılarının məşq etməyə yerləri olmadığı halda, bu şəxslər torpaq sahəsini necə satışa çıxarırlar?

Quba şəhərinin 13 mülkiyyətçisi qanunun aliliyinə inandıqlarını və şəxsi mülkiyətlərində olan torpaq sahəsinin kənardan rayona gələn E.Ağayev və N.Əliyev kimiləri tərəfində mənimsənilməsinə imkan verilməyəcəyinə əminliklərini ifadə edirlər. Bizdə ümid edirik. Amma bir sualda təəccüb doğurur, uzun müddətdir ki, “Spartak” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə yerli əhali arasında çəkişmələr yaşanır. Quba şəhər bələdiyyəsi və ya rayon icra hakimiyyəti susur. Ya onlar hələdə nə baş verdiyini anlamırlar, ya da “susmaq qızıldır” məsəlinə uyğun olaraq baş verənlərə seyriçi qalmağa üstünlük verirlər. Hər halda gərginliyin yaranması heç kimə xeyr gətirə bilməz. Bunu Quba rayon icra hakimiyyəti də bilməmiş deyil.

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. //SİA.AZ//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir