Dünyanın ən böyük problemlərindən biri, cəmiyyətin ciddi bəlası, millətin ən böyük təhlükə mənbəyi olan narkomaniyaya meyil əfsuslar olsun ki, günü-gündən artmaqdadır. Daha bir təəssüfləndirici hal isə bu bəlanın ən çox yeniyetmə və gənclər arasında yayılmasıdır. Ona görə ki, onlar daha emosional, daha çılğındırlar və istəklərini həyata keçirməkdən ötrü hər hansı yola olursa olsun, hətta ən gözlənilməz yollara belə əl atırlar. Bu da birbaşa könüllü olaraq onları narkotika alverçilərinin daimi müştərisi edir. Təbii ki, bu cür həblər ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Lakin sonra onlar buna aludə olurlar və pulla almaq məcburiyyətində qalırlar. Hələ tam təhsilini alıb başa vurmayan, heç bir işi olmayan yeniyetmə və ya gənc pul tapa bilmədikdə bu həbi hardan ala bilər, həm də ondan asılı vəziyyətdə ikən deməli bu insan məcburdur gedib kiminsə evindən soyğunçuluq etsin, kiminsə çantasından pul oğurlasın, bir sözlə hər cür cinayətə əl atsın. Bütün bunlar bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradır, digər tərəfdən isə gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu çox böyük təhlükə altına alır. Diqqət yetirsək görərik ki, ilk dəfə narkotik maddə istifadə etməyə başlayanların əksəriyyəti depressiyadan çıxmaq üçün bu yola əl atır. Lakin onlar bilmirlər ki, depressiyadan da pis hallara düşəcəklər, sağlamlıqları, bütün hissiyyat orqanları bir sözlə canları məhv olacaq. Həmçinin narkomaniyaya aludə olanlar bilməlidirlər ki, onlar təkcə özlərini deyil, ailələrini, bütöv nəsli məhv edirlər. Onlar bilməlidirlər ki, narkomaniyaya qurşananda onların QİÇS-ə yoluxma ehtimalı artır. Onların sabah dünyaya gətirdikləri uşaqlar da xəstə olurlar. Dünyaya uşaq gətirmək demişkən son zamanlar gənc qızların, qadınların narkotik aludəçisi olduğunun, hətta ana və atanın azyaşlı qız övladlarının gözü qarşısında narkotik maddə qəbul etməsi xəbərlərini də eşidərək dəhşətə gəlirik. Özü də uşağa tərbiyə verən, onun cəmiyyətdə layiqli bir fərd olaraq yetişməsində ən vacib rolu oynayan valideynlər olduğu halda bu xəstəliyin onları belə özündən asılı vəziyyətə salması heç şübhəsiz ki, azyaşlı bir qız uşağını da tez məhv edər. Yeniyetmə və gənclərin yaxın sonu olan narkomaniyadan onları uzaq tutmaq lazımdır. Buna görə də çox geniş təbliğata ehtiyac var. Biz narkomaniyaya qarşı çox güclü mübarizə hətta, müharibə aparmalıyıq. Çünki yeniyetmə və gənclər sadəcə, peşəkarlıqla qurulan tələlərin qurbanlarına çevrilirlər. Biz əvvəlcədən gənclərə narkomafiyaların narkodilerlər vasitəsilə onları necə tora saldıqlarını öyrətməliyik ki, bütün gənclər öncədən bu haqda daha geniş məlumatlı olsunlar. Ona görə ki, artıq tora düşəndən sonra onlara “Narkomaniya pisdir!”, “ziyandır” “olmaz” bu kimi sözləri deməyin heç bir mənası yoxdur. Dünyada buna xroniki xəstəlik deyirlər və bunu müalicə etmək o qədər də asan deyil. Və bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da narkomaniya cavanlaşır. Narkomaniya hətta bizim universitetlərimizə, məktəblərimizə daxil olur. Çünki Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, habelə sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu, onunla izah oluna bilər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Xüsusilə təəssüfləndirici haldır ki, bu gün hər kəs bu bəlanın dərinliyini hiss etmir. Çox təəssüf ki, narkomaniyanın qarşısını almaq deyəndə daha çox gənclərlə işləmək nəzərdə tutulur. Lakin bizim ən böyük işimiz ailələrlə olmalıdır. Çünki problemlərin mənbəyi ailədir. Ailədə valideynlər ilk növbədə özlərini daha sonra isə övladlarını bu cür mənfi xəstəliklərə aludə olmaqdan qorumalıdır. Həmçinin valideynlər daim övladlarını diqqət mərkəzində saxlamalı, onların atdığı hər addımı bilməli və nələrə nail olmaq istəkləri ilə yaxından maraqlanmalıdırlar. Ümumiyyətlə bütün valideynlər övladlarını elə böyütməlidirlər ki, uşaqlar öz çevrələrində olan insanları da düzgün seçə bilsinlər. Doğrudur deyirlər insanın özündən çox şey asılıdır, amma bu söz bəzən ətarfındakılardan da çox şey asılıdır olaraq deyilir. Ataların belə bir məsəli var: “Dostunu göstər, sənin kim olduğunu deyim”. Buna görə insan ətrafındakılara da xüsusi diqqət yetirməlidir. Onu da qeyd etmək lazımdır ki, insanlar güclü iradəyə sahib olsalar, zəif insanlar nəinki onları tora salmağı heç onlarla ünsiyyət belə qurmağı bacara bilməzlər. Odur ki, möhkəm iradə sahibi olmaq, həyatda nə istədiyini bilmək və ən əsası Uca Allahın bizə verdikləri ilə sağlam yaşamağı bacarmaq lazımdır. Və buna görə də Allahın bizlərə verdiyi ən gözəl nemətləri bu cür ağ ölüm və bunun kimi digər çirkinliklərlə məhv etməmək lazımdır. Çünki Allahdan bizə nə çatırsa, hamısı xeyir və sevgidir.
Cavadzadə Seyid Sürayə