Manşet

Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü…

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Topçu briqadasının baş həkimi Zelenskinin ona verdiyi “sizin bu cür istedadınız olduğu halda, niyə akademiya təhsili almadınız…” sualına “təsadüf belə gətirdi” deyə cavab vermişdi. Bəli, o, akademiya təhsili görməmişdi, amma fitri istedadı, dürüstlüyü və nizam-intizamı sayəsində podporuçik rütbəsindən general-leytenant rütbəsinə qədər yüksəlməyi bacarmışdı.

Söhbət nəzəri və təcrübi cəhətdən rus artilleriyasının inkişafında və dünyada tanıdılmasında danılmaz xidmətlərinə görə “artilleriyanın Allahı” adını almış topçu generalı Əliağa Şıxlinskidən gedir.

Əliağa Şıxlinski, 1863-cü il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində kiçik mülkədar İsmayıl ağa Şıxlinskinin ailəsində doğulmuşdu. O, kökü 16-cı əsrdən başlayan bir nəslin nümayəndəsi idi. Ulu babası Ağdolaq Məhəmməd ağa Qazax qəzasına böyük ehtimallara görə, Türküstanın cənub torpaqlarından köçüb gəlmişdi. Onun iki oğlu var idi: Şıxı və Əli Qazaq. Əliağa Əli Qazağın nəslindən idi.

1801-ci ildə Qazax sultanlığı Gürcü çarlığının tərkibində Rusiya təbəəliyinə keçdi. Bu hadisədən sonra yerli camaat arasında rus sonluqlu soyadlarını qəbul etmək meyli getdikcə artmağa başladı. Ağdolaq Məhəmməd ağanın nəslinin hər iki qolu Şıxlinski soyadında birləşdi.

Əliağa ailədə 11 uşağın ən kiçiyi idi. Atası onun qərb üsullu hərbi məktəbdə təhsil almasını istəyirdi. Bu məqsədlə onu 1875-ci ildə Tiflisə, həyat yoldaşı Şahyəmən xanımın əmisi oğlu Qaibzadə (Qaibov) Mirzə Hüseyn Əfəndinin (1883-1917-ci illərdə Qafqaz müftisi olub) yanına göndərdi. Mirzə Hüseyn Əfəndi çox ziyalı və dindar bir şəxs idi. O, kiçik Əliağanı həm himayə edir, həm də təlim-tərbiyəsi ilə yaxından məşğul olurdu.

Əliağa Şıxlinski hələ kiçik yaşlarından bədəncə iri, sağlam, güclü olmaqla yanaşı, çevik və diribaş idi. Məhz, bu şəxsi keyfiyyətlərinə görə o, Tiflisdə 1876-cı ildə xüsusi gimnaziyanı, 1883-cü ildə isə hərbi gimnaziyanı böyük müvəffəqiyyətlə bitirərək, ölkənin bütün kadet korpuslarından seçilmiş ən yaxşı tələbələrin toplandığı Mixailovski Topçu Peşə Məktəbinə daxil olur. Burada ona professor Lev Kirpiçev, professor Aksel Qadolin, general Nikolay Mayevski, general Adrian Usov kimi ölkənin artilleriya üzrə görkəmli mütəxəssisləri dərs deyir. Müəllimləri tərəfindən sevilən və rəğbətlə qarşılanan Ə.Şıxlinski dərslərindən əlavə olaraq, biliyini artırmaq üçün digər təhsil ocaqlarında keçirilən mühazirələrə də qatılır, daim öz üzərində çalışırdı. Paytaxt mühiti onun püxtələşməsinə çox müsbət təsir etmişdi.

1886-cı ildə o, bu məktəbdən məzun oldu. Məktəbi müvəffəqiyyətlə bitirdiyinə və tələbələr arasında at yarışında birincilik əldə etdiyinə görə nağd pul və qızıl saat ilə mükafatlandırılaraq, 39-cu topçu briqadasına podporuçik təyin olundu.

Hərbi fəaliyyəti dövründə özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim kimi göstərmiş Əliağa Şıxlinski bir çox başqa məziyyətlərinə görə də zabit və əsgərlər arasında daim böyük hörmətlə qarşılanırdı. Qumar və içkini əsla sevməz, yarışlarda hansı atın birincilik qazanacağını demək olar ki, səhvsiz müəyyən etməsinə baxmayaraq, heç vaxt heç kəslə mərc tutmaz və totalizatora pul qoymazdı. Milli və dini ayrı-seçkiliyi sevməyən Şıxlinski yüksək rütbəli rus zabitləri tərəfindən sıxışdırılan inanclı (rus olsa belə) və qeyri-rus mənşəli əsgərləri dəfələrlə müdafiə etmişdi.

O, səyahət etməyi çox xoşlayırdı. Ən böyük arzusu dünya səyahətini gerçəkləşdirmək idi. Ancaq belə bir səyahətə çıxmaq üçün çoxlu pul lazım idi. Çar Rusiyası dövründə hərbi xidmət zamanı bir yerdən başqa yerə köçürülən zabitlərə yüksək kompensasiya ödənilirdi. Təbii ki, bu pulla dünyanı rahat gəzmək olardı. Şıxlinski arzusuna çatmaq üçün xidməti yerini Sibirin şərqinə dəyişdirilməsi haqqında komandanlığa yazılı müraciət edir. Onu öz xahişi ilə əlahiddə Zabaykalye topçu diviziyasına yarımbatareya komandiri təyin edirlər. Lakin səyahət ilə bağlı qurduğu planlar gözlənilmədən yarımçıq qalır. Buna səbəb Çində başlamış olan İxetuan üsyanı idi. Verilən əmrə görə, Şərqi Sibirə təyin edilən bütün zabitlər iki ay ərzində öz yeni xidməti yerlərində olmalı idilər.

1901-ci il idi. Mart ayı olmasına baxmayaraq, Mancuriyada (Çinin tarixi əyaləti) qış sərt keçirdi. Kapitan Şıxlinski əynində ağır qış paltarı, zorba atın belində üstü buz bağlamış Lyaoxe çayının üzərindən keçirilən toplara və mərmi daşıyan arabalara nəzarət edirdi. Çox böyük zəhmətlər sayəsində verilən tapşırıq müvəffəqiyyətlə həyat keçirilir.  Bu hərbi kampaniya dövründə Əliağa Şıxlinski yüksək komandirlik bacarığı nümayiş etdirir. O, rəhbərlik etdiyi hərbi hissənin nizam-intizam və təchizat məsələlərinə olduqca ciddi yanaşırdı. Tabeliyində olan əsgərlərinə təmiz undan çörək bişirilməsi və diviziyanın döyüş atlarına keyfiyyətli yem verilməsi üçün korpus intendantı (təsərrüfat-təchizat idarəsi) ilə belə mübahisə etməkdən çəkinmirdi.

Bir dəfə o zabiti olduğu topçu diviziyasının atlarına keyfiyyətsiz yulaf buraxıldığına görə korpus intendantına raport yazır. Diviziya komandiri ona raportunu geri götürməyə çağırır və intendantla mübahisənin onun üçün yaxşı qurtarmayacağını bildirir. Ancaq Ə.Şıxlinski prinsipiallıq göstərərək, bu işin araşdırılması üçün komissiyanın yaradılmasına nail olur. Komissiyanın apardığı yoxlamalar nəticəsində məlum olur ki, kapitan Şıxlinski etdiyi şikayətində haqlıymış və bunun dərhal düzəldilməsi əmr olunur. Əliağa Şıxlinski Çində hərbi kampaniya dövründə göstərdiyi xidmətlərinə görə II dərəcəli “Qılınclı Stanislav” ordeni ilə təltif olunur.

1904-cü ilin yanvar ayının 26-da gecə yaponlar Port-Artur qalasına qəflətən hücum edərək, limanda durmaqda olan rus eskadronunun bir neçə zirehli gəmisini partladaraq batırdılar. Bu səbəblə, fevral ayında rus-yapon müharibəsi başladı. Döyüşlərdə əsasən artilleriya və dəniz qüvvələrindən istifadə olunurdu. Rusiya üçün əhəmiyyətli olan buqalanın sonunda yaponlara təslim edilməsinə baxmayaraq, onun müdafiəsi zamanı rus topçuları çox böyük qəhrəmanlıq sərgiləmişdilər. Heç şübhəsiz ki, bu haqda danışan zaman kapitan Şıxlinskinin göstərdiyi yüksək döyüş bacarığını və fədakarlığını unutmamaq lazımdır. O, döyüşlər zamanı yapon hərbi birliklərinin hücumlarının qarşısının alınmasında xüsusi igidlik göstərmişdi. Hətta komandirlik etdiyi yarımbatareyanın nişançıları həlak olduqda belə soyuqqanlılığını itirməyərək, qeyri-adi cəsarətlə özü toplardan düşmən mövqelərinə zərbə endirərək, susmağa məcbur etmişdi. Döyüşlərdə göstərdiyi şücaətinə görə, Ə.Şıxlinski imperator II Nikolay tərəfindən IV dərəcəli “Müzəffər Georgi” ordeni, podpolkovnik rütbəsi və digər mükafatlarla təltif olunmuşdu.

Topçuluq sahəsində baş verən yenilikləri daim izləyən podpolkovnik Şıxlinski 1906-cı ildə Artilleriya Zabitləri Məktəbində altıaylıq kursuəla qiymətlərlə bitirərək, həmin məktəbdə pedaqoji fəaliyyətə başladı. Əliağa Şıxlinski həmin il hərb elmi sahəsində mühüm bir yenilik edərək, gözlə görünməyən hədəfi nişanalma nəzəriyyəsini – “Şıxlinski üçbucağı”nı kəşf etdi. Bu nəzəriyyə top atəşi zamanı hədəf göstərmənin rasional üsulu idi. “Şıxlinski üçbucağı” nəzəriyyəsi məktəb rəisinin əmri ilə dərsliyə daxil edilmişdi. Nəzəriyyə nəinki Rusiya, hətta Fransa və Avstriya ordularında da tətbiq olunmuşdu.

Əliağa Şıxlinski hərb peşəsi üçün yaranmış bir insan idi. O, fəaliyyəti dövründə böyük nailiyyətlərə imza ataraq, on illik xidməti borcunu üç il ərzində yerinə yetirmişdi. Təbii ki, bu fakt dövlətin nəzərindən kənar qalmadı, onu 1908-ci ildə polkovnik rütbəsi ilə, bir il sonra isə III dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif etdilər. Belə bir mükafatla adətən, müharibə dövründə polka uzun müddə komandanlıq etmiş polkovniklər təltif edilirdi. Bu barədə istər yuxarı dairələrdə, istərsə də orduda çox nadir bir hadisə olaraq danışılırdı.


1909-cu ilin payızında Əliağa Şıxlinskinin şəxsi həyatında çox mühüm dəyişiklik baş verdi. O, 46 yaşında ikən qohumu və Tiflisdə təhsil aldığı zaman ona himayədarlıq etmiş, Qafqaz müftisi Qaibzadə (Qaibov) Mirzə Hüseyn Əfəndinin qızı Nigar xanımla ailə həyatı qurdu. Ali təhsilli Nigar xanım Azərbaycanın ilk şəfqət bacısı idi. O, müsəlman gürcü (acar) əsilzadə nəslinə mənsub olan əri Dərviş bəy Palavandişvilinin (Palavandov) ölümündən sonra dul qalmışdı. Nigar xanım birinci dünya müharibəsi illərində Çarskoe Seloda “Qırmızı Xaç” cəmiyyətinin nəzdində Artilleriya Zabitləri Məktəbinin qadın komitəsinin xəstəxanasının sədri olaraq fəaliyyət göstərmişdi. Əliağa Şıxlinski öz xatirələrində onun haqqında belə yazırdı: “Bu dəyişiklik  mənim həyatımı işıqlı bir yola – parlaq səadət yoluna aparmışdı. Birgə keçirdiyimiz iyirmi iki illik həyatımızın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. Fitrətən, çox gözəl, incə və mülayim bir xasiyyətə malik olan Nigar xanım ailə səadəti üçün yaradılmış bir qadın idi…”.

Lakin qəfil ölüm onları ayırdı. 1931-ci il avqustun 15-də Nigar xanım Şıxlinskaya ömrünün 53-cü baharında gözlərini əbədi yumdu…  Bu kədərli hadisə qoca generala ağır bir zərbə oldu. O: “Mənim hər şeyim – səadətim də, səhhətim də onunla getdi…” deyirdi.

Əliağa Şıxlinski özünü dərs dediyi məktəbdə qabaqcıl nəzəriyyələrini təcrübədə sübuta yetirməyi bacaran yenilikçi bir zabit kimi tanıtmışdı. 1913-cü ildə o, məktəbin rəisinin etirazına baxmayaraq, rəis müavinitəyin edilir. Bu təyinat orduda Şıxlinskiyə rəğbətlə yanaşanlar arasındarus artilleriyasının qələbəsi kimi qəbul edildi. Həmin il Fransanın hərb xadimi, marşal Jozef Joffrenin başçılığı ilə on yeddi nəfərlik zabit heyəti Rusiyaya gəlir. Məqsəd müttəfiq rus ordusunun hərbi hazırlıq səviyyəsi ilə tanışlıq idi. Qonaq hərbi heyət bütün bir günlərini Artilleriya Zabitləri Məktəbinin işi ilə tanışlığa ayırdılar. Rus artilleriyasında baş verən yeniliklərlə, o cümlədən, Şıxlinskinin ixtiraları ilə yaxından tanışlıq onları heyran etdi. Bir il sonra rus-fransız ittifaqını gücləndirmək məqsədilə Rusiyaya ikinci rəsmi səfərini edən Fransa prezidenti Raymon Ponkar rus topçularını fransız hərbi heyətinə göstərdikləri diqqətə müqabil mükafatlandırdı. Bu mükafatlar arasında iki ədəd “Fəxri Legion” ordeni də gətirilmişdi. Həmin ordenlərdən biri süvari generalı V.M.Bezobrazova, ikincisi isə polkovnik Əliağa Şıxlinskiyə təqdim olunmuşdu.

Əliağa Şıxlinski Birinci Dünya Müharibəsi illərində əsasən, ağır döyüşlər zamanı müdafiənin topçu birlikləri tərəfindən dəstəklənməsi işinin təşkili ilə yadda qalmışdı. Paytaxt Petroqradın müdafiəsində, eləcə də şimal-qərb cəbhəsində (Belorussiya-Polşa istiqamətində) almanlara qarşı gedən döyüşlərdə o, özünün nəzəri biliklərini hərbi təcrübəsilə yenidən əlaqələndirərək, toplardan çəpərləmə atəş texnikasını kəşf etdi və bu üsulun təlimatını hazırladı. Heç vaxt heç bir siyasi oyunlara qarışmayan, özünü sırf hərbçi ampluasında görən Əliağa Şıxlinski 1917-ci ilin fevralında imperiyada baş verən ciddi siyasi hakimiyyət dəyişikliyindən sonra da orduda qalaraq, öz xidməti fəaliyyətini davam etdirdi. Həmin ilin aprelində Şıxlinski general-leytenant rütbəsinə layiq görüldü.

1917-ci ilin payızında imperiyada siyasi böhran kəskinləşdi və bu bolşeviklərin siyasi hakimiyyəti silahlı çevriliş yolu ilə ələ alması ilə nəticələndi. Artıq Rusiya imperiya sərhədləri daxilində ciddi hərbi-siyasi qarşıdurmanın – vətəndaş müharibəsinin astanasında idi. General Əliağa Şıxlinski bu çətin dövrdə öz xalqının yanında olmağı daha məqsədəuyğun hesab edərək, noyabrda Qafqazın mərkəzi Tiflisə gəldi. Ancaq Petroqradda və eləcə də bir çox böyük şəhərlərdə baş verən siyasi proseslər artıq Qafqaza sirayət etmişdi. Bölgədə fəaliyyət göstərən milli siyasi təşkilatlar birləşərək əvvəlcə Zaqafqaziya Komissarlığının, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığını elan etdilər. Amma çox keçmədi ki, etnik siyasi tərəflər heç bir razılığa gələ bilmədi, ittifaq təmin olunmadı və federasiyanın mövcudluğuna son verildi. Belə olan təqdirdə,1918-ci ilin may ayının 28-də Müvəqqəti Milli Şura Azərbaycanın dövlət müstəqilliyini elan etdi.

1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi. Azərbaycanın Şərq hissəsi (Bakı və Bakı quberniyası) Bakı Kommunasının, mərkəzi hissəsi (Gəncə və Gəncə quberniyası) Azərbaycan Cümhuriyyəti hökümətinin hakimiyyəti altında idi. Azərbaycanın digər bir hissəsi olan Qərb torpaqlarında (İrəvan və İrəvan quberniyasında) isə Ermənistan Respublikası yaradıldı. Cümhuriyyət hökuməti Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərini ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu.

Vəziyyət olduqca mürəkkəb idi. Hələ 1917-ci ildə baş verən oktyabr hadisələrindən sonra bölgədə siyasi proseslərin federativləşməyə doğru getməsinə baxmayaraq, milli-dini zəmində çıxacaq hər hansı bir münaqişə zamanı müsəlman türk (azərbaycanlı) əhalisinin təhlükəsizliyini təmin edəcək milli silahlı birləşmələr demək olar ki, yox vəziyyətində idi. Federasiya dövründə azərbaycanlılara öncə öz qoşun hissələrini təşkil etməyə razılıq verilməsədə, sonradan 19 dekabr 1917-ci il tarixli, 155 nömrəli əmrlə müsəlman korpusunun yardılmasına icazə verildi. Korpusun təşkili işi general Əliağa Şıxlinskiyə həvalə olundu.

General tərəfindən Tiflisdə baş qərargahı yaradılmış korpusa hərbi xidmətə çağırışda, təlimdə və maddi-texniki təchizatda çox böyük çatışmazlıqlar və əngəllər vardı. Ancaq bu sıxıntılara baxmayaraq, ilkin olaraq bir bölüyün yaradılmasına nail olunmuşdu.

1918-ci ilin iyun ayının 4-də Azərbaycan Cümhuriyyəti və Osmanlı Ali Dövləti arasında Batumda imzalanmış sülh və dostluq haqqında müqaviləyə əsasən,  hərb naziri Ənvər Paşanın göstərişi ilə iki türk piyada diviziyası Gəncəyə gəldi. Bu mühüm hadisədən sonra Azərbaycanda ordu quruculuğu işi sürətləndi. Tezliklə, Ənvər Paşanın kiçik qardaşı Nuri Paşanın komandanlığında Qafqaz İslam Ordusu yaradıldı. Gəncə istiqamətində irəliləməyə çalışan Bakı Kommunasının silahlı birləşmələri Göyçay civarında durduruldu. Nuri Paşanın general Şıxlinski ilə hazırladıqları plan əsasında üç ay ərzində bolşevik-daşnak qoşunları geri oturduldu və sentyabrın 15-də Bakı şəhəri Sentrokaspi Diktaturasından (Bakı Kommunasını devirən ingilis dəstəkli qurum) azad edildi. Cümhuriyyətin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Cümhuriyyətdə başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuri Paşa və türk hərbi kontingenti Azərbaycanı tərk etdikdən sonrada böyük vüsətlə davam etdirildi. Bu işdə Qafqaz İslam Ordusunda xidmət etmiş azərbaycanlı zabit və əsgərlər əsas kadr bazası hesab olunurdu. Onların hərbi nizam-intizama yiyələnmələrində türk zabitlərinin çox böyük əməyi vardı. Heç şübhəsiz ki, general Əliağa Şıxlinski özü də türk hərbi mütəxəssislərinin gördüyü işləri yüksək qiymətləndirirdi:
“1918-ci ilin noyabrında türklər Qafqazdan getdikləri zaman onlardan hərbi nizam-intizam öyrənmiş azərbaycanlı əsgərlər yeni yaradılan ordu üçün əsas kadr mənbəyi olaraq görülürdü. Əgər bu kadrlar olmasaydı, ordu çox böyük çətinliklərlə üzləşə bilərdi”.

General Əliağa Şıxlinski 1918-ci ilin dekabr ayının 13-də Azərbaycan ordusunun yeni layihəsi ilə çıxış etdi. Layihəyə əsasən, ordu 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir hərbi texnika ilə təchiz edilmiş diviziyalardən ibarət olmalı və ən vacib bölgələrdə yerləşdirilməli idi. Əlavə olaraq, hərb naziri təyinatında peşəkarlığın və təcrübənin nəzərə alınması hökümətə tövsiyə olunurdu. Cümhuriyyət höküməti generalın tövsiyəsini diqqətə alaraq dekabr ayının 26-da general Səmədbəy Mehmandarovu nazir, 29-da isə general Əliağa Şıxlinskini nazir müavini təyin etdi.

Ancaq Azərbaycan Cümhuriyyəti hökümətinin 23 ay ərzində apardığı uğurlu dövlət quruculuğu işləri yarımçıq qaldı.

Belə ki, 1920-ci ilin mart ayında Denikin ordusunu məğlub edən sovetlər Azərbaycanın şimal sərhədlərinə çatmışdılar. Şimaldan gözlənilən bolşevik müdaxiləsi labüd idi. Sovet Rusiyası tərəfindən Azərbaycan Cümhuriyyətini daha rahat işğalı üçün bolşeviklərlə razılığa gələn daşnaklar Novruz bayramı günlərində Qarabağda Azərbaycan hərbi hissələrinə qəflətən hücumlar təşkil etdilər. Azərbaycan hökümətibu hücumların qarşısını almaq üçün bölgəyə əlavə hərbi qüvvələr göndərdi. Bunu fürsət bilən Sovet Rusiyanın 72 minlik 11-ci qızıl ordusu “III Beynəlmiləl” adlı zirehli qatarı ilə Samur çayını keçərək Bakı istiqamətində irəlilədi. Azərbaycan ordusunun yoluboyu yerləşdirilmiş azsaylı hissələri onlara müqavimət göstərsə də, bu, heç nəyi yaxşılığa dəyişmədi. Bunu görən hərb naziri əvəzi general Əliağa Şıxlinski daha çox qan tökülməməsi üçün qoşunlara sovetlərə müqavimət göstərməmək əmri verdi.

Sovetlər Azərbaycan Cümhuriyyətini tam işğal edəndən sonra 11-ci qızıl ordunun xüsusi şöbəsi milli ordunun Bakıda olan bütün zabitlərini o cümlədən hərb naziri Səmədbəy Mehmandarovu və müavini Əliağa Şıxlinskini həbs etdilər. Bir müddət Bakıda və Moskvada həbsdə qaldıqdan sonra Nəriman Nərimanovun köməkliyi ilə 1920-ci ilin noyabrında həbsdən azad edildilər.

General Əliağa Şıxlinski sovet dövründə Moskva, Petroqrad və Bakı hərbi məktəblərində artilleriya üzrə mühazirələr deməklə yanaşı, Azərbaycan komanda heyəti məktəbinin rəis müavini və hərbi tərcümə kollegiyasının baş redaktoru vəzifələrində çalışdı. Azərbaycanda ilk hərbi lüğətin yaradıcısı olmuş general tərtib etdiyi “Rusca-türkcə qısa hərbi lüğəti”ni 1926-cı ildə Bakıda üç əlifbada – kiril, ərəb və latın əlifbası ilə nəşr etdirmişdi. Bu əvəzsiz xidmətinə görə general Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 23 fevral 1928-ci il tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdu.

1942-ci il idi. Xəstə, yorğun və qoca general ömrünün son günlərini Bakının Cəfər Cabbarlı küçəsində yerləşən 14 nömrəli evində keçirirdi. Görmə və eşitmə qabiliyyətini xeyli itirmiş qocaman Şıxlinski uzun müddət idi ki, təqaüdə çıxmışdı. Artıq qırx altı illik möhtəşəm hərbçi həyatı, eləcə də çılğın uşaqlıq çağları və mərhum ömür-gün yoldaşı Nigar xanım ilə keçən gözəl günlər bir xatirəyə çevrilmişdi. Bu xatirələri ona böyük rəğbətlə yanaşan SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini, filosof Heydər Hüseynov ilə də bölüşürdü. Bir gün görkəmli alim qocaman generala yaşadıqlarını xatirata çevirməsini istədi. Xatirat yazmağı xoşlamayan ancaq bunu Elmlər Akademiyası kimi yüksək bir elmi müəssisənin tapşırığı olaraq qəbul edən general öz tərcümeyi-halını diktə edərək, yazdırdı.

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən Azərbaycan və rus dillərində 1944-cü ilin mayında çapdan çıxan “Xatirələrim” hərbi memuarı bir çox tədqiqatçılar o cümlədən, hərb elmləri doktoru, professor Y.Z.Barsukov və tarix elmləri doktoru, professoru A.L.Sidorov tərəfindən sanballı əsər olaraq yüksək qiymətləndirilmişdi.

General Əliağa Şıxlinski 18 avqust 1943-cü il tarixində ürək çatışmazlığından xəstəxanada vəfat etdi. O, görkəmli sərkərdələrə layiq bir şərafətlə son mənzilə yola salındı.

Azərbaycan Cümhuriyyətinin Silahlı Qüvvələrinin yaradılmasında danılmaz xidmətləri olmuş hərbi xadim, artilleriya generalı Əliağa Şıxlinskinin fəaliyyətinin böyük bir hissəsinin rus artilleriyasının inkişafına həsr edilməsinə baxmayaraq unutmamalıyıq ki, o bir Azərbaycan oğlu idi. Vətən onun düşünən və döyüşən oğullarının çiynində ucalır. Əliağa Şıxlinski bu adı uca tutan şərəfli bir general ömrü yaşamışdı…

Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 514 nömrəli fondun sənədlərindən istifadə olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir