Manşet

“Akkord” Şirkətlər Qrupunun işçiləri Prezidentə şikayət etdi… – MÜRACİƏT

Akkord” Şirkətlər Qrupunun işçiləri Prezident İlham Əliyevə şikayət ediblər. Onlar Moderator.az-a ünvanladıqları şikayət məktubunda aylardır əmək haqlarını ala bilmədiklərini və şirkət rəhbərinin isə onlarla maraqlanmadığını bildiriblər.

Müraciətdə deyilir:

Hörmətli Cənab Prezident!

Sizə bildirmək istəyirik ki, biz bir neçə ildir ki, “Akkord” Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə işləyirik. Biz əmək haqqımızı tələb etmək üçün iyulun 23-də və bu gün avqustun 3-də “Akkord” plazada rəhbərliklə görüşmək istəsək də mühafizə xidmətindən başqa bizi qarşılayıb, problemimizlə maraqlanan olmadı. Sonda bizimlə Nərimanov rayon Polis Şöbəsinin rəis müavini görüşüb məsələyə baxılacağını bildirdi. Bir sözlə, şirkət rəhbərinin davranışından belə çıxır ki, “burda mənəm, Bağdadda da kor xəlifə” kimə istəyirsiniz, gedin şikayət edin. Biz şirkətin binasında sözümüzü deməyə bir adam da tapmırıq. 2019-cu ildən indiyə kimi biz şirkətdən maaş və məzuniyyət pulumuzu ala bilmirik. Kimə də zəng vurursan utanmaz-utanmaz cavabında deyir ki, maaş verməyə pulumuz yoxdur. Getsinlər o pulu yeyən adamlardan bunu soruşsunlar. Biz qara fəhləyik, 140 dərəcə asfaltın istisində işləmişik, amma deyirlər ki, pulumuz yoxdur. Heç bir səbəb göstərmədən bizim iş müqaviləmizə xitam verilib.

Bizim özümüzün də banklara kredit borcumuz var. Biz “Akkord”un Şəmkir, Qazax, Özbəkistan, Qazaxıstan və Gürcüstan layihələrində çalışmışıq. İş yoldaşlarımızın bir çoxu əmək haqlarını ala bilmədikləri üçün ölkəyə qayıda bilmirlər. İşçilərimizdən qəzaya düşənləri var və heç səhhətləri ilə maraqlanan yoxdur. Əksinə bizi şərləyib, böhtan atırlar, məhkəməyə verib hədələyirlər.

Hörmətli Cənab Prezident!

Bu gün bir vətəndaş kimi sizin rəhbərliyiniz altında ordumuzun Qarabağ torpaqlarını işğaldan azad etməsinə ürəkdən sevinir və sizə buna görə təşəkkürümüzü bildiririk. Vətən torpağımızın hər bir qarışı bizim üçün əzizdir. Amma çox təəssüflər olsun ki, bu cür şirkət rəhbərləri bizi dövlətimizdən narazı salmaq üçün əlindən gələni edir. Axı belə olmaz. Sizdən xahişimiz odur ki, əmək haqlarımızın verilməsi üçün “Akkord” Şirkətlər Qrupunun rəhbərliyinə öz ciddi tapşırıqlarınızı verəsiniz”.

Müraciət edən vətəndaşların bir qrupunun adlarını təqdim edirik:

Cavadov Fəxrəddin-14000 (on dörd min manat)
Əlihüseynov Oqtay-15000 (on beş min manat)
Musayev Ülvi-10000 (on min manat)
Bəylərov Şamo-180000 (on səkkiz min)
Bəylərov Məmiş-5500 (beş min beş yüz)
Bayramov Yasin-11000 (on bir min manat)
Şükürov Xoşbəxt-8000 (səkkiz min manat)
Yaqubov Rəşid-4000 (dörd min manat)
İsmayılov Eldəniz-2500 (iki min beş yüz manat)
Mustafayev Nazir-10000 (on min manat)
Əhmədov Rəşid-10000 (on min manat)
İbadov Orxan-19000 (on doqquz min manat)
Səlimov Emil-22000 (iyirmi iki min manat)
Məmmədov Telman-10000 (on min manat)
Çənkərov İlqar-50000 (əlli min manat)
Kərimov Ramil-23000 (iyirmi üç min manat)
Məcidov Pərviz-11700 (on bir min yeddi yüz)

Redaksiyadan: Vətəndaşların dediyinə görə onlar bu gün “Akkord” plazadakı görüşlərindən sonra Baş Prokurorluğa yollanıblar. Onların istəyi həm də istintaq orqanlarının problemlərini ciddi nəzarətə götürməsidir. //moderator.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir