illi Arxiv İdarəsi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılıb.
Dövlət büdcəsindən maliyyələşən Milli Arxiv İdarəsi hər il müxtəlif lotlar üzrə satınalmalar həyata keçirir.
Qlobal.az xəbər verir ki, Milli Arxiv İdarəsinin müntəzəm olaraq sifarişçi olduğu satınalmalar arasında “Soyutma və isitmə sistemlərinə xidmət işləri”-nin satınalınması lotu əsas yer tutan satınalmalardandır.
Milli Arxiv İdarəsi 2020-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayının 2-dək “Soyutma və isitmə sistemlərinə xidmət işləri” lotu üzrə üç satınalma həyata keçirib.
Belə ki, Milli Arxiv İdarəsinin “Soyutma və isitmə sistemlərinə xidmət işləri” lotu üzrə 2020-ci ilin yanvar ayının 28-də sifarişçi olduğu satınalmanın məbləği 57.985 manat, 2021-ci ilin aprel ayının 4-də eyni lot üzrə sifarişçi olduğu satınalmanın məbləği 64.650 manat, 2021-ci ilin iyul ayının 2-də yenə də həmin lot üzrə sifarişçi olduğu satınalmanın məbləği isə 61.693 manat olub.
Ümumilikdə 184.328 manat smetası olan hər üç satınalmanın qalibi “Laxas” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Laxas” MMC-nin hansı profil üzrə fəaliyyət göstərdiyi barədə məlumat yoxdur. Nizamnamə kapitalı on manat olan “Laxas” MMC 1997-ci ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Əkbərov Namiq İsmayil oğludur.
Fəaliyyəti haqqında heç bir informasiya olmayan “Laxas” MMC-nin 2 il ərzində Milli Arxiv İdarəsinin “Soyutma və isitmə sistemlərinə xidmət işləri” lotu üzrə sifarişçi olduğu ümumilikdə 184.328 manatlıq tenderin qalibi olması olduqca şübhəli görünür və ortaya bir çox suallar çıxarır.
Burada digər maraqlı məqam isə Milli Arxiv İdarəsinin sifarişçi olduğu satınalmalarda qiymətlərin həddindən çox göstərilməsi ehtimalının olmasıdır.
Müqayisə üçün onu deyək ki, “Laxas” MMC 2020-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “isitmə, soyutma və havalandırma sistemlərinin təmiri” lotu üzrə sifarişçi olduğu iki satınalmanın qalibi olub. 2020-ci ilin aprel ayında Konstitutsiya Məhkəməsinin keçirdiyi və “Laxas” MMC-nin qalib olduğu satınalmanın məbləği 14.245 manat, həmin ilin oktyabr ayının 30-da yenə eyni lot üzrə keçirilən satınalmanın məbləği isə 5.979 manat olub.
Göründüyü kimi eyni xidmətlər üzrə Milli Arxiv İdarəsi ilə Konstitutsiya Məhkəməsinin sifarişçi olduqları satınalmada qiymət fərqi 5-10 qat olaraq kəskin fərqlənir.
Eyni xidmətlər üzrə olan satınalmalarda qiymət fərqinin kəskin dərəcədə fərqli olmasına heç bir qurum münasibət bildirməyib.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovdur.
Xatırladaq ki, Milli Arxiv İdarəsinə 6 respublika əhəmiyyətli dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların gördükləri işləri “şişirtmələri” ekspertlər və iqtisadçılar tərəfindən zaman-zaman səsləndirilib.
Prezident İlham Əliyev cənabları 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dövlət xətti ilə satınalmalarda qiymətlərin şişirdildiyini deyərək bu sahəyə nəzarətin gücləndirilməli olduğunu vurğulamışdı.