Fuad Abbasovu şəxsən tanımıram. Amma Rusiya telekanallarında Azərbaycanın mövqeyini müdafiə edən bəlkə də yeganə soydaşımız idi. Ləhcəsi vardı, təmiz danışa bilmirdi rusca. Amma o qədər də qabarıq ləhcə deyildi.
Ermənilərin Rusiya televiziyasında hər gün efirə çıxıb Ermənistanın mövqeyini müdafiə edən saysız ekspertləri var. Üstəlik, Vladimir Pozner, Vasili Utkin kimi tanınmış simaları da müxtəlif yollarla öz tərəflərinə çəkirlər. Halbuki Utkinə rəhmətlik Anar Məmmədxanov Azərbaycanı sevdirmişdi və o uzun illər bizə görə ermənilərlə mübahisə aparırdı.
Təəssüf ki, Moskvadakı diasporumuzun yarıtmaz fəaliyyəti, şəxsi mənafelərindən başqa heç nəyi düşünməmələri Azərbaycanı sevən adamları da bizdən uzaq salır. Yenilənmə, yeni fikirlər, ideyalar, simalar lazımdı! Həmin ermənilərdən qat-qat səviyyəli, məntiqli, dünyagörüşlü həmyerlilərimiz var. Amma çoxusu Bakıdadı. Rusların gözəl bir deyimi var: “varitsya v sobstvennom soku”. Biləcəridən o tərəfə çıxmamaqla öz balaca dünyamızda fırlanırıq. Kənarda olan Fuad Abbasov kimi nadir nüsxələr geri qayıdır, belələrini zurna-balaban, hay-huyla qarşılayıb özümüzü xoşbəxt hiss edirik. Fuadın bir daha Rusiya telekanallarında ermənilərin cavabını verməyəcəyini düşünəndə çox üzülürəm. Amma heç şübhəsiz, rusca Fuad Abbasovdan daha yaxşı danışan, siyasi savadı daha üstün olan kifayət qədər azərbaycanlı var. Azərbaycanda yetərincə çox rusdilli jurnalist var ki, onlar Moskvada fəaliyyət göstərsə, ölkəmizə daha çox fayda verər. Məsələn, Həmid Həmidov, Rəhman Hacı, Eynulla Fətullayev, Erkin İbrahimov… Rusdilli siyasətçilər, sabiq KVN-çilər və müxtəlif sahələrdən olan başqa dəyərli, savadlı insanlarımız ölkəmizə Rusiyada daha böyük fayda verər. Rusiya ilə “Ximki Arena”dakı yoldaşlıq oyunumuzu xatırlayıram. Həmişəki kimi böyük hesabla uduzduq. Amma bir epizod yadımdan çıxmaz. Oyunsonrası mətbuat konfransında Şəmsəddin Abbasov dahi Fabio Kapelloya elə sual verdi ki, bütün rusiyalı həmkarlarımız bu sualı doğrudan azərbaycanlının verdiyinə əmin olmaq üçün diqqəti Şəmsəddinə yönəltdilər. Şəmsəddinin natiqliyi, gözəl danışığı, təmiz, ləhcəsiz ruscası, səlis nitqi və çox maraqlı, ağıllı sualı ruslara mədəni şok yaşatdı, mən isə həmyerlimlə qürur duydum. Və yaxud Rüstəm Əfsərli… Düzdü, Rüstəm rusdilli deyil, amma rusca Nobel Arustamyamdan daha təmiz danışır. Futbolu da ondan az bilmir, ümumi dünyagörüşü və savadı da erməni həmkarından üstündü ki, aşağı deyil. Rüstəmi ilk dəfə efirdə görəndə sevmişdim. Adam sanki televizya üçün doğulub. Səsi, danışıq manerası, yetərincə maraqlı insan olması yaxşı şərhçi, televiziya siması üçün vacib şərtlərdi.
Rüstəmlə Şəmsəddin Azərbaycanda qalsalar, gələcəkdə ən yaxşı halda hansısa televiziya kanalının rəhbəri və ya başqa bir vəzifə sahibi olacaqlar. Maddi mənada bəlkə qazanacaqlar, amma Azərbaycan itirəcək… Azərbaycan Rusiyada ölkəmizin adını yüksəldəcək bu gənclərin potensialından lazımınca faydalana bilməyəcək. Cavanlıqda tez-tez Moskvadakı tələbələrimiz və mütərəqqi, gənc iş adamları ilə yığışıb dərdləşərdik. Hələ o vaxt erməni diasporunun Qarik Martirosyanı Moskvaya gətirdiyini və ona ev, maşın, pul, rahat yaşayıb-yaratmaq üçün hər cür şərait qurduqlarını deyirdilər. Nəticə özünü çox gözlətmədi. Rusiya telekanalları ermənilərlə doldu, artıq rusların beyninə o qədər erməni yumoru yeridilib ki, onlar bəlkə də dünyada ən duzlu-məzəli millətin ermənilər olduğunu düşünürlər. Televiziyanı açırsan, erməni yumoru, radionu açırsan, “erməni radiosu”, qəzetlədə, jurnallarda ermənilərin simaları. Bunun günahı isə özümüzdədi. Biz həmişə başqalarında günah axtarmağı sevirik. İndi də kimlərsə deyəcəklər ki, ruslar bizi sıxışdırır, ermənilərə qucaq açır. Vallah-billah, elə deyil. Rusların çoxu heç azərbaycanlıları ermənilərdən ayırmır, elə bilirlər eyni millətdi. Yəni rusların azərbaycanlı-erməni dərdi yoxdu. Bunu birdəfəlik beynimizdən çıxarıb atmalıyıq.
Problem ondadı ki, ermənilərin diasporu var, bizdə isə yoxdu. Elvin Kərimov, İradə Zeynalova və başqa iki-cüt bir tək soydaşımız isə Rusiya televiziyasına Azərbaycanın və ya azərbaycanlıların heç bir dəstəyi olmadan düşüb. “Parni iz Baku”nun məğlub etdiyi erməni KVN-çilər auditoriyası bütüm dünyanı əhatə edən Rusiya telekanallarının ulduzlarıdı. “Parni iz Baku”nun üzvlərini isə Timur Vaynşteyn və Elçin Əzizov istisna olmaqla yalnız azərbaycanlılar tanıyır. Çünki bizimkilər deputat olmağı, özünə biznes qurmağı, evdə rahat qazancı və vəzifəni daha üstün tutub. Həmişə futbolçularımızı qınayırıq ki, evdə rahat qazancı legioner karyerasından üstün tuturlar. Amma bütün sahələrdə eyni vəziyyətdi. Guya jurnalistikada vəziyyət fərqlidi ki?!