İnam Kərimovun kombaynları Putinin təyyarələrindən qat-qat innovativ imiş – Rus hərbi aviasiyasının şok qüsuru
Məlum olduğu kimi, 44 günlük müharibədə Ermənistan Silahlı Qüvvələri öz hərbi təyyarələrindən yetərli səviyyədə istifadə edə bilməmişdi. Müharibənin ilk günlərində Qarabağ səmaları üzərində 2 düşmən təyyarəsinin qəzaya uğramasından sonra İrəvan ən ağır zamanlarında belə, hava hücumu alətlərindən istifadə etməkdən çəkinmiş, müharibə bitəndən sonra bunun əsl sirri meydana çıxmışdı. Sən demə, Rusiyanın ən güclü təyyarələri ilə silahlandırılan Ermənistanın əlində istifadə edə biləcəyi raketi yox imiş. Bir növ, müttəfiqi ona təyyarə əvəzinə “bahalı çərpələng” hədiyyə etmişdi.
“Ucuz ətin şorbası olmaz” atalar sözünü xatırladan bu həqiqət Ermənistanın sabiq Baş qərargah rəisi Movses Hakobyan müharibədən sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi açıqlamalar zamanı üzə çıxmışdı. Erməni generalın sözlərinə görə, Su-30SM təyyarələrini almaq əslində Baş Qərargah rəisi olarkən onun təşəbbüsü olub. Daha sonra isə bu təşəbbüsdən vaz keçib. Çünki Rusiya, Su-30SM təyyarələrində istifadə olunan raketləri satmırmış. Bu barədə Rusiya hökumətinin xüsusi fərmanı olduğunu öyrənən erməni general təyyarələri almaqdan imtina edib və mövqeyini İrəvan rəhbərliyinə də çatdırıb. Nikol Paşinyan isə bütün bunlara baxmayaraq həmin təyyarələri alıb. Nəticədə Ermənistanın əlində olan təyyarələr sadəcə göz aldatmaqdan başqa heç bir işə yaramayıb.
Ovqat.com-un hələ o zamankı araşdırmalarına görə isə, erməni generalın “bahalı çərpələng” iddiası əslində vəziyyətin zahiri görünüşü idi. Vəziyyətin batini tərəfi isə Ermənistana müftə hədiyyə edilən həmin təyyarələrin işə yaramazlığı idi və yəqin ki, Moskva öz eybini ört-basdır etmək üçün ona “tapançanın mərmisini” satmamışdı. Bu barədə hələ 44 günlük müharibə ərəfəsində qələmə aldığımız məqalədə bəzi nüanslara toxunmuşduq. Həmin nüansları təkrar gündəmə gətirməmişdən əvvəl, Rusiyanın ağız dolusu bəhs etdiyi digər təyyarəsinin texniki özəllikləri barədə son günlər ortaya çıxan digər bir məlumat barədə söz açmaq istəyirik.
Bəlli olduğu kimi, Rusiya yararsız silahlarını müftə sırıdığı Ermənistandan fərqli olaraq özü tam təchizatlı hərbi texnikalardan, o cümlədən təyyarələrdən istifadə edir. Yəni nəyi varsa, ondan faydalanır. Xüsusilə onun real döyüşlərin getdiyi Suriya kimi coğrafiyalarda “boş mərmi”lərlə üz qızartmaq şansı yoxdur. Məsələ də elə burasındadır ki, Suriyadakı rus aviasiyasının vəziyyəti Ermənistandakı Su-30 təyyarələrindən çox da fərqlənmir.
Bu iddianı Suriyadakı bir rus pilotunun öz təyyarəsinin kabinəsindən çəkib paylaşdığı foto-şəkil təsdiqləyib. Şəkildən aydın görünür ki, təyyarə coğrafi cəhətləri müəyyənləşdirən müasir GPS sistemi ilə təchiz olunmayıb. Başqa sözlə desək, Rusiyanın ən müasir hərbi təyyarələrində Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun taxılbiçən, pambıqyığan kombaynların dalına taxdığı “zınqrovlar”dan belə, yox imiş. Pilotlar bu əskikliyi aradan qaldırmaq üçün turistlərin ümid bağladıqları ucuz cihazlardan faydalanırmışlar.
Rusiyanın hərbi qüdrətini istehza obyektinə çevirən bu foto-şəkil ölkənin bir sıra hərbi ekspertləri və sosial şəbəkə səhifələri tərəfindən ciddi müzakirələrə yol açıb, ölkənin Hərbi Hava Qüvvələrin sərt tənqidə məruz qalıb.
“Bu fotoşəkilə görə, Su-34 kimi 4-cü nəsil ++ çoxfunksiyalı rus qırıcı-bombardmançısı peyk naviqasiya sistemi ilə təchiz olunmayıb və pilotlar Suriyada döyüş əməliyyatları üçün öz hesablarına turist naviqatorları almaq məcburiyyətində qalıblar. Ancaq Suriyada vətəndaş müharibəsi gedir və “Su-34”-lər ən çox istifadə edilən döyüş təyyarələrindən biridir. Elədirsə, Suriyaya göndərilməzdən əvvəl niyə təyyarələrin peyk naviqatoru təkmilləşdirilməyib və quraşdırılmayıb?”, – deyə rus internet mediası soruşur.
Qeyd edək ki, Rus hərbi təyyarələrinin işə yaramazlığı və çağın xeyli gerisində qalması nəinki indi, yaxud 44 günlük müharibə zamanı, hətta ondan xeyli əvvəl məlum olmuşdu. Ovqat.com-un 44-günlük müharibədən bir ay əvvəlki araşdırmalarına görə, Hindistan Rusiyadan aldığı təyyarələri texniki nasazlığı səbəbilə geri qaytarmış, əslində Ermənistana verilən də elə həmin “bahalı çərpələnglər” idi.
Yazımızda bildirilirdi ki, Hindistan Hərbi Hava Qüvvələri 1998-ci ildə Rusiya Federasiyası ilə 40 ədəd Su-30 qırıcısını almaq barədə müqavilə imzalayıb. Üzərindən xeyli keçdikdən sonra həmin təyyarələri alan Hindistan 2013-cü ildə onlardan 18 ədədi geri qaytarmaq fikrinə düşüb. İmtinanın səbəbi kimi isə sözügedən qırıcıların vektor idarəetmə funksiyasının olmaması göstərilib. Məlumata görə, Hindistan Moskva ilə apardığı uzun danışıqlardan sonra tərəflər, nəhayət, 2019-cu ilin iyul ayında daha müasir Su-30MKİ qırıcların alış-verişi barədə razılığa gəliblər…
Araşdırmalarımız nəticəsində o da məlum olmuşdu ki, Hindistanın almaqdan imtina edib geri qaytardığı təyyarələri Moskva İrəvandan əvvəl başqalarına sırımağa çalışıb. NATO ölkələri ləngliyinə görə “yarımmüdafiəçi” (“fullback) adlandırdıqları bu təyyarəyə, sözsüz ki, pul xərcləməzdilər. Moskva da məcburən müştərilərini 3-cü dünya dövlətləri arasında axtarıb. Geri qaytarılan təyyarələrdən 12-ni Afrika ölkələrindən birinə – Anqolaya 1 milyard dollara sata bilib. 2013-cü ildən 2019-cu ilin sonlarınadək digər Su-30SM-lərini satmağa xam müştəri tapa bilməyib. TASS-ın məlumatına görə, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboronexport” bu təyyarələri 23-24 oktyabr 2019-cu il tarixində keçirilən Rusiya-Afrika sammitində müzakirəyə çıxarıb. Sammitə 54 Afrika ölkəsinin liderləri dəvət edilib. Təyyarələrin həmin sammitdə satılıb-satılmadığına dair hər hansı məlumat isə yoxdur.
Məlumatların analizi qəribə bir mənzərə ortaya çıxarır. Belə bir ehtimal ortaya çıxır ki, “Rosoboronexport” Afrika sammitində yalnız 2 təyyarəsini digər Afrika ölkələrinə sırıya bilib. Yerdə qalanlarını isə, görünür, Ermənistana göndərib”.
Göründüyü kimi, bir Ermənistanın, bir Anqolanın, bir də Rusiyanın böyük mətah bilib gözünə təpdiyi hərbi təyyarələrin ciddi təchizat problemləri var. Üstəlik, onlar müasir silahlar qarşısında aciz və asan yemdirlər. Hər halda, amerikalı hərbi ekspert Maykl Kofman bu fikirdədir. Onun bildirdiyinə görə, yalnız alçaq təmas döyüşlərində güclü olan rus təyyarələri Çeçenistan və Gürcüstan müharibələrində böyük uğurlar qazansa da, onların Suriyada geniş istifadə olunan MANPADS silahlarına qarşı zəiflikləri ortaya çıxıb. İndi isə həmin rus təyyarələrində GPS cihazlarının belə olmaması həqiqətinin də gün üzünə çıxması Rusiyanın öz hərbi qüdrəti barədə yaratdığı mifi yerlə yeksan edir.
Ovqat.com