Masallı həmişə qonaq-qaralı yer olub. Fərdi qonaqları saymasaq 90-cı illərdə Masallıya xeyli mədəniyyət və incəsənət işçisi qonaq gələrdi – Aygün Kazımova, Alim Qasımov, Yaqub Zurufçu, “Bakılı oğlanlar” ŞHK və sairə. Son 1 -1,5 ildə isə Masallıya gələn , necə deyərlər, çağırılmamış “qonaqlar” “qara maskalılar” oldu. Bu barədə bir neçə dəfə danışmışıq. Bu gün isə həmin Korrupsiyaya Qarşı Mübarizə İdarə əməkdaşlarının 1 il öncə Masallıda xüsusisi əməliyyatla apardığı İcra Başçısının Qarğalıq İnzibati Ərazi Dairəsinin nümayəndəsi Sübhan Zalıyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə baxışından bir məqam üzərində xüsusi dayanmaq istəyirəm.
Deməli, ötən ilin ortalarında Masallı İcra Hakimiyyəti Başçısının Qarğalıq Ərazi Dairəsinin nümayəndəsi Sübhan Zalıyevin maşını özü qarışıq “korrupsiyaçılar” tərəfindən rayon mərkəzində saxlanılır. Həmin gün onun evində və ərazi nümayəndəliyinin binasındakı otaqlarda ciddi axtarış aparılır. Sonra ərazi nümayəndəsi, onun mühasib-məsləhətçisi, eləcə də ərazinin bələdiyyə sədri rayon prokurorluğuna gətirilir. Burada bir qədər saxlanıldıqdan sonra hər biri ayrı-ayrı maşınlarda Bakıya aparılır. Bakıya gətiriləndən bir gün sonra ərazi nümayəndəsinin mühasib-məsləhətçisi Bəhruz Musayev evə buraxılır. Ərazi nümayəndəsi Sübhan Zalıyev və bələdiyyə sədri Əziz Ağayev haqqında isə həbs-qəti imkanı tədbiri seçilərək onları Kürdəxanıdakı həbsxanaya göndərirlər.
Hadisədən 2 ay sonra 2-ci Qarabağ savaşı başlayır və bələdiyyə sədrinin övladları cəbhəyə yollanır. Onlar döyüş bölgəsindən ölkə başçısına müraciət edib həbsdə olan atalarının azad olunmasını xahiş edirlər. Bu şəxslərin arzusu nəzərə alınaraq ataları Əziz Ağayev ev dustaqlığına buraxılır.
30 ildən artıq Qarğalıq İnzibati Ərazisinə rəhbərlik edən Sübhan müəllim isə barmaqlıqlar arasında qalır.
Bəs Qarğalıq İnzibati Dairəsinin bələdiyyə sədri kimdir?
Redaksiyaya daxil olan məlumata görə həmin vaxt bələdiyyə sədri olan Əziz Ağayev 1960-cı il təvəllüdlü, ali təhsilli mütəxəssisdir. Rusiyada çalışırmış. Həmin vaxt, seçkilər ərəfəsi kənddə olan qardaşı Paşa Ağayev ona təklif edir ki, 4 min versək, səni kənddə bələdiyyəyə üzv və sədr “seçərlər”. O da razılışır və deyir ki, istənilən 4 min manatı verin. Ortada tərəflərin- bələdiyyə sədrinin, onun qardaşının, həbsdə olan ərazi nümayəndəsinin telefon danışıqları var.
Daxil olan məlumata görə, Əziz Ağayev məhkəmə prosesində bildirib ki, kəndə gələndən sonra ərazi nümayəndəsi aldığı 4 min manat müqabilində onun bələdiyyə sədri seçilməsinə yardımçı olub. Ərazi nümayəndəsi də öz növbəsində bildirib ki, həmin pulu icra aparatında müvafiq şöbəyə, o da lazimi ünvana çatdırıb. Sonda həmin pul kimə çatıb, o məlumat da bizdə var, amma adın çəkməyə “qorxuruq”.
Bu yaxınlarda adı 4 min manat məsələsində çəkilən şəxslər Lənkəranda Ağır Cinayətlər Məhkəməsinə çağırılıb. (Bəzisi isə bildirilir ki, sonradan razılaşma olub, izahatlar dəyişdirilib. Sübhan Zalıyevin vəkili isə bu detalın gizlədilməsinə etirazını səsləndirib. Məlumatlar sırasında səs yazılarının olduğu da bildirilir.)
Yuxarıda qeyd etdiyimiz kimi, o vaxtkı bələdiyyə sədrinin övladları Qazi olduğu üçün Əziz müəllim bir neçə aydan sonra həbsdən ev dustağılığına buraxılıb və bələdiyyə sədrliyindən azad edilib.
Bundan sonra, digər yerlərdə olduğu kimi Qarğalıqda bələdiyyə üzvləri sırasında heç kim sədrlik istəmədiyi üçün xeyli xahiş – minnətdən sonra bələdiyyə üzvü olan Xatirə xanım Məmmədova könülsüz də olsa həmin vəzifənin icrasını öz üzərinə götürüb.
Amma… ən maraq doğuran sual başqadır. Son bələdiyyə seçkiləri ( dekabr 2019) hörmətli icra başçısı Şahin müəllimin Masallıya icra başçısı təyin olunduğu ilk aylara düşür. Şahin müəllim də hər yerdə deyir ki, heç kimi vəzifəyə pul alıb yollamırıq, tər-təmiz işləyirik, heç kimdən də qorxumuz yoxdur.
Yaxşı, sən vurmadın, mən yıxılmadım. Bəs bu qədər pulu, elə də imkanlı olmayan kəndin bələdiyyə sədrliyi üçün icra aparatında kim alıb, kimin üçün alıb? Yəqin ki, Ağır Cinayətlər Məhkəməsi bu suallara cavab tapacaq.
(Bu hələ çoxda imkanı olmayan kəndin bələdiyyə sədrliyidir. Görün, böyük qəsəbələrin, böyük kəndlərin bələdiyyə sədrliyi üçün hansı “mahnılar” oxunub? Yavaş-yavaş “pərdələr” açılacaq və görəcəksiniz ki, paklıq pərdəsi altında hansı “konsertlər” verilib). Bilməyənlər bilsin ki, Masallıda 37 bələdiyyə sədri, bir o qədər də ərazi nümayəndəsi var
Qarğalıq olayının mərkəzində qazancı və yeyintiləri 10 min manatlarla hesablanan böyük balıqçılıq təsərrüfatının yerləşdiyi İstil və o ərazidəki məktəblərdə “yeyilən” stol-stul və digər məsələlər də var, bunlar barədə isə söhbəti hələlik sonraya saxlayırıq.
Son qeyd: Masallının əksər yerlərində artıq oyuncaq quruma çevrilmiş, adı olub, özü olmayan, sədrliyi hərraca çıxarılan, bəzi sədrlərdən hələ də halallıq pulu alına bilməyən bələdiyyələr haqqında isə yaxın vaxtlarda geniş araşdırma yazımız olacaq. O kino da deyilmişkən “qızıl saat” da çox şey danışa bilər.
(Yazıda adı çəkilən şəxslərə də saytımızda yer ayırmağa hazırıq. Məhkəmə başa çatdıqdan sonra imkan olarsa, bu barədə tele-veriliş hazırlamağı planlaşdırırıq.)
Cenub.az. Zahir Əmənov