Manşet

Nazim İbrahimov… necə?.. HƏBS OLUNACAQMI? – FAKT ODUR Kİ…

Azərbaycanda vəzifəli qanqsterlər, mafioz fiqurlar, cinayətkar məmurlar qulağa adi gələn sözlərdir. Onların dövlətin sütunlarını zədələyən korrupsiya cinayətləri ilə qoşa addımlayan hərbə-zorba, kriminal hərəkətləri az olmayıb.
Bu illər ərzində Hacı Məmmədovlar, Akif Çovdarovlar dövlətin ən mühüm strukturlarında yüksək vəzifələr tutmaqla ən ağır cinayətləri törədiblər. İndi biri qəbirdə, biri isə məhkumluğun bir neçə il sonrası azadlıqdadır…
Dövlətin içində “dövlət” qurmuş bu odioz məmurlar özlərini Afrikada silahlı üsyan dəstələrinin başçıları, ya da amerikalı kovboylar kimi hiss edirdilər. Onlara elə gəlirdi ki, bunun bir sonu olmayacaq.
İndi bizə məlum olur ki, yenə də sistemin içində əli qana bulaşmış, lakin törətdiyi cinayəti gizlədənlər, onu qoruyanlar var imiş. Biri elə keçmiş korpus komandiri, general Rövşən Əkbərovun Ukraynada iş adamı Elçin Əliyevi öldürməsini bilib də gizlədən diaspora komitəsinin sabiq sədri Nazim İbrahim olsun.
Anaxeber.info bildirir ki, bu günlərdə onun ifadəsi üzə çıxıb və N.İbrahimov 2003-cü ildə verdiyi ifadədən fərqli olaraq, etiraf edib.
Sabiq komitə sədri 2003-cü ildəki ifadəsində vaxtilə dostu olmuş E.Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyib.
Lakin son ifadəsində sabiq komitə sədri qeyd edir ki, Ukraynada “Dnepr” otelində R.Əkbərovla görüşüb, general Elçini qətlə yetirdiyini ona bildirir. Və təsəvvür edin ki, 20 ildən çox qətl gizli saxlanılır.
Diaspora Komitəsi kimi önəmli postda rəhbər vəzifə tutan N.İbrahimov ordunun içində əhəmiyyətli bir fiqurun törətdiyi qətli illərlə istintaqdan gizlədir. Əslində generalın bu cinayəti törətməsi barədə istintaq orqanları zamanında çox yaxşı məlumatlı olub.
Onun 21 il sonra bu iş üzrə həbs edilməsi də arxasında başqa motivlər olduğuna ehtimallar yaradır. Xüsusən müharibə dövründə R.Əkbərovun adı bir sıra məsələlərdə hallanırdı. Ehtimal ki, həbsini aktuallaşdıran da məhz qətl yox, ordudakı fəaliyyəti olub.
Lakin fakt budur ki, N.İbrahimov 2003-cü ildə istintaqa yalan ifadə verib. Ən azı istintaqa həqiqəti deməliydi. Əgər bir dövlət məmuru generalın adam öldürməsini bildiyi halda bunu gizlədirsə, vay halımıza…
Cinayət Məcəlləsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Lakin söhbət generalın qətl törətməsində və cinayətin 1 il yox, 21 il gizlədilməsindən gedir. O halda N.İbrahimovun son ifadəsi onun cərimə ilə yaxasını kənara çəkməyə əsas ola bilməz, 2 illik də olsa həbsə göndərilməlidir.
Görün nə baş verib, ordu general R.Əkbərov Hacı Məmmədov qədər bir qanqsterlik edir, keçmiş komitə sədri isə bu cinayətə ələk tutur. Bu, dövlətə qəsddir.
Hakimiyyət strukturlarında kimlərə etimad göstərilib, kimlər ölkənin diaspor işini görürmüş…Bu adamları vəzifələrə yaxın buraxmaq olmaz.
Lakin biz hakimiyyətin həbslərə yanaşmasında da fərqliliyi görürük: məsələn, dövlətin milyardlarını talamış Ziya Məmmədov evində dincılir, Səlim Müslümov türməyə göndərilib, axı onlar ikisinin də əməllərində nə kimi fərq var? Hətta birincisi daha çox korrupsioner olub.
Və yaxud keçmiş səfir Eldar Həsənov yeyintiyə görə həbsə salınıb, hərçənd bir diplomatik korpusda maxinasiyanın həcmi milyonlar ola bilməz, deməli, ortada bilinməyən siyasi gerçəkliklər var və iqtidar onu qandallayıb, amma ölkədə sahibkarların dərisinin soyulmasının başında dayanmış, başına torba keçirib istintaq zirzəmilərində milyonlarını qapazlamış keçmiş MTN şefi Eldar Mahmudova güldən ağır söz deyən olmadı.
Eyni zamanda həbs edilən icra başçılarının işinə baxmaq olar – əgər Çovdarov azad edilirsə, əgər DSX generalı Əfqan Nağıyev buraxılırsa, XİN-də vəzifə tutmuş və korrupsiyaya görə saxlanılmış şəxslər bir-bir ev dustaqlığına buraxılırsa, onda İH rəhbərlərinin tutulmasının ictimai rəydə hansı təsirləri olacaq, rüşvətlə mübarizədə nə kimi effekti qalacaq?
O halda təbii ki, cəmiyyət bu həbsləri adi qarşılayır. Çünki daha yüksək ranqlı fiqurların ya azad edildiyini, ya da ittihamlara baxmayaraq həbs olunmadığını görürsə, bir əyalət başçısının qandallanmasına niyə təəccüblənsin ki?!
Bu mənada general R.Əkbərovun həbsi məhz törətdiyi əmələ görə deyil, siyasi hakimiyyətin açıqlamadığı nüanslara görə zəruri olub.
Əgər generalın xəyanət etdiyi iddiaları ilə bağlı məsələlər açıb-ağardılmasaydı, yəqin ki E.Əliyevin öldürülməsi daha 21 il də üstü tozlanmış istintaq materialları olacaqdı.
Lakin biz hüquqi və ədalətli cəmiyyət qurmaq istəyiriksə, məmurların cəzalandırılmasına yanaşmada ikitirəliyə yol verilməməlidir. Ziya Məmmədov, Fazil Məmmədov və digərləri Səlim Müslümovdan əməllərinə görə fərqlənmirlər.
Anaxeber.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir