Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, 3:3 hesabı ilə başa çatan görüşdə Emil Pavlova (Makedoniya) senşu qərarı ilə qalib gəlib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub.
F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha iki karateçisi – Rafiz Həsənov (67 kq) və Rafael Ağayev (75 kq) tatamı üzərinə çıxacaq.
***
Saat. 11:35
Azərbaycanın daha bir karateçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qadınların 50 kq çəki dərəcəsində çıxış edən Nuranə Əliyevanın çıxışı uğursuz alınıb.
O, qrup mərhələsində keçirdiyi hər 3 görüşdən məğlub ayrılıb. İdmançımız Serap Özçelik Arapoğluna (Türkiyə) 0:4, Şara Hubrixə (Almaniya) 1:2, Mariya Kuilinkovitsə (Belarus) isə 1:3 hesabı ilə yenilib.
Bu nəticələrlə yer aldığı B qrupunda sonuncu yeri tutan Əliyeva yarımfinala yüksələ bilməyib və mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 karateçisi – Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67) və Rafael Ağayev (75 kq) mübarizəyə qoşulacaq.