Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri Zakir Hüseynov 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri təyin olunub.
Hurriyyet.az xatırladır ki, Z.Hüseynov tutduğu nöqsanlara görə, 02.07.2020-ci illərdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.
Lakin az müddət işsiz qalan Zakir Hüseynovun üzünə sonradan Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) qapıları açıldı. Belə ki, o, 16.11.2020-ci ildə ADAU-nun “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsinə təyin olundu.
Qeyd edək ki, Z.Hüseynov universitetdə bir dəfədə olsun dərs keçmədiyi halda, onun “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır. Görünür, onunla rektor İbrahim Cəfərov arasında yaxın dostluq münasibəti var.
Onu da qeyd edək ki, Zakir Hüseynov 1999-2012-ci illərdə Gəncə şəhər, M.C.Paşayev adına 39 №-li tam orta məktəbin direktoru, 2012-2020-ci illərdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Bildirilir ki, hazırda ADAU-un “İnformasiya texnologiyaları” kafedrasının müdiri işləyən Z.Hüseynovun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri vəzifəsinə təyin olunması qanuna ziddir.
Qeyd edək ki, ondan əvvəl Gəncə Şəhər 38 saylı Nizami ikinci seçki dairəsinin sədri postunda Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri Cəfərov Məntiq Bahadur oğlu çalışırdı. Lakin Təhsil Nazirliyindən professor M.Cəfərova “bir şəxsin iki vəzifə tutması qanuna ziddir, ya kafedra müdiri, ya da dairə sədri işləyə bilərsiz”, – bildirilmişdi. Bundan sonra o, Z.Hüseynovdan fərqli olaraq, təhsil sahəsini üstün tutduğundan, kafedra müdiri vəsifəsini davam etdirməyə qərar vermiş və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri postundan istefa vermişdi.
Maraqlı odur ki, M.Cəfərovun yerinə təyin olunan Zakir Hüseynov da hazırda Gəncə Aqrar Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsində çalışır.
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.