Gəncə şəhər sakini Əhlidil Əliyeva onu saxta sənədlərlə aldadaraq şəhərin Nizami rayonundakı 1 hektardan artıq torpağını ələ keçirən şəxs barədə qərardan narazıdır.
“Qafqazinfo”ya müraciət edən Ə.Əliyeva iddia edib ki, ona yarım milyon manatlıq zərər vuran şəxsə hakim yüngül cəza verib. Qadın deyir ki, 2007-ci ildə Hüseynov Elşən Əhəd oğluna 20 sot torpaq sahəsi satıb və buna görə ona etibarnamə verib.
Rəsmi ittihama görə, Elşən Hüseynov 2010-cu ildə müddəti bitən etibarnaməni yeniləmək adı ilə Əhlidil Əliyevanı aldadaraq saxta sənədlərlə ondan “generalnaya doverennost” alıb. Bununla da Ə.Əliyevanın bütün əmlakı üzərində sərəncam vermək, satmaq hüququ qazanıb. Daha sonra qadının əri Şərif Şərifovun adına torpaq sahəsinin satılmasına etiraz etməməsi barədə saxta ərizə də hazırlayıb. Bu saxta sənədlərlə həmin torpaq sahəsi üçün “kupça” da alıb və bütün torpaq sahəsini anası Rəbiyyə Hüseynovanın adına keçirib. İstintaq bir neçə il öncəki tarixə uyğun olaraq torpağın dəyərini hesablayaraq Əhlidil Əliyevaya 167 min 560 manat zərər dəydiyini bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudov zərər ödənilməsə belə, təqsirləndirilən Elşən Hüseynovun müsbət xarakterizə olunduğuna və Qarabağ müharibəsi veteranı olması barədə arayış təqdim etdiyinə görə ona şərti cəza verib. Hökm də bu formada əsaslandırılıb.
Ə. Əliyeva isə bildirir ki, saxta sənədlə dələduzluq etməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməyə verdiyi sənədin özü də saxta olub: “Mən hakim Faiq Mahmudova dedim ki, o sənəd saxtadır və bununla bağlı dövlət orqanlarına sorğu verməsini istədim. Amma hakim hansısa maraqlara görə bu məsələni araşdırmadı. Biz özümüz Səfərbərlik Xidmətinə sorğu verdik və rəsmi cavabdan məlum oldu ki, Elşən Hüseynov Birinci Qarabağ müharibəsində iştirak etməyib. Amma hakim Faiq Mahmudov saxta sənədə əsaslanıb illər ərzində bizə heç bir ödəniş etməyən Elşən Hüseynovu həbs etmədən ona şərti cəza verdi. ”.
Şikayətçi qeyd edib ki, məhkəmə həmin torpaq sahəsinin mülki qaydada həll edilməli olduğu qənaətinə gəlib: “Bu illər ərzində Elşən Hüseynov torpaq sahəsinin 80 faizindən çoxunu satıb, orada təxminən 10 ev tikilib və insanlar orada yaşayır. Amma hakim Faiq Mahmudov həmin şəxslərin taleyinin necə olacağı, bizə dəyən zərəri kimin ödəyəcəyi məlum olmadan həmin şəxsin sadəcə müharibədə iştirak etdiyini deməsinə görə ona heç bir cəza vermədi. Ağır cinayət törətmiş Elşən Hüseynov hakim Faiq Mahmudovun himayədarlığı ilə Qarabağ qazisi adına ləkə yaxmaqdan belə çəkinmədi”.
Əhlidil Əliyeva ölkə rəhbərliyinə və Məhkəmə Hüquq Şurasına müraciət edərək hakimin qərarı ilə bağlı araşdırma aparılmasını və onun cəzalandırılmasını istəyib: “Hakim Faiq Mahmudov bizdən istədiyi pulu vermədik deyə əleyhimizə qərar çıxartdı. Ona görə də bu məsələnin də araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edirəm. Eyni zamanda, Elşən Hüseynovun mənə qarşı törətdiyi əvvəlki cinayətlərə görə, həmçinin, məhkəməyə saxta sənəd təqdim etməsinə görə cinayət işi başladılmasını və sahibi olduğum torpağın mənə qaytarılmasını istəyirəm”.
Gəncə Ağır Cinayətlər Məhkəməsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin iş üzrə əslində vətəndaş Əhlidil Əliyevanın xeyrinə hökm çıxarılıb. Məhkəmədən bildirilib ki, torpaq sahəsinin Ə.Əliyevaya qaytarılması məsələsinə mülki məhkəmədə baxılacaq: “Təqsirləndirilən Hüseynov Elşən Əhəd oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən yox, Daxili İşlər Nazirliyindən arayış təqdim edərək Qarabağ müharibəsində iştirak etdiyini bildirib.
Hökmlə Elşən Hüseynov ittiham üzrə təqsirli bilinib. Hər iki tərəf hökmdən apellyasiya şikayəti verib, yuxarı instansiyada baxılıb müvafiq qərar qəbul ediləcək”.