Cəmiyyət

Meşə xəzəllərinin altında GİZLƏNƏN OLİQARX… – İcazə verin, şübhələnək…

“Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır… Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar”…
“Demokratik.Az” xatırladır ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin dəfələrlə səsləndirdiyi fikirlər bir çox hallarda dövlət məmurlarının məsuliyyətini artıran, onlar üzərində ictimai nəzarəti stimullaşdıran lokomotiv rolunu oynayır. Eləcə də bu fikirlər və ali tələblər fonunda prezident İlham Əliyevin öz davranışlarındakı xoş addımları, xalqa ehtiram və sevgisi, xüsusilə də gərgin ictimai-siyasi fəaliyyətindəki qoçaqlıq və təvazökarlıq nümunələri təqdirəlayiqdir. Buna baxmayaraq, prezidentin çağırışlarına məhəl qoymayan, hər addımbaşı öz şəxsi məqsədlərini dövlət və dövlətçilikdən üstün tutan, korrupsiya və rüşvətxorluqla özünə oliqarx yaşayışı təmin edən qudurğan məmurlarımız da az deyil.

Bu gün əhalinin çoxluq təşkil edən hissəsinin dövlət başçısından razılığı şübhə doğurmasa da, sirr deyil ki, bəzi xırda və iriranqlı məmurların yarıtmaz fəaliyyətləri əhali ilə hakimiyyət arasında ciddi problemlərə, ziddiyyətli və müxalif ictimai rəylərə də meydan açır.

Təəssüf ki, müəyyən mövqe tutan məmurlarımız var ki, nə özləri, nə də övladları xalqa hörmət etmək istəmir, cəzasızlıq mühitinə sığınaraq özlərini “toxunulmaz” bilirlər. Ölkəni bürüyən “belələri” tutduqları vəzifədən sui-istifadə edərək insanların haqqını tapdayır, büdcəni “ciblərinə” sovuraraq dövlət malını qorxmadan talayır, varlanıb harınlayır, gözləri yalnızca özlərinin daha da varlanmaq arzularından başqa heç bir dəyər tanımır.
Xoşbəxtlikdən, Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı böyük mübarizə həyata keçirilir. Son illər ard-arda milyonçu icra başçılarının və korrupsioner nazirlik əməkdaşlarının həbsi və genişmiqyaslı antikorrupsiya tədbirləri məhz əhalinin də narazı qaldığı məmurların islah olunmasına, dövlət məmuru ərkanına kölgə salanların likvidasiyasına yönəlib.

Bu mübarizə siyasəti hakimiyyətin dayanıqlılığının maraqları fonunda ictimai maraqların müdafiəsinə də yönəlib. Lakin, bu istiqamətdə hələ çox çalışmalı, demokratik və hürr cəmiyyət quruculuğu istiqamətində ən xırda nöqsanların yoxluğuna nail olmalıyıq.

Heç kəsə sirr deyil ki, kapitalizmin də ortaya çıxarmış olduğu elə eybəcərliklər, elə tamah hissləri var ki, elə bil Azərbaycan məmurlarının əyninə biçilib.
Korrupsiya piramidası şəklində əksər nazirlərimiz, deputatlarımız, hətta komitə və ASC rəhbərləri xalqın və dövlətin varını mənimsəyib günü-gündən özlərinə villalar-saraylar qurur, ən bahalı lüks maşınları minib kasıba acıq-qıcıq verir, günü şad-xürrəm Rövnəqlərimiz əqrəblərinin dəyəri 3 milyon olan saatlarla zamanın gedişini güdürlər. Elə bil zaman da onların xeyrinə işləyir, talanmaqda olan sərvətdən kasıb millətə qara qəpik xeyir nəsib olmur. Belə əcaib gərdişə də, harın məmurlara münasibətdə vətəndaş cəmiyyətində coşub-çağlayan təpki, haqlı ikrah hissləri də sosial bərabərsizliyin ağuşunda başadüşüləndir.

Məlumdur ki, istənilən sivil və demokratik ölkələrdə korrupsiya və rüşvətxorluğun qarşısının alınması, büdcə vəsaitlərinin şəffaf formada xərclənməsinə nəzarət üsullarından biri də gəlir deklarasiyası haqqında qanunvericiliyin olmasıdır. Təəssüf ki, Azərbaycanda hələ ki, bu qanun gecikdirilir. Əgər, dövlət məmurlarının hər birinin gəlirləri cəmiyyətə açıqlanarsa, o zaman dəbdəbəli villaların, mayası haram pulla aşıb-daşan biznesin, gülləkeçirməz limuzinlərin, xərclənməklə tükənməyən maddi vəsaitlərin haradan əldə edilməsi ilə bağlı suallara cavab daha şəffaf olacaq.
Məhz o zaman sosial-iqtisadi sahələrin inkişafına ayrılan milyonların proqnozlaşdırılandan dəfələrlə aşağı səviyyədə səmərə verməsinin səbəbləri daha çılpaqlığı ilə üzə çıxacaq.

“Demokratik.Az” saytı bu əsnada jurnalist Osman Nərimanoğlunun təqdimatında “AY MƏMUR, DE!, NECƏ VARLANMISAN ?” sərlövhəli özəl rubrikasına start verir.

Rubrikamızın ilk “qəhrəmanı” isə son günlər media gündəminə çevrilmiş məmur İqbal Əliyevdir. Ölkənin Qərb bölgəsində var-dövləti ilə göz qamaşdıran bu şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorudur.
Əldə etdiyimiz məlumatlara görə, uzun illərdir Göygöl, Daşkəsən, Samux, Şəmkir, Gədəbəy, eləcə də bir müddət Şəki və Zaqatala meşələrinə “qənim kəsilən” İqbal Əliyevin sərvətinin dəyəri milyonlara varır. Onun Göygöl şəhərində dəbdəbəli villası, Gəncədə bahalı mənzilləri, Bakıda mənzili və dənizkənarı imarəti, Samux rayonu ərazisində irihəcmli mal-qoyun ferması, Zaqatalada taxta-şalban istehsalı sexi (plarama), Hacıkənddə “istirahət mərkəzi”, Daşkəsən və Samux rayonu ərazisində 100 hektarlarla əkin və örüş torpaq sahələri, bir neçə adda bahalı avtomobilləri və sair var. Yayılan və təkzib edilməyən iddialara görə, İqbal Əliyev sahib olduqlarını dövlət əmlakını talamaqla, müəyyən ştatlar üzrə özünə yaxın insanların adına əməkhaqqı yazmaqla, öz marağı müqabilində bir çoxlarını işə götürməklə, dövlət tərəfindən Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinə verilən yanacağı və digər maddi resursları öz xeyrinə mənimsəməklə əldə edib. Dövri mətbuatda yazıldığı kimi, İ.Əliyev əsasən ucqar dağ kəndlərində meşə massivlərini brokonyerlərə odun yanacağı və material kimi satmaqla özünə topdağıtmaz sərvət toplaya bilib.

Deyilən ittihamları rədd edib, adi məntiqlə də düşünəndə, İqbal Əliyevin də digər oliqarxlaşmış məmur zümrəsi kimi, yalnız aldığı əməkhaqqı ilə bu qədər yüksək səviyyədə varlı-hallı birinə çevrilməsi, pulunun sayını itirməsi tamamilə mümkünsüz görünür.

Rəsmi bilgilərə əsasən, İqbal Əliyev təkcə Samux rayonunda meşa massivini kütləvi şəkildə icarəyə verməklə və öz xeyrinə mənimsəməklə 10 minlərlə manat gəlir əldə edə bilib. Məmur tamahı o qədər iti olub ki, hətta meşə zolağında yataqlar salınmasına şərayit yaradılıb, illərdir ki, meşənin flora-faunası mal-qara və əkin texnikaları tərəfindən zədələnib. Bundan başqa, milyonçu məmur Kür çayının qırağında Saqqızlıq deyilən ərazidə 100 hektarlarla meşə ərazisini qanunsuz müqavilələrlə özünə və öz yaxın adamlarına icarəyə verib.

Samux rayonu Burunqovaq ərazisində Saqqızlıq deyilən ərazida 200 hektara yaxın meşəlik sahəyə taxıl və ya arpa əkini də İqbal Əliyevin fərdi özbaşınalığı sayıla bilər. Məlumata görə, İqbal Əliyev vəzifəsində sui-istifadədə bir az da irəli gedərək rəsmi müqavilə əsasında “Aqro Dairy” MMC üçün ayrılmış Qarasaqqal və Kürqırağı digər meşə fond torpaqlarından da şəxsi mənfəəti üçün istifadə edə bilib. Boş qalan meşə ərazilərində meyvə bağı (Aqropark) salınmalı olduğu halda, Samux aqroparkın inkişafı üçün nəzərdə tutulan ərazilərdə də İ,Əliyevin öz mənfəəti önə çıxıb, meşə əraziləri hasara alınaraq adıçəkilən məmura qazanc gətirib.

Fakt üzrə əsaslar 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin araşdırmaları ilə də öz təsdiqini tapıb.
Bunlardan başqa, danılmaz faktdır ki, İ.Əliyevin kurasiyasında olan regional meşə təsərrüfatlarında ağacların qırılması, satılması, kömür quyularının olması, meşələrə donuz belə salınması halları yetərincədir. Bu barədə elektron KİV-lərdə videomateriallar yayılıb.
İqbal Əliyev təkcə bir məmur kimi bunca dağıdıcılıqla varlanan fərdi mövqeyə malik deyil, o, həm də ADAU-da müəllim kimi maaş alır. Tələbələrə nədən mühazirə söyləyir, onun ziyalı mövqeyi məmurluğu ilə hansı eyniyyət təşkil edir, çox maraqlıdır.

Bir müddətdir ki, adıçəkilən məmurun əməllərini və sərvətini ifşa edən, dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayan vətəndaşlar da üsyan edir. Şikayətçilərdən biri isə İqbal Əliyevi yaxından tanıyan, onun həmkəndlisi vətəndaş Kamil Zeynalovdur.

Şikayətçinin dediklərindən o da aydın olur ki, İqbal Əliyevin övladları Bakıda eyni hərbi hissədə eyni zabitin sürücüsü kimi həqiqi hərbi xidmət keçiblər və bu təsadüfən baş verməyib. Ehtimal edilir ki, İqbal Əliyev bunun üçün öz maddi imkanlarında və himayədar gücündən istifadə edib. Vətəndaşın dediyinə görə, illər əvvəl siqaret belə ala bilməyən Əliyevlərin bugün milyonçuya çevrilməsinin səbəbi məhz İqbal Əliyevin korrupsiya və talançılığıdır.

Xatırladaq ki, İ.Əliyev şikayətçini “susmağa” təhrik edir, onu müxtəlif üsullarla təhdid edir. Vətəndaşın özünün iddiasına görə, milyonçu məmur hətta Kamil Zeynalova xidməti tapançası ilə də hədə-qorxu gəlib, onu ölümlə hədələyib. Avqustun 19-da (Aşura məclisi təşkil edərək) axşam saatlarında isə 30 qadının və oğlunun da iştirakı ilə vətəndaşın evinə basqın etdirərək şikayətçini döydürüb.

Haqqında danışdığımız məmur Bakıdan ölkəyə milyarder gözü ilə baxan oliqarxların yanında hələ çox kasıb və yoxsuldur. Amma İqbal Əliyevə də bu suala cavab tapmaq şansını tanımalıyıq: “AY MƏMUR, DE!, NECƏ VARLANMISAN ?”…
Müəllif: Osman Nərimanoğlu
Demokratik.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir