Manşet

FHN qəzalı evləri hansı üsullarla təmir etdirir? – İLGİNC FAKTLAR

2019-cu ilin fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işləri hələ də davam edir. İlkin açıqlamalarda episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evinin qəzalı vəziyyətə düşdüyü, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəydiyi bildirilirdi. Sonradan bu siyahıya minlərlə bərpaya ehtiyac evlər də daxil edilmişdi.

Zəlzələdən dərhal sonra, nəticələrinin aradan qaldırılması məqsədi ilə Prezident İlham Əliyev sərəncamla Fövqəladə Hallar Nazirliyinə 7 fevral 2019-cu ildə iki milyon manat, 7 mart 2019-cu ildə isə beş milyon manat vəsait ayırdı. Bundan əlavə zəlzələnin baş verdiyi rayon İcra Hakimiyyətlərinə də bir neçə dəfə milyonlarla manat dövlət vəsaiti ayrdı. Bəs necə oldu ki, hələlik tam sayı bəlli olmayan qəzalı evlərin təmir bərpa işləri hələ də davam etdirilir. Yəni iki il yeddi ay ərzində bu işlər nə üçün başa çatdırılmadı?

Şamaxı rayonunun Saqiyan kənd sakini Natiq Sadıqov aktualinfo.org-a etdiyi müraciətində bildirir ki, 2020-ci ilin oktyabr- noyabr aylarında kənddə qəzalı vəziyyətdə olan bir evin təmir bərpa işlərində çalışıb. Üç nəfərlə evin beton- karkas işlərindən tutmuş hörgüsünü və suvaq işlərini də bir ay ərzzində gecə-gündüz çalışaraq təhvil verdiyini deyən şikayətçi bunun müqabilində üç nəfərə cəmi 350 manat əmək haqqı verildiyini bildirir. Natiq Sadıqov deyir ki, dövlət sifarişini yerinə yetirən “Mahal” MMC-nin rəhbərliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, gəlib başa çatdırdığınız tikintini ölçüb bizim əmək haqqımızı vermir, hər gün bir bəhanə ilə bizi süründürürlər.

Şikayətçi Natiq Sadıqovun dediklərindən də göründüyü kimi “MAHAL ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ildən Fövqəladə Hallar Nazirliyinin sifarişləri əsasında Şamaxı rayonunda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub, onlarla evlərin təmir, bərpasını həyata keçirib. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu işlərin görülməsi üçün heç bir tender keçirilməyib. Bunun üçün nə qədər vəsait ayrılıb heç bir məlumat əldə edə bilmədik. Onu öyrənə bildik ki, ötən il dövlət sifarişi həyata keçirmiş MMC bu il, iyul ayında yaranıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHAL ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.07.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ƏNVƏR QASIMZADƏ, ev 72, m. 10, qanuni təmsilçisi kimi isə Rəhimov Elvin Adil oğlu qeyd olunub.

Şikayətçi Natiq Sadıqovun əmək haqqının nə üçun verilmədiyi ilə bağlı “Mahal Şirkətlər Qrupu”nun qanuni təmsilçisi, Elvin Rəhimovla telefon danışığımız zamanı MMC rəhbəri onun heç kimə borcu olmadığını, hamının pulunu verdiyi bildirdi. Əlavə etdi ki, pulunu gedib subpodratçıdan alsın. Onun bizə subpodratçı kimi təqdim etdiyi Sahib adlı şəxs isə bizə bildirdi ki, “mən subpodratçı deyiləm, briqadirəm. Subpodratçı Elvin Rəhimovun əmisi oğlu Şükrandır, gətirib məni burada zibilə salıb.

Göründüyü kimi burada iki nəfərin sözü üst-üstə düşmür. Bəlli olan odur ki, Fövqəladə Hallar Nazirliyi heç bir tender keçirmədən, heç bir maddi-texniki bazası olmayan bir MMC ilə qəzalı vəziyyətdə olan evlərin təmir bərpa işlərini həyata keçirmək üçün müqavilə bağlayıb. Heç bir maddi-texniki bazası olmayan “Mahal” MMC-nin rəhbəri isə işləri yenə də heç bir maddi-texniki bazası olmayan başqa şirkətə, subpodratçı kimi əmisi oğluna tapşırıb. Əmioğlu Şükran isə işə briqadir kimi Sahibi cəlb edir. Sahib isə müzdlu işçilərdən briqada təşkil edərək ücüz işçi qüvvəsi ilə təmir bərpa işlərini həyata keçirir. Ortada olan pullar necə olur?

Ayrılan dövlət vəsaitinin müəyyən faizi müqavilə bağlanılan şəxsin, yəni Elvin Rəhimovun əli ilə Fövqəladə Hallar Nazirliyinin rəsmilərinə qaytarılır. MMC rəhbəri öz payını da götürdükdən sonra işi əmisi oğluna verir ki, onun da qazancı olsun. Əmioğlu da öz payını götürdükdən sonra işi muzdla çalışan briqadalara tapşırır. Nəticədə isə dövlətə hərtərəfli maddi ziyan vurulur. Həm ayrılan vəsaitin müəyyən hissəsi ortadan çıxarılır, həm də dövlətə heç bir vergi və sosial ödəmə verilmir. Əziyyəti çəkən fəhlələrə isə qəpik-quruş çatır ki, onu da vaxında vermirlər,çox vaxt arxasına keçirlər.

Onu qeyd etməyi unutduq. Əldə etdiyimiz məlumatlara görə MMC rəhbərliyi təmir bərpaya ehtiyacı olan hər evin sahibindən də pul alırmış. Evin böyüklüyündən və kiçikliyindən asılı olaraq. Araşdırmalarımızı davam etdirirk və zamanı gələndə Şamaxı rayonunun Saqiyan kəndində, evləri təmir olan sakinlərin hər birindən nə qədər pul alındığını da açıqlayacağıq.
Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir