Ağstafa icra hakimiyyəti İllərdir acınacaqlı vəziyyətdə yaşayan rayon sakinləri Həsənova bacılarına problemlərinin həlli üçün 50 manat pul ayırıb.
Eynallı kəndində yaşayan Tünzalə və İradə Həsənova bacıları uzun illərdir yaşayışa yararsız olan uçuq evdə yaşayırlar. Heç bir yerdən gəlirləri olmayan bacılar, evlərinin əsaslı təmiri üçün aztəminatlı ailə kimi Ağstafa Rayonu İcra Hakimiyyətinə müraciət ediblər. Lakin burada bacıların ümidləri suya düşüb.
Belə ki, qurumun İctimai-siyasi və humanitar məsələləri şöbəsindən onlara bildirilib ki, məsələni həll etmək qurumun maddi imkanları yoxdur.
Hər yerdən əlləri üzülən bacılar problemin həlli üçün üzlərini Bakıya tutublar. Bacıların şikayətinə baxan aidiyyatı qurumlar Rayon İcra Hakimiyyətinə onlara yardım etməkləri barədə göstəriş verib.
Məsələnin tezliklə öz həllini tapacağına, dam örtüyünün qəzalı olduğu, yağış suyundan divarlarında çökmə yaranan evinin tezliklə təmir ediləcəyinə sevinən bacıların bu dəfə də arzuları ürəyində qalıb. Belə ki, Rayon İcra Hakimiyyəti yenə öz “yardımını” bacılardan əskik etməyərək onlara cəmi 50 AZN maddi yardım göstərib. Bununla da “kömək”lərindən qalmayan İcra Hakimiyyəti eyni zamanda evin yardımçı tikilisinin təməlinin yaxınlığından keçən arxın borusunu götürüblər. Bu səbəbdən də arxdan axan su evin təməlini çökdürərək divarları yararsız hala salıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan İradə Həsənova bildirib ki, onlar ayda cəmi 73 manat məbləğində ünvanlı sosial yardımı alırlar.
Bundan başqa bacıların gəlir yeri ancaq həyətlərindən toplayıb satdıqları meyvədir. Bu gəlir də ancaq mövsümə görə tənzimlənir. İ. Həsənova deyir ki, bu yararsız daxma ilə qarşıdan gələn qış fəslini necə qarşılayacaqlarını bilmirlər.
Tünzalə Həsənova isə ürək çatışmazlığı, qan azlığı və zobdan əziyyət çəkdiyini bildirib. Dəfələrlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də rayonun baş həkimi İlham həkim onlarla kobud danışaraq bacıları otağından qovub. Bundan başqa fiziki iş imkanları məhdud olan Tünzalə Həsənova təqaüd də ala bilmir. Deyir ki, DSMF və Xəstəxananın yerli rayon şöbələri bu işdə təmənna umaraq müraciətini əsassız hesab edirlər. Hazırda müalicə üçün ona Gəncə şəhərində tromblaşmaya qarşı iynə vurulmalıdır.
Lakin imkansızlıqdan bacıların nə iynəyə, nə də yol xərcinə vəsaitləri yoxdur.
Problemə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Lalə Eyyubova ilə də əlaqə saxladıq.
L.Eyyubova şikayətin qurum tərəfindən qeydə alındığını və Tünzalə Həsənovanın Gəncəyə getməsi üçün nəqliyyat ayrıldığını qeyd edib. Şöbə müdiri həmçinin xəstəxanaya onun səhhəti ilə bağlı problemlərin həll edilməsi üçün müraciət edildiyini də vurğulayıb.
“Evin əsaslı təmiri və ya dam örtüyünün dəyişdirilməsi də İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin diqqətindədir”,- deyə L. Eyyubova bildirib.
Sözügedən şikayət ilə bağlı foto faktları təqdim edirik:
Bizim.Media