Manşet

ADAU rektoru üçün ÇƏTİN DÖNƏM… – İTTİHAM

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.
Adıkeçən təhsil ocağının rektoru başda olmaqla, əsabələrinin də etdiklərinin cəzasızlıq mühitində yoğrulmasından ortaya çıxan bir çox eybəcərliklər özünün ölçü meyarlarına görə ölkəmizdə analoqu olmayan rəzaləti yaradır. Bunların durdurulması və neqativlərin RƏDDi üçün isə dövlət babanın mütləq inzibati dəyənəyinin bəzi başlara çaxılması, ölkə başçısının sağlam iradəsinə qarşı olan saxta alim-ünsürlərin likvidasiyası qaçılmaz şərtdir.
ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub. Hazırda ADAU-da adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da özlərinin, yoxsa kimin almasını aydın etməyə, aşkar maliyyə pozuntularına görə ölkənin baş prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “qara maskalıları”nın təcili olaraq hərəkətə keçməsinə real əsaslar var.
Demokratik.Az-a daxil olan növbəti məlumatlar onu deməyə əsas verir ki, danışanda özünü şəffaf və təmiz kimi tanıdan plagiat rektor İbrahim Cəfərov və tabeli yandaşları vəzifə səlahiyyətlərindən özlərinin varlanmaları üçün istifadə edərək küllü miqdarda dövlət vəsaitinin şəffaf xərcləndiyinə dair əsaslı şübhələr oyada biliblər. Rektorun son illərdə sahib olduğu villalar, ev-eşik, eyşi-işrət həvəskarlığı, “333”-lə başlayan bahalı avtomaşınlar da şübhələri gücləndirir.
Aşağıdakı ittihamların kifayət qədər ciddi olduğunu nəzərə alaraq, yazılanların dərindən təftişi üçün aidiyyatı dövlət qurumlarına və hüquq mühafizə orqanlarına açıq çağırış edir, cinayət işi açılmaqla və rektorun həbs edilməklə cəzalandırılması üçün ADAU-da vüsət alan maddi maxinasiyaların çox cüzi hissəsini faktlarla geniş oxucu auditoriyasına təqdim etməyi vacib bilirik.
Beləliklə, bir müddət öncəki xəbər yazılarımızda da qeyd etdiyimiz kimi, ADAU-da tədris prosesini axsadan amillər daha çox şəxsi maraqlardan qaynaqlanır. Təsəvvür edin ki, rektor şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib. Prosesin illərə dayandığını nəzərə alsaq, küllü miqdarda dövlət vəsaitinin düzgün təyinatla xərclənməməsi, bəlkə də məhz rektorun özü tərəfindən mənimsənilməsi iddiası yaranır.
Əldə edə bildiyimiz bir sıra sənədlərdən və informasiyalardan aydın olur ki, Universitetin təkcə Aqronomluq fakultəsinin “Ekologiya və meşəçilik” kafedrasında iki mötəbər məmurun guya davamlı dərs tədris etməsi, mühazirələr söyləməsi adı altında sənədləşdirmələr və dərs jurnalları illərlə saxtalaşdırılıb.
Məsələn, hazırda “Gəncə Det-Al Alüminium” Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız maaş yazanlar 7 ildir ki, jurnallarda onun əvəzindən imzalar belə çəkiblər.
Aşkar saxtakarlığı isə sabiq kafedra müdiri, eləcə də bugünlərdə İbrahim Cəfərov tərəfindən yenidən kafedra müdiri təyin edilən plagiat dosent Musa Bayramov həyata keçirib.
Sənədlər özü deyir ki, Musa Bayramov uzun müddət rektorun tapşırığı ilə Cəmil Səfərovun əvəzinə jurnallara imza atıb. Dövlət məmurunun “müəllimliyi” müqabilində mövcud maaş kartının isə kimdə olması, təxminən 500 manatlıq maaşı aybaay kimin aldığı qaranlıq qalır.
Yeni meşəçilik kafedrasının “qiyabiçi” müəllimi, hazırda Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinin direktoru İqbal Əliyev üçün də eyni saxta metod müəyyən edilib. Mühazirələri mövcud olmayan bu dövlət məmuruna da illərdir maaş yazılıb və jurnallardakı imzasını Musa Bayramov atıb. Maxinasiyada təbii ki, rektorun dostu, Aqronomluq fakültəsinin 12 illik dekanı (“seçilib” daha 5 il işləyəcək) Məhərrəm İsmayılov, eləcə də kafedra müdiri Zakir İbrahimov fəal iştirak edib. Özbaşınalıqdan onlar da xəbərdar olub.
Aldığımız məlumata görə, M. Bayramovun yenidən kafedra müdiri gətirilməsi də rektorun hər dediyinə əməl etməsi, hətta bu cür maddi maxinasiyaya qol çəkməsi ilə bağlıdır. M.Bayramovun rektorun belə “sirr daşıyıcısı” olması təbii ki, sonuncunu ona yenidən vəzifə verəcək həddə qorxudandır.
Qısaca onu da bildirək ki, M.Bayramov illər əvvəl rektorunun yolunu gedərək rus alimlərinin iki dərsliyini çalmaqla birləşdirib və mənimsəyib, əvəzində elmi rəzalət yaradaraq “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaitinə çevirib. İllər əvvəl isə bu əməlinə görə kafedra müdirliyindən qovulub. Və onun həmin kafedra müdirliyinə ilk seçkisində elmi adı və elmi dərəcəsi də olmayıb, sadəcə baş müəllim olub.
M.Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına (AAK) da məlum olub, lakin 14.04.2016-cı il tarixdə məhz i.Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib. Bu da onu göstərir ki, plagiat Cəfərov qrif paylayarkən də heç bir elmi-qanunvericilik təlimatlarını vecə almır, əksinə özü kimi plagiatların sayının artmasına “ləbbeyk” deyir. Ümidvarıq ki, sabiqdən fərqli, yeni təhsil naziri və AAİK belə məsələlərə ciddi yanaşacaq, müvafiq komissiyanın fəaliyyətinə göz gəzdirməklə, rektor və prorektorlar da ilk sırada olmaqla ADAU-dakı saxta elmi ad və dərəcələr geri oxunacaq. Bu kimi plagiat cızmaqaraların isə tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq. Müftəxor məmur-müəllimlərdən biri də bir neçə il öncə rektor İbrahim Cəfərovun köməkliyi sayəsində “Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu”nun direktoru olmağı başaran Mahir Hacıyevdir. Bu şəxs də mühazirə deməyi sevməyən ərköyündür. Lakin, bu adama da yarımştat maaş yazılır, kartı kimdədir və nəyin müqabilində maaş almalıdır, məntiq bilinmir. Baytarlıq və Zoomühəndislik” fakultəsində dəfələrlə dərsə gəlmədiyinə görə kafedra müdiri, profossor Qəmbər Abdullayev tərəfindən qovulmasına dair “TƏQDİMATNAMƏ” yazılsa da, rektorun maddi maraqları sayəsində saxta müəllimlik ştatında saxlanılmaqdadır. Hazırda dekan təyin edilən Qəmbər Abdullayevin bundan sonra Mahir Hacıyevdən davamiyyət tələb edəcəyi isə cingiltili səslənər.
“Dərsə gəlməyən müəllimlər” siyahısında rektor İbrahim Cəfərovla kirvəliyi olan, Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov da var. Onun da hansı fənni nə vaxt tədris etdiyinə dair bilgi yoxdur.
Uzun illərdir Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru kimi çalışan, gününü rəhbərlik etdiyi təhsil ocağında, iş başında keçirən Natiq Cavadov da rektorla dostluq edən gizəmli ADAU müəllimlərindəndir. Bu şəxs də demək olar ki, tələbə qarşısına çıxmadan, universitetə ayaq basmadan 0,5 ştat vahidi maaş alan məmurlardandır. İllərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan soruşmaq lazımdır.
Bunlardan başqa, ADAU-nun sabiq prorektoru, hazırda Bakıda yaşamaqla KT nazirliyi yanında Bitki Mühafizə Mərkəzinin direktoru olan Azad İbrahimov, Gəncə Gömrük İdarəsinin əməkdaşı İlyas Məmmədov, millətvəkili Eldar İbrahimov (məsləhətçi adı ilə), Gəncənin sabiq təhsil müdiri Zakir Hüseynov və bir çoxları universitet büdcəsindən sanki “sosial yardım” alan məşhurlardır.
Adıçəkilənlərin tədrisdə gündəlik iştirak etməməsini sübut üçün oxucuların sənədlərə, jurnallara baxması, dəqiqləşdirmələri rəsmiyyətdə axtarması qəliz görünə bilər. Amma sadə məntiq də dediyimizin isbatı ola bilər ki, post-pandemiya dönəmində rektorun öyündüyü onlayn distant dərslərdə (ADAUTV yayımlayıb) niyə bu şəxslər mühazirə söyləməyib? Bari, müştəbeh rektor reallıqda dərs keçməyənləri virtual mühazirələrə cəlb edəydi, daha telefonlarda qalıb sərt karantin dönəmində yaşı 65-i keçmişləri küllü miqdarda büdcə pulu xərclədiyi “ADAU-TV”-yə zorla gətirtməzdi!..
Əslində, ADAU-nun magistr şöbəsini qəsb edən məmurların simasında, universitetin tədrisinin hansı yarıtmaz keyfiyyətdə olduğunu digər fakültə və kafedralardakı özbaşına mühitdə də aydınlaşdırmaq olar. Məsələn, 2017-2018-ci tədris ilində Aqrobiznes və İdarəetmə fakültəsinin nəzdində “Aqrobiznesin təşkili və idarə edilməsi” kafedrası da maraqlı nöqsana yol verib. Kafedranın “Aqrobiznesin strateji idarəedilməsi” fənni müəllimlərin tədris yükündə olmasına baxmayaraq, Sara və Gülnarə adlı müəllimlər tələbələrə semestrdə ərzində mühazirə demədən, dərs keçmədən maaş alıblar. Daha dəhşətlisi, rektorluq keçirilməyən həmin fənn üzrə imtahanlar təşkil edib, daxili narazılıqları isə hədə-qorxularla yatırıb. Belə cinayət xarakterli faktlar isə digər kafedralarda da yetərincədir və tədris işləri üzrə prorektor, saxta dosent Anar Hətəmovun nəzarəti altında qaynamaqdadır.
**********
ADAU-ya ayrılan büdcə pullarının və daxili imkanlar hesabına formalaşdırılan maliyyə imkanlarının digər məqsədlər üçün xərclənməsində də qeyri-şəffaflıq mövcuddur. Belə ki, ötən illər ərzində universitetdə aparılmış cari və əsaslı təmir işlərinə nə qədər vəsaitin yönəldilməsi, rektorla isti münasibətlərdə olan Bəhruz adlı şəxsin sahib olduğu özəl şirkətə təmir adı altında hər il ard-arda nə qədər pul vəsaitinin köçürülməsi tam qaranlıqdır. Məsələn, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara, nəqliyyat vasitələrinə, kompüterlərə, adi kommunal-kommunikasiyaya, mətbəə işləri, redaksiya və Adau-TV-nin fəaliyyətinə, universitetin hər il podralanan əsas və digər tədris binalarına xərclənən maddi vəsait barədə məlumatlar gizlədilir. Sizcə niyə gizlədilməlidir, məgər şəffaflıq informasiya bolluğundan, ictimai nəzarətə açıq davranışlardan yaranmırmı?
İki nazirliyin kurasiyasında olan universitet üçün təşkil edilmiş tenderlərin əksəriyyətinin varlığına, rektorun özünün və istədiklərinin xarici ölkə səfərləri (ezamiyyə) üçün pərçimlənən pullar barədə də heç bir rəsmi dövlət saytının (özəlliklə adau.edu.az-da paylaşılmır-red) arxivində açıq informasiyalara rast gəlinmir. Satınalmalar üzrə dövlət agentliyi də ADAU barədə rəqəmsal bilgiləri sanki məxfiləşdirir.
Universitetdə 80 hektarı əhatə edən tədris-təcrübə təsərrüfatındakı proseslər, pedoqoji-istehsalat təcrübələrinə ayırmalar (yoxsa, niyə olmamalı?-O.N), illik dövriyyəsi küllü miqdarı aşan tələbə və müəllim həmkarlar təşkilatlarının əlindəki rəqəmlər də kağızlardan-kağıza köçürülür. Yerli Həmkarlar Təşkilatının müstəqilliyi pozulur, büdcəsinin də necə məsrəf edilməsi rektorun şəxsən özünə bəllidir.
Xüsusilə, onu da yada salaq ki, 2016-cı ildə Hesablama Palatasının ADAU-da keçirdiyi maliyyə yoxlamaları zamanı “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiyanın isə birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verdiyi yazılırdı. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürüldüyü iddia edilirdi. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da, əmək haqqlarının rektor İbrahim Cəfərova çatdırıldığı bildirilirdi. Bu barədə rəsmi təkzib mətninin ortada olmaması isə faktları sağlamlaşdırır.
Himayədarlığa gəlincə, yayılan bütün məlumatlarda qalmaqallı rektorun indiyədək sabiq PA rəhbəri, AMEA-nın hazırki prezidenti Ramiz Mehdiyevə və prezidentin sabiq köməkçisi Əli Həsənova sədaqətlə xidmət etdiyi deyilir.
Tədris ocağının bugününü və gələcəyini iflic hala salmağa nə plagiat akademikin, nə də başqalarının haqqı çatmır!
Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunan dikbaşlar anlamalıdırlar ki, istənilən an barələrində çıxarıla biləcək “RƏDD” sərəncamı onların acı sonunu gətirəcək…
Mövzunu diqqətdə saxlayacağıq.
 //demokratik.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir