Elşad Həsənov “kabinet məmuru”na çevrildi — Yasamalın ən böyük problemi “məmur problemi”dir… SAMİR NURİYEVİN DİQQƏTİNƏ!
Paytaxtın problemləri bitib-tükənməyən Yasamal rayonu yenə də şikayətçilərin sayına görə ilk yerlərdədir
Zirveyolu.info xəbər verir ki, Sosial-iqtisadi problemlər girdabında boğulan rayonun rəhbərliyi qarşıya qoyulan vəzifələri nəinki həll edə bilmir, əksinə vəziyyət gündən-günə qəlizləşir. Elə düşünməyin ki, Yasamalın ən böyük problemi işsizlik, yolsuzluq, antisanitariya, qanunsuz tikililər, torpaq alveri və digərləridir. Əsla yox ! Yasamalın ən böyük problemi “məmur problemi”dir. Rayonun dərdinə yanmayan, qarşıya qoyulan vəzifələri yerinə yetirməyən məmurlar!
Yasamal sakinləri icra başçısı Elşad Həsənovun əhalinin vəziyyəti ilə maraqlanmadığından gileylənirlər. “ Digər rayonlarda icra başçıları sakinlərlə birbaşa görüşlər keçirir, onların problemlərini dinləyirlər. Biz nə Elşad müəllimin üzünü görürük, nə də dərdimizi deməyə bir adam tapırıq. Onsuz da onun deputat olarkən bizə göstərdiyi münasibəti yaxşı bilirdik. Dedik bəlkə başçı olandan sonra dəyişilə. Amma, o vaxt hərdən Milli Məclisin iclaslarında televizordan üzünü görsək də, indi ondan da məhrum olmuşuq” deyə sakinlər şikayətlənirlər.
Bəs görəsən yasamallıları narahat edən nədir, E.Həsənovu görsələr nədən şikayətlənərlər?
Yasamal sakinləri deyir ki, E.Həsənov bir dəfə kabinetindən çıxsa görər ki, “Şamaxinka”dan Yeni Yasamala, Alatavadan Şərifzadəyə qədər olan və ümumuiyyətlə Yasamal əhalisinin vəziyyəti nə gündədir, binaların liftləri, zirzəmiləri hansı şəraitdədir. Yasamalın istər 1-ci, istər 2-ci Alatava yaşayış massivləri olsun, istər Yeni Yasamal ərazisi olsun küçələr bərbad vəziyyətdə, məhəllə arası yollar çala-çuxur, səliqəsiz, xaotik gündədir.
İndiyə qədər nə bir məhəllə abadlaşdırılıb, nə İH-nin təşəbbüsü ilə ağacəkmə kampaniyası həyata keçirilib, nə də uşaqlar üçün bir şərait qurulub.
Yasamal sakinlərinin su problemi bütün ölkəyə məlum olsa da İH-nin sanki bundan xəbəri yoxdur. İşsizlikdən gileylənənlərin sosial problemlərinin həllinə kimsə yardımçı olmur. İnsanlar taleyin ümidinə buraxılıblar.
Dövlət başçısının qarşısına mühüm vəzifələr qoyaraq vəzifəyə təyin etdiyi E. Həsənov xalqın içərisinə getmək, onların qayğıları ilə yerindəcə tanış olmaq əvəzinə ənənəsinə sadiq olaraq “kabinet məmuru”na çevrildi. Rayondan deputat olarkən bir dəfə də olsun seçicilərin problemləri ilə maraqlanmayan cənab Həsənov deyəsən özünü hələ də Milli Məclisdəki kabinetində hiss edir. Amma unudur ki, minlərlə Yasamal sakininin problemlərini həll etmək onun vəzifəsidir. “Sovetski”də evləri sökülən, hələ də mənzil məsələsi həll ediləməyən yüzlərlə vətəndaşın da taleyinə cavabdeh odur. Adicə su üzünə həsrət qalan, yaşadıqları həyətləri zibilxanaya çevrilən Yasamal sakinlərinin də dərdinə əlac etmək onun boynunun borcudur. Yayda toz-dumanı səmaya qalxan, yağış yağanda palçıqdan cəngəlliyə çevrilən rayon daxili yollarda min-bir əzab çəkənlərin də ah-naləsini məhz o eşidib əncam çəkməlidir. Prezident “ hər bir məmur xalqın xidmətçidir” deyəndə məhz bunları nəzərdə tutub.
Gördüklərimiz düşündüklərimizin tam əksinə oldu. Hər yerdə narazılıq, hamı şikayətçi. Yəqin ki, əlaqədar qurumlar, nəhayət ki, yasamallıların da səsini eşidəcəklər. Axı bura o qədər də gözdən-könüldən uzaq yer deyil…
Rubrika.Az