Cəmiyyət Manşet

Erkən başlayıb yarım qalan eşq hekayəsi

Dünyadakı insanlar hər cəhətdən fərlqidirlər yalnız bütün insanların ortaq bir arzusu var o da xoşbəxt olmaq. Çünki hər kəs xoşbəxt olmaq istəyir. Xoşbəxtliyin sirri isə əsl sevgidə gizlənmişdir. Həyatdan almaq istədiyimiz çox şey olsa da, əslində bizi xoşbəxt edəcək tək şeyin əsl sevgi olduğunu bilirik. Bu gözəl duyğunu yaşamaq istəsək də, bir çoxumuz buna heç vaxt nail ola bilmir. Ona görə ki, əsl sevgi bizi Yaradan Allah çox sevildikdə yaşana bilər. Qəlbində zərrə qədər Allah sevgisi olmayan bir insan nə qədər cəhd etsə də, məqsədinə çatmaz. Əsl sevginin ləzzətini duya bilməz. Sevgi çox böyük nemətdir, bu gözəl neməti insanın qəlbinə ilham edən isə Allah’dır. Fitrətimiz sevgi üzərində qurulmuşdur. Buna görə də sevgini sevirik. Sevgi əllə tutulmur, gözlə görülmür. Onu hiss edən yeganə varlıq ürəkdir. Sevgi  təbii sərvətdir, varlıqdır, bolluqdur. Sevən insan pozitiv olur. Sevən insanlar insanları sevərlər. İnsan sevdiyi zaman daxilindəki hisslər aşıb daşır. Hətta aşiq olmuş bir insan boş bir otaqda oturanda da ancaq daxilindəki o hissləri artıq bədəni saxlaya bilmir, sanki onun hissləri bütün otağa yayılır və həmin boş otağı sevginin xoş təravəti ilə doldurur, bütün bunları heç kim bilmir, heç kim görmür və daş divarlar belə ona bu hisslər üçün heç bir minnətdarlıq nişanəsini əks etdirmir. Amma bu heç də vacib deyil. Ən əsası odur ki, həmin aşiq olmuş şəxs özünü həyatda hamıdan xoşbəxt hiss edir. Bir sözlə sevgi insanın daxili təəsüratlarıdır. Sevgi passiv bir yoldur, hansı ki, bu yolda insan istədiyi hər bir şeyə sərf etdiyi əmək nəticəsində nail olur və bundan xüsusi bir həzz alır. Bu yolun əsas məqsədi isə insanın özündə əziz və sevimli bir insan tipini formalaşdırmaqdır. Bu yolda o sevdiyi insan üçün yeganə və əvəzedilməz bir şəxsiyyətə çevrilir.
Bütün dünya onun gözlərində günü-gündən daha da genişlənir və gözəlləşir. Məsələn, əgər onun üçün əvvəllər ancaq iki rəng, ağ və qara mövcud idisə artıq o, müxtəlif rəngləri daha parlaq və daha aydın şəkildə görməyə başlayır. Bu hissi yaşamayan insanlara fikir versək görərik ki, onlar çox qarqabaq olur, insanlarla ünsiyyətdən qaçır, qapalı olur, onlarda həyatdan şikayət etmək kimi neqativ proseslər daha çox baş verir. Amma sevən adamlar hər bir şeyə pozitiv baxırlar, həyatın, yaşamağın mənası onlar üçün daha çox olur. Ona görə də, sevgini inkişaf etdirmək lazımdır. Çünki sevməyənlər xoşbəxt ola bilməzlər. Sevgisiz bir qəlb cəhənnəmin özüdür.

Sevgi həm yandırar, həm canlandırar. Bəzən gözlərdən çıxan həsrət və istək dolu damla yaşdır. Hər zaman qurduğun xəyallardır. Yaşatdığın ümidlərdir. Hər an onunla yaşamaq onsuz olanda, onunla olmaqdır. Və sevgi uğrunda yaşamaq, lazım gələrsə uğrunda ölməkdir. Çünki sevmək ölməkdir. Sevmək, ölməsini bilməkdir. Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi bir sözlə hər şeyi olmaqdır. Amma artıq onun bir şeyi olunmadığı bir zaman ölməsini bilməkdir!

Sevgi 5 hərifli sözdür. Amma uğrunda canlar verilir. Dağlar dəlinir. Eynilə son zamanlar gündəmdə olan bu xəbər: “Sevdiyi qıza görə özünü kanala atan yeniyetmə Aqşin”in sevgisi uğrunda verdiyi can kimi. Bu hadisə ötən günlərdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verib. Aqşinin intihar etməsinə səbəb isə sevdiyi qızın valideynlərinin başqa birinə nişanlamaları olub. Təbii ki, yeniyetmə bir oğlanın istədiyi qızın, başqa bir oğlana nişanlanmağı ona çox pis təsir edər. Burada belə bir sual yaranır-Yeniyetmənin sevdiyi qızı valideynləri o yaşda kimə və niyə ərə verirdi?. Doğrudur övladı dünyaya gətirən valideyndir həmçinin onu böyütmək məsuliyyəti də valideynin üzərindədir amma o ki, qaldı övladlarının şəxsi həyatına qarışmaq, buna valideynin haqqı yoxdur. Şəxsi həyat hər kəsin özünün qərar verib, yaşaması lazım olan bir şeydir. Əlbəttə ki, şəxsi həyat deyərkən müstəqil, özünü idarə edə biləcək və qərarlarını düzgün verə biləcək fərddən gedir söhbət. Hansısa yeniyetmə bu gün başqa, bir neçə ay sonra başqa fikirlə yaşayan birindən yox. Valideynin əsas vəzifəsi ilk növbədə uşağa düzgün tərbiyə verərək böyütməkdir. Ona görə ki, insanı insan edən, gələcək həyatına istiqamət verməsinə səbəb olan tərbiyə  doğulduğu gündən etibarən  aparılır. Bir uşağın ən çətin yaş dövrü 11-19 yaşı əhatə edən  yeniyetməlik dövrüdür və  valideynlərimizin köməyi, dəstəyi ən çox da bu zamanlarda gərəkli olur.  Bu dövrdə yeniyetmələr mənlik arayışı, öz həyat məqsədini təyin etmə, sosial əlaqələrini artırıb müstəqil hərəkət etməyə meyilli olurlar. Sonra valideynin digər borcu övladının təhsil alması üçün əlindən gələn hər bir şeyi etmək, daha sonra evlilik məsələlərində övladının məsləhətə ehtiyacı olarsa yanında olmaqdır. Çünki evlilik zamanında, iki şəxs arasında olan sevgi üzərində qurulmalıdır. Evlilik zamanında və şəxslərin öz istəyi ilə qurlumalıdır ona görə ki, valideynlərin və yaxud da başqalarının göstərdiyi təzyiqlə qurulan ailələrin sonu olmur ya boşanırlar ya da cütlüklərdən biri özünü öldürür və bu kimi bir çox uğursuz sonluqlar olur. Onu da qeyd edim ki, Aqşinin sevdiyi qız da özünü Aqşinin intihar etdiyi yerə, həmin Qarabağ kanalına atıb. Bu qızın da psixologiyasının pozulmasının səbabkarı valideynləridir. Belə bir yeniyetməlik dövrünü yaşayan qıza kitab verib elm öyrətmək əvəzinə bu qızı nişanlayıblar. Bu nə dərəcədə doğrudur?. Axı o qız həyatın mənasını tam dərk etmirdi. O, nə bilirdi ki, evlilik nədir, həyat yoldaşı nədir, valideynlik, analıq nədir?. O, özü qayğısız bir uşaq idi. Bu yeniyetməlik yaşında valideynləri  niyə görə bu qızın gələcəyini, həyatını ondan alıb məhv etdilər, canına qıymasına səbəb oldular?. Deyilə bilər ki, uşaq idi niyə başqasını sevirdi, elə isə heç aşiq olmayaydı. Doğrudur, lakin bəlkə bu qızın ilk sevgisi ya da ötəri hissləri idi. Bəlkə də onlar bu hissləri ilə saf sevgi ilə davam edib, zamanında ailə qurub xoşbəxt olacaqdılar. Nəyə görə bu valideynlər bu qədər qəddar davranıb bu qızı canına qəsd etməyə məcbur etdilər?. Çox qəribədir son zamanlar valideynlər sanki, özləri övladlarının ölmünə birbaşa səbəbkar olurlar. Valideynlər övladlarını nə qədər qorusalar, onların fikirlərinə anlayışla yanaşsalar bir o qədər yaxşı olar. Və ən əsası valideynlər övladlarını təhsilə yönəltsinlər ki, uşaq dünyagörüşlü olsun və həyatını düzgün yaşasın. Yoxsa bu cür cahilcəsinə davranıb yeniyetmə bir qızı məcbur ərə verməsinlər. Bu bir növ şiddət sayılır sevmədiyi birinə həm də yeniyetmə yaşında ərə verilmək çox yalnış bir hərəkətdir. Övladlarınıza şiddət əvəzinə sevginizi versəniz, gələcəkdə tərbiyəli, özünəgüvənli, ətrafını sevən bir insan yetişdirə bilərsiniz. Tərbiyəli övlad yetişdirmək üçün də əvvəlcə valideynin tərbiyəli olması lazımdır. Belə bir deyim var: “ Övladlarınızı tərbiyə etməyin. Onsuz onlar sizə bənzəyəcəklər, özünüzü tərbiyə edin!”. Ki, bu cür erkən başlayıb yarım qalan eşq hekayələrinin və bu kimi digər mənfi hadisələrin sayı artmasın, gələcək nəsil məhv olmasın.

Cavadzadə Seyid Sürayə

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir