Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosunu paylaşıb.
E.Qafarov “Facebook”da yeni tikilməkdə olan 4 mərtəbəli villanın fotosunu paylaşaraq, onun Rəşad Tağıyevin çoxsaylı mülklərindən biri olduğunu yazıb.
“Gördüyünüz bu “kiçik” malikanə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi mülklərindən sadəcə biridir. Həzi Aslanov metrostansiyası yaxınlığında, “keçmiş hərbi hissə” adlanan ərazidə, Kazımağa Kərimov küçəsində yerləşir, qiyməti 1,5 milyon manat dəyərində olmaqla, 4 mərtəbəli mülkdür. Dübəndi qəsəbəsində bu malikanədən 2 dəfə böyük daha bir malikanə də R.Tağıyevin son vaxtlar da əldə etdiyi əmlaklardan biridir.
Deyirəm, görəsən “şəffaf” işləyən birinin kiçik bir zaman ərzində bu qədər böyük sərvəti ələ keçirməsi nəyin hesabınadır? R.Tağıyevin şəxsi biznesi yoxdur, daha doğrusu Bakı şəhərində yerləşən 316 ümumi təhsil məktəbindən başqa şəxsi biznesi yoxdur…”/“AzPolitika”