Bakıda amerikalı diplomatın qalmaqallı qətli – Pedofilizm şübhəsi, qisas, qadın ayaqqabısı…
Səs-küylü cinayət işləri və kriminal tarixdə silinməz iz buraxan cinayət aləminin nümayəndələri haqqında silsilə məqalələri davam etdiririk.
Məqalələrdə “qanuni oğrular”ın həyatının bəzi aspektlərinə işıq salırıq.
Oxu.Az-ın əməkdaşı bu dəfə ABŞ-ın 43-cü Prezidenti kiçik Corc Buşun silahdaşının, Respublikaçılar Partiyasının üzvünün Bakının mərkəzində qətlindən yazıb.
2000-ci il noyabrın 29-dan 30-na keçən gecə, Şükran gününü qeyd etdikdən sonra ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Azərbaycan və Gürcüstan üzrə rezident proqramının rəhbəri, 36 yaşlı amerikalı Con Maykl Elvis öldürülüb.
C.Elvisin cəsədi İçərişəhər, Həqiqət Rzayeva küçəsində, 5/7 saylı evdə çoxsaylı bıçaq xəsarətləri ilə aşkarlanıb. O, burada mənzil tutub və ofisi də elə burada yerləşib.
Qətl barədə məlumat Səbail rayon 9-cu Polis Şöbəsinə noyabrın 30-da, səhər saatlarında daxil olub. C.Elvis döşəmədə təkcə alt paltarında uzanmış vəziyyətdə olub. Cəsədin yanında istifadə edilməmiş prezervativlər və sındırılmış “Badamlı” və “Baltika” pivə şüşələrinin qırıntıları aşkarlanıb.
Bundan başqa, qətl yerində cinayət aləti olan kombat bıçağı tapılıb. İstintaqın versiyasına əsasən, qatil qurbanını öldürməzdən əvvəl şüşələrlə amerikalının başına zərbə endirib, nəticədə, o, zərbələrdən huşunu itirərərək yıxılıb. C.Elvisin bədənində ümumilikdə təqribən 40 bıçaq yarası aşkarlanıb. Yaraların 20-dən çoxu baş, üz və boyun nahiyələrinə, 15-i isə bel nayihəsinə tuş gəlib.
Mənzildən heç nə itmədiyinə və amerikalı vəzifəli şəxs olduğuna görə istintaq əvvəlcə sifarişli qətl versiyası üzərində dayanıb. ABŞ-ın Azərbaycandakı səfirliyi və rəsmi Vaşinqton bu versiyanı dəstəkləyiblər.
İş burasındadır ki, C.Elvis ABŞ-ın Respublikaçılar Partiyasının üzvü olub. Həmin vaxt söz-söhbət gəzirdi ki, o, hələ prezident seçilməyə hazırlaşan kiçik C.Buşa yaxın adamdır. Vaşinqtonda istisna edilmirdi ki, amerikalı sağ qalsaydı, Prezident Administrasiyasında yüksək vəzifə tuta bilərdi.
Təhqiqat zamanı məlum olub ki, C.Elvisin yaxın dostları ilə birgə noyabrın 29-da Şükran gününü qeyd etmək üçün birlikdə restoranda toplaşmağa hazırlaşıb. Amerikalı saat 01 radələrində içkili vəziyyətdə restoranı tərk edərək evə yollanıb. Saat 01:30-da o, artıq evdə olub. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, amerikalı səhər saat 04-05 radələrində dünyasını dəyişib.
C.Elvis Texas ştatından olan respublikaçı konqresmen Kevin Bredinin (hazırda Konqresin Nümayəndələr Palatasının Büdcə komitəsinin sədridir) yaxın dostu olduğundan Vaşinqton qətlin təhqiqatında daha da maraqlı görünürdü. Bredi və Elvis ailələri bir-biri ilə sıx bağlıdırlar və on illərdir dostdurlar.
Təhqiqatın gedişi, amerikalıların gözlədiyi kimi, qətlin sifariş xarakterli olmadığına işarə edirdi. Belə ki, hüquq-mühafizə orqanları yetkinlik yaşına çatmayanların izinə çıxıb və onlar dindirilmə zamanı etiraf ediblər ki, C.Elvisə müəyyən məbləğ (100 dollar) qarşılığında intim xidmətlər göstəriblər. Başqa sözlə, amerikalının pedofil olduğu müəyyən edilib.
Respublikaçının bədənində qeydə alınmış xəsarətlərin xarakteri də bu versiyanı gücləndirirdi. Həmin zərbələrin fiziki cəhətdən zəif insan tərəfindən endirildiyi təyin edilmişdi. Fakt üzrə hələ saxlanılan yox idi.
Bu versiya rəsmi Vaşinqtonu qane etmirdi. Həmyerlilərinin qeyri-ənənəvi seksual oriyentasiyalı olduğunu öyrənən konqresmenlər bundan məyus olmuşdular. ABŞ-da öz təhqiqatlarını aparmaq qərarına gəlirlər və Bakıya Federal Təhqiqat Bürosunun (FTB) agentlərini göndərirlər.
ABŞ Konqresinin Nümayəndələr Palatası “Elvisin qətli ilə bağlı” doğru informasiya tələb edir və bəyan edir ki, qatillərin saxlanılaraq məhkəməyə verilməsindən əmin olmaq istəyir.
Bu arada, Piter Van Praq 2010-cu ildə “The Washington Post”da çıxan məqaləsində C.Elvisin qətlini siyasi motivlərlə əlaqələndirib.
Bu dəfə Azərbaycan Baş Prokurorluğu P.V.Praqın məqaləsinə cavab verərək ətraflı şərh edib. Bununla əlaqədar Baş Prokurorluq bəyan edib ki, məqalə həqiqəti əks etdirmir:
“İstintaqın təkzibedilməz sübutlarına əsasən, Con Elvisin fəaliyyəti ilə əlaqədar siyasi motivlər əsasında qətlə yetirilməsi haqqında versiya öz təsdiqini tapmayıb. Çox güman ki, qətl hadisəsi onun qeyri-ənənəvi oriyentasiyalı şəxslərlə intim münasibətləri zəminində baş verib”.
FTB qarşısında işin təhqiqatına hüquqi yardım göstərilməsi haqqında vəsatət qaldırılıb.
Bu müddət ərzində iş üzrə şahid qismində təqribən 1000 nəfər dindirilib. 1500-ə yaxın adamdan barmaq izi götürülüb. 700 nəfərə qarşı operativ müşahidə təşkil edilib. Qətlin qeyri-ənənəvi oriyentasiya zəminində törədilməsi versiyası əsasında C.Elvisin restoranlarda, barlarda və digər yerlərdə tanış olduğu şəxslər müəyyən edilib. Onun intim əlaqədə olduğu qadınlar, kişilər, eləcə də avtomobil yuma məntəqəsində işləyən azyaşlılar aşkarlanıb.
FTB əməkdaşları C.Elvisin şəxsi əşyaları arasında Zaur adlı bir nəfərin ingilis dilində yazdığı məktub aşkarlayıblar. Məktub onun kişilərlə intim əlaqədə olduğunu təsdiq edir. Bununla əlaqədar istintaq Zaur adlı 105 nəfəri aşkarlayıb və yoxlayıb. Bütün bu materiallar FTB-yə göndərilib, lakin uyğunluq aşkarlanmayıb.
FTB-nin hadisə yerində apardığı təhqiqat nəticəsində digər şəxsə aid qan nümunələri tapılıb və genetik koda göndərilib. FTB əməkdaşları hadisə zamanı həmin əraziyə daxil olmuş maşınların videoqeydiyyatının fotosurətini çıxarıblar. Bakı şəhərində qeydiyyatda olan 1000-dən çox oxşar maşın yoxlanılıb. 21 maşının sahibi istintaqa cəlb edilərək dindirilib.
C.Elvisin qəsdən öldürülməsi faktı ilə əlaqədar heç kəs şübhəli şəxs qismində saxlanılmayıb.
“Bununla belə, pedofiliya versiyası ikitərəfli idi. Bəziləri güman edirdi ki, onu uşaqlar bıçaqlayıb. Digərləri isə hesab edirdi ki, uşaqlara görə böyüklər qisas alıb.
Elvisin qətli haqqında iş çoxdan “havadan asılı” vəziyyətdə qalıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət yerindən tapılmış qadın ayaqqabısından bəhs edirlər və güman edirlər ki, qatil iki nəfər olub.