Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli saytımıza açıqlamasında deputatlardan cəmi 9 millət vəkilinin 5 çağırış Milli Məclis (MM) üzvü olduğunu bildirmşidi.
Bəs görəsən, 1995-ci ildən, birinci çağırış MM-dən bu yana parlamentdə 5 çağırışdır təmsil olunan həmin millət vəkilləri kimlərdir?
Dia.az həmin millət vəkillərini təqdim edir:
Öncə qeyd edək ki, Zeynəb xanım parlamentin iki ən stajlı millət vəkilindən biridir.
Belə ki, ünlü sənətçi parlamentdə (keçmiş sovetlər dönəmindən etibarən) 1985-ci ildən təmsil olunur.
O, iki dəfə keçmiş Ali Sovetin, 5 dəfə isə MM-in üzvü seçilib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də Zeynəb xanım kim, 34 illik deputatlıq stajına malikdir.
O da iki dəfə keçmiş Ali Sovetin son çağırışlarının, 5 çağırış isə MM-in üzvü seçilib. A. Rəhimzadə həmçinin, birinci və ikinci çağırşlarda birinci vitse-spiker vəzifəsini icra edib.
3 çağırışdır ki, MM-in Regional məsələlər komitəsinə rəhbərlik edir.
MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da 5 çağırış parlamentin üzvü olan nüfuzlu və çəkili millət vəkillərindədir.
E.İbrahimov 1995-ci ildən həm də parlamentin Aqrar siyasət komitəsinə rəhbərlik edir.
O, həmçinin, parlamentin ən stajlı üzvlərindəndir.
E.İbrahimov həmçinin, 1990-95-ci illərdə sonuncu çağırış Ali Sovetin (sonradan Milli Məclisin) üzvü olub.
Hadi Rəcəbli də E. İbrahimov kimi 6 dəfə millət vəkili seçilən deputatlardandır.
O, 1985-90-ci illərdə keçmiş Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Sonra- 1995-ci ildə ilk çağırış MM-in üzvü seçilib.
Həmin vaxtdan da bu günə kimi hakim partiyanı parlamentdə təmsil edən millət vəkillərindəndir.
Həmçinin, 1995-ci ildən bu yana Əmək və sosial siyasət komitəsinə rəhbərlik edir.
Onun rəhbərlik etdiyi komitə MM-in ən fəal komitələrindəndir.
Parlamentin qəbul etdiyi qanunların böyük əksəriyyəti məhz həmin komitəyə aiddir.
Bununla yanaşı, Hacı Madər Musayevlə Mixail Zabelin də 5 çağırışdır MM-də təmsil olunurlar, biri bitərəf, digəri hakim partiyanın nümayəndəsi kimi.
Həmçinin, adıçəkilən millət vəkilləri E. İbrahimov və H. Rəcəbli kimi, 6 dəfə parlament üzvü olan millət vəkillərindəndir.
Hər ikisi 1990-95-ci illərdə Bakı şəhərini parlamentdə təmsil edən deputatlardan olub.
Eyni zamanda, 5 çağırış MM-in üzvü olan millət vəkilləri arasında professor, Sosial-Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və tanınmış jurnalist İmamverdi İsmayılov da var.
F.Heydərov ilə İ. İsmayılov 1995-ci ildən, X.Kazımlı isə 1999-cu ildən MM-də təmsil olunur.
Qeyd edək ki, X. Kazımlı ilk çağırış parlamentdə tanınmış siyasətçi və elm adamı Səfiyar Musayevin dünyasını dəyişməsindən sonra onu əvəzləyib, daha doğrusu, Goranboy-Naftalan Seçki Dairəsindən boş qalmış deputat kürsüsünə seçilib.(Etikxeber.az)