Cəmiyyət

“İki dəfə aksiya keçirmişik, İcra Hakimiyyətinin nümayəndələri gəlib…” – Sakinlər etiraz edir…

Saatlının Nabatkənd və Orta Muğan kəndlərinin su problem var. Bu barədə, həmin kəndin sakinləri “Gözətçi”yə göndərdikləri şikayətdə məlumat veriblər.

“Bizim kəndə 2-3 gün bundan əvvəl kanalın içi ilə bir az su verildi. O da heç kanalın yarısına çatmadı. Digər kəndlərə isə heç bu da verilməyib. Kanalın içi hazırda qupqurudur, susuzluqdan torpaq çat-çatdır”.

Bunu Nabatkənd kənd sakini Tahir Həsənov deyir. O, bildirir ki, içməli su ilə yanaşı, suvarma suyu ilə də böyük problemlər yaşayırlar:

“Mart ayından başlayan su problemi yanvar ayına kimi davam edir. Buna görə də, heç bir məhsulumuzu yığa bilmirik. Nə payız əkinini yerinə yetirə bilirik, nə də yazlıq əkinini bazara çıxarda bilirik”.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunsa da, şikayətlərə baxan yoxdur:

“İki dəfə aksiya keçirmişik, İcra Hakimiyyətinin nümayəndələri gəlib. Onların hamısı bizdən də gözəl bilirlər ki, vəziyyət necədir. Ancaq yenə də heç bir tədbir görülmür. Səbəb olaraq da göstərirlər ki, su yoxdur. Ancaq bizim rayondan kənara çıxsan görürsən ki, hər yerdə su var. Bir tək bizim kənd də daxil olmaqla rayonun 5-6 kəndi var ki, susuzluqdan əziyyət çəkir”.

T. Həsənov bildirir ki, kəndlərinə içməli su İcra Hakimiyyətinin ayırdığı maşınlarla gətirilir. Əhali suyu pulla alır, suyun tonuna görə isə qiymətlər 5-15 manat arası dəyişir:

“İçməli su həftədə bir dəfə gətirilir. O sudan da həm özümüz üçün, həm də heyvanlara istifadə edirik. Həddindən artıq acınacaqlı vəziyyətdəyik”.

Orta Muğan kəndində də vəziyyət eynidir. Kənd sakini Asim Ağayev bildirib ki, susuzluq onları əkindən uzaqlaşdırıb:

“Aprel ayından kəndimiz su üzünə həsrətdir. Bu problem adətən noyabr ayına kimi davam edir, bu il necə olacaq hələ bilmirik. Kənd sakinləri artıq təsərrüfatlarını suvarmaq haqqında deyil, yaşamaq uğrunda mübarizə aparırlar. İçməli suyu pulla alırıq, maşını 20 manata. Aldığımız su da içməyə, heyvanları təmin etməyə ancaq çatır. Ona görə də, əkindən əlimizi üzmüzük”.

Asim Ağayev əlavə edir ki, Saatlı rayonunun Orta Muğan kəndinin su kanalı ilə Sabirabad ərazisindən keçən Sabir kanalı arasında olan məsafə 11 km.-dir. Sabirabad kəndləri su problem yaşamır, ancaq Saatlının Orta Muğan, Nabatkənd və Çolpukənd kənd sakinləri hər il susuzluqdan əziyyət çəkir.

Saatlı rayon İcra Hakimiyyətindən “Gözətçi”yə bildirdilər ki, məsələdən xəbərdardılar:

“Nabatkənd, Orta Muğan kənd və ora yaxın kəndlərdə yaranan su problemlərinin həlli istiqamətində tədbirlər aparılır. Məsələ ilə bağlı aidiyyatı qurumlarla, o cümlədən suvarma sistemləri ilə əlaqə saxlamışıq”.
"İki dəfə aksiya keçirmişik, İcra Hakimiyyətinin nümayəndələri gəlib..." - Sakinlər etiraz edir...
"İki dəfə aksiya keçirmişik, İcra Hakimiyyətinin nümayəndələri gəlib..." - Sakinlər etiraz edir...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir