Cəmiyyət

Elman Rüstəmovun şirkəti “Azərsu”nu məhkəməyə verdi – TƏFƏRRÜATLAR AÇIQLANIR

“Karvan-K” İstehsalat Kommersiya Firması “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Açıq mənbələrdə şirkətlə dövlət qurumu arasındakı məhkəmə çəkişməsinin səbəbləri barədə bilgi yoxdur.

“Karvan-K” İstehsalat Kommersiya Firması bir neçə il əvvəl medianın diqqət mərkəzinə düşüb. Həmin vaxt şirkətin adı əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) ağacların məhv edilməsində hallanırdı.

Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmaların nəticəsi olaraq şirkətin icraçı direktoru Vüqar İbiş oğlu Şirinov və onun göstərişi ilə ağacları kəsən şəxs saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərə qanunsuz ağac kəsərək təbiətə külli miqdarda ziyan vurmaq maddəsi üzrə ittiham irəli sürülüb.

Həmçinin məlum olub ki, “Karvan-K” İstehsalat Kommersiya Şirkəti “Planet” şadlıq sarayının mülkiyyətçisidir.

Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi də “Planet”in sahiblərinin əməlləri haqqında xəbər yayaraq qeyd etmişdi ki, hadisə yerində olan nazirlik əməkdaşlarına özünü “Planet” şadlıq sarayının rəhbəri kimi təqdim edən Talıb Quliyev ağacların onun göstərişi ilə kəsildiyini deyib.

Mediada gedən məlumatlara görə, “Karvan-K” İstehlasat Kommersiya Şirkəti və mülkiyyətçisi “Planet” şadlıq sarayı Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsusdur. Talıb Quliyev isə onun bibisi oğludur. Bu məlumat indiyə qədər təkzib olunmayıb.

Mənbə: Qaynarinfo

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir