Cəmiyyət

“Fındıq sexlərinin yaxınlığında yaşamaq həyatımızı dözülməz edib” – GİLEY

Zaqatalanın Aşağı Tala və Yuxarı Tala kəndləri arasında fəaliyyət göstərən fındıq emalı sexləri kəndlilər üçün problem yaradıb. Bir qrup kənd sakini Meydan TV-yə deyib ki, zavoddan çıxan qara tüstü bütün ərazilərə yayılır, üstəlik də, aramsız üfunət qoxusu insanların nəfəs almasında çətinlik yaradır.

Üstəlik məsələ tək bu deyil. Kəndlilərin əksəriyyətinin dolanışığı bu sexlərdən çıxır, buna görə də tüstüdən və səs-küydən şikayətçi olanlarla zavodda işləyərək ailəsini dolandıranlar arasında fikir ayrılığı yaranıb.

Sakinlər deyiblər ki, şikayət edəndən sonra sexlərin bağlanması təhlükəsi yaranıb.

“Bir tərəfdə iş yerləri, digər tərəfdə sağlamlıq dayanıb. Bəziləri deyirlər ki, ac qalmaqdansa, zəhərlənib ölmək yaxşıdır. Xüsusilə yaşlılar əziyyət çəkirlər. Son beş-on ildə kənddə nə qədər adamın astma-bronxit, allergiya xəstəliyindən əziyyət çəkdiyini araşdıran yoxdur. Hər iki-üç saatdan bir havaya qara tüstü buraxılır. Sexlərin yaxınlığındakı evlərdə yaşayanlarin günü lap dözülməzdir”, -adını açıqlamaq istəməyən sakin danışıb. Əlavə edib ki, onun qardaşı da zavodda fəhlədir. Qardaşı sexlərin məmurlara məxsus olduğunu, onların işlərinə əngəl törədənlərin müxtəlif vasitələrlə cəzalandırıla biləcəyini söyləyin:

“Məsələn, məktəbin yaxınlığındakı sex fəaliyyətini ildən-ilə genişləndirir. Əvvəl vəziyyət bu qədər dözülməz deyildi. Qardaşımın 5 yaşlı oğlu belə bəzən aylarla öskürür, nəfəs almaqda çətinlik çəkir. Ancaq deyir ki, işdən çıxsa, ya gərək Bakıya, ya da Rusiyaya üz tutsun ki, anam da daxil 8 nəfərlik ailəyə baxa bilsin”.

Aşağı Tala və Yuxarı Tala Zaqatalanın ən böyük kəndlərindəndir. Kəndlilərin əsas dolanışığı fındıq və şabalıddan çıxır. Ötən il Aşağı Tala kəndində fındıq emalı zavodunun tikintisinə başlanılıb. Sakinlər deyirlər ki, bu xəbər onları sevindirib: “Nəhayət, sexlər bağlanacaqdı, orada pis şəraitdə çalışan yerlilər zavodda işlə təmin ediləcəkdi. Havaya da zəhərli tüstü buraxılması dayandırılacaqdı. Amma pandemiya səbəbindən zavodun tikintisi dayandırıldı”,-sakinlərdən Valeh Məmmədov deyib.

Şikayətçilər onu da bildiriblər ki, problemdən Zaqatala Rayon İcra Hakimiyyətinin, eləcə də Ekoogiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri var. Çünki vəziyyət daha dözülməz həddə çatanda şikayətlər edilir, sexlərdə bir müddət havanı çirkləndirməni dayandırırlar. Sonra şikayətçilərin müxtəlif vasitələrlə susdurulmasına başlanılır: “İndiki halda kiminsə çörəyinə bais olmaq vicdansızlıq olar. Amma söhbət sağlamlıqdan gedir, uşaqlar xəstə böyüyürlər. Qanunvericiliyə görə, tozlu, səs-küylü sexlər ən son yaşayış yerindən uzaqda yerləşməlidir. Ən azı evlərin arasında, sıx yaşayış yerlərinin yaxınlığındakı sexlər kəndin kənarına köçürülsün. Nə camaat iş yerindən olsun, nə də uşaqlarımız tüstüdən ziyan çəksinlır. Kəndin kənarında boş ərazilər var”,-Valeh Məmmədov söyləyib.

İcra hakimiyyətindən sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, yaxud nazirliyin yerli qurumuna yönəldilməsini məsləhət görüblər. Nazirliyin mətbuat xidmətinə sorğu göndərilsə də, cavab verilməyib.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir