Bir müddət əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları (AQTA) Naftalan şəhəri, N.Gəncəvi küçəsi 20 ünvanında fəaliyyət göstərən, “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçirmişdi.
Yoxlama zamanı məlum olmuşdu ki, müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələbləri yerinə yetirilmir, həmçinin sanitariya normaları və qaydaları da kobud şəkildə pozulur. Baxış zamanı döşəmələrin tamlığının pozulması, yəni çürüyüb sıradan çxması, divar və tavanın sanitar normalara uyğun olmadığı, eyni zamanda, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçmədiyi məlum olub. Bununla yanaşı, məhsulların saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları da aşkar edilib.
Daha nə olsun?!
İnsanlara sağlamlıq vəd edən bir müəssisənin öz əməkdaşlarının belə mütəmadi olaraq tibbi müayinələrdən keçmədiyi müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Yəqin ki, bu faktlar aşkarlanana qədər, “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”nin xidmətlərindən yararlananlar olub. Amma aşkar olunan vəziyyətə nəzər salanda buradakı xidmətlərdən yararlananların bu günə qədər səsini çıxarıb şikayət etməməsi bir möcüzədir.
Görəsən, kifayət qədər vəsait ayırıb, sağlamlıq naminə belə müəssisələrə üz tutan vətəndaşlarımız, niyə öncədən gedəcəkləri məkanı araşdırıb sonra müraciət etmir?
Sağlamlıq Mərkəzindəki vəziyyətə baxanda adamın ürəyi ağrıyır. Qlobal böhran dönəmi bir kənara qalsın, həmin yerə sağlamlıq üçün üz tutanlar, görəsən, həqiqətən şəfa tapa biliblərmi? Antisanitariya şəraiti, kirli mətbəx, dağılmış döşəmə, kirli divarlar və tavan insanın sağlamlığını itirməsi və əlavə xəstəliklər tapması üçün kifayət qədər şəraitə malikdir. Bu da bir kənara, tutaq ki, xəstələr, sağlamlıq üçün gələnlər bu vəziyyətə göz yumur, bəs müvafiq dövlət qurumları heçmi nəzarət etməyib, heçmi monitorinq keçirməyib? Düzü, müəammalı məsələdir. Çünki döşəmənin çökməsi, divarların, tavanın kirlənməsi bir ayın, 5 ayın məsələsi deyil. Görünən odur ki, bu müəssisə illərdir ki, antisanitar şəraitdə fəaliyyət göstərib. Maraqlanmalı olan qurum isə, nəyəsə görə gözmü yumub?!
Məşhur “Bəyin oğurlanması” filmində kolxoz sədri “burdan eşit, burdan oyna” demişdi – dəyərli mərhum aktyorumuz Səməndər Rzayev… “Sağlamlığı ordan tap, burdan itir” üslubunda işləyən müəssisədə sağlamlıq axtaranlara, Allah kömək olsun…
Üstəlik ümumiyyətlə, naftalan yağı onkoloji xəstəlik riski yaradan maddələrin siyahısındadır. Müalicənin daha etibarlı formalarına üz tutmaq daha məntiqlidir.
Bizimyol.info