Bu bank haqqında qısaca onu deyə biləırik ki, 1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə adını dəyişərək “Nikoil Bank” adlandırılıb.
2019-cu ildə isə yenidən adını dəyişib və Yelo Bank olub.
Mətbuatda bu bank Rusiyalı milyarder Vahid Ələkbəovun adı ilə bağlanır.
Həqiqətən də iki gün öncə bankın Bakıda yeni baş ofisinin açılışına Vahid Ələkbərov özü qatılmışdı.
Hətta tədbirdə Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov da iştirak edirdi.
Hazırda “Yelo Bank” ASC-nin 3-ü regionda olmaqla (Gəncə, Lənkəran, Bərdə) ümumilikdə 13 filialı var. Bankın İdarə Heyətinin sədri Anar Həsənovdur.
Aşılışda çıxış edən bankın Müşahidə Şurasının sədri Marina Kulişova deyir: ”Əsas sərvətimiz burada çalışan əməkdaşlar olduğundan, onlar üçün ən rahat şəraitin yaradılmasına xüsusi diqqət yetirdik”.
Adama sual verən yoxdur ki, kredit vermək adı altında zəlil günə qoyduğunuz Azərbaycan vətəndaşları sərvət deyilmi?
Bəlkə faktlara keçək.
Müharibə veteranı olan Azərbaycan vətəndaşı 2014-cü ildə Nikoil Bankdan 25 min dollar kredit götürüb. Dolların məzənnəsi 0,78 olarkən götürülən kredit məbləği məzənnəyə uyğun 19500 manat edirdi. İlkin mərhələdə 5000 dollar ödənilib.
Vətəndaş deyir ki, mən devalvasiyadan sonra banka daha 25 000 dollar ödədim. Yəni, hazırkı məzənnəyə uyğun olaraq, müharibə veteranı banka nə az, nə çox, düz 50 min manat ödəyib. 19500 manat alıb 50 min manat ödəyən müharibə veteranına borcu olmadığını deyən bank daha sonra ortaya 9000 dollar FAİZİN FAİZİ deyilən bir borc atıb. Müştərinin şikayətiylə Ədliyyə nazirliyinin ekspertizası bu borcu yoxlayaraq 7000 dollara salıb. Lakin müharibə veteranı bu haqsızlıqla razılaşmayıb aidiyyatlı orqanlara müraciət ünvanlayıb, o cümlədən cənab Prezidentə və Birinci Vitse Prezidentə də şikayət edib.
Sələmçilikdən əl çəkməyən Yelo Bank isə vətəndaşı verib məhkəməyə və sövdələşərək, pandemiya dövründə və müştərinin, həm də cavabdehin iştirakı olmadan qətnamə çaxarıb.
Vallah heç 37-ci ildə belə məhkəmə olmurdu.
Ən dəhşətlisi odur ki, Yelo Bank heç nədən məhkəmənin qərarı ilə vətəndaşın xəbəri olmadan onun evini, əmlakını ucuz qiymətə hərraca çıxardıb.
Bu sələmçilər başa düşmür ki, ümumiyyətlə, faizin ödənişi əmlaka yönəldilə bilməz, faizin faizi olmaz. Bu dünyanın hər bir yerində belədir.
Amma bizim banklar faizə də faiz hesablaya bilir. Və Yelo Bankın tətbiq etdiyi bu metodikanın qanuni və hüquqi bazası yoxdur. Heç bir hökumət qərarıyla və sərəncamıyla tənzimlənmir. Bank istədiyi qərarı verə bilir.
Bu prosesdə banklarla bəzi ədalətsiz məhkəmə hakimləri “bazarlıq” edirlər.
Yuxarıda müharibə veteranının başına gələn hallar bir deyil, iki deyil. Yelo Bank xeyli sayda Azərbaycan ailələrini zəlil günə qoyub, evlərindən çıxardıb.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da iki gün öncə Yelo Bankı bəh-bəhlə tərfiləyirdi.
Bəli, lətifəsi bunlardan uzaq olsun, “bankir bankirin ayağını tapdalamaz”, amma vətəndaşlarımızın hüquqları tapdalanar…
Ümumiyyətlə, “Yelo Bank”da maxinasiyalar, qanunsuzluqlar barədə Baş Prokurorluqda araşdırma da aparılıb, filial direktorları cəzalandırılıb.
Təəssüf ki, ortada nəticə yoxdur. Vətəndaşların şikayətləri davam edir… //gundelik-baku.com//