Manşet

Ata: Oğlumun intiharına səbəb olmuş zastava rəisi aidiyyəti olmayan maddəylə həbsdədir

Zərərçəkmiş məhkəmənin gedişindən narazıdır

İlyarımdır Tərtər Rayon Hərbi Məhkəməsində Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçusu, zastava rəisi, baş leytenant Aftandil İbrahimovun məhkəməsi gedir. O, əsgərlərə zor tətbiq etməkdə təqsirləndirilir.
Ötən il mayın 23-də, axşam saat 10 radələrində hərbi hissənin 21 yaşlı əsgəri Bəhlul Əvəz oğlu Salmanov ona təhkim olunmuş avtomat silahdan atəş açmaqla özünü öldürüb. Mayn 24-də bu hadisəyə görə Zaqatala Rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Bu iş üzrə toplanmış materiallar əsasında bir neçə gün sonra hərbi hissənin sərhəd zastavalarından birinin rəisi Aftandil İbrahimov həbs olunub. Ancaq o, 125-ci maddəylə yox, 329-cu maddənin 2.1, 2.2 və 3-cü hissəsiylə təsqirləndirilib. Bu maddə və maddənin qeyd olunan hissələri özündə rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə, zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə və silah tətbiq etməklə onu qulluq vəzifəsini pozmağa məcbur etmə cinayətini ehtiva edir. Bu cinayət işinin istintaqı sonradan Bakıda Hərbi Prokurorluq tərəfindən davam etdirilib. İstintaq zamanı əsgərlər Natiq Şəfəqqətov, Rəhman Məmmədov, Qulu Samiq, Məhəbbət Babayev, Röyal Məmmədov, Əli Ağalarov, İlnur Əliyev, Zəfər Həsənov, Elvin Məmmədov, Natiq Yaqubov, Tərlan Hüseynov, Aqil Qədirli, Mübariz Şadmanov zərərçəkmiş kimi tanınıb. Onlar ifadələrində tabeliyində olduqları zastava rəisi tərəfindən həm özlərinin, həm də intihar etmiş əsgər Bəhlul Salmanovun tez-tez döyülmələrə, təhqirlərə məruz qaldıqlarını bildiriblər.
Bəhlul Salmanovun atası, Masallının Viləş kənd sakini Əvəz Salmanovsa istintaq tərəfindən zərərçəkmişin hüquqi varisi kimi dindirilib. O, həm ibtidai istintaq, həm də məhkəmə ifadələrində göstərib ki, oğlu ölümündən əvvəl – mayın 21-də ona zəng vurub, xayasında şişkinlik yarandığını, buna görə hospitala köçürülmək istədiyini bildirib. Atası ondan səbəbini soruşanda zastava rəisi Aftandil İbrahimovun onun xayasına təpiklə zərbələr vurduğunu deyib: “Mən hərbi hissəyə getmək istədim, oğlum qəti razı olmadı, dedi ki, əsgər yoldaşlarım hərbi hissədə olanları evdəkilərə xəbərlədiyimə görə mənə pis münasibət göstərərlər. Dedi ki, 2-3 günə hospitala gedəcək, mənə də bu barədə xəbər verəcək. Mayın 24-də xəbər gəldi ki, özünü güllələyərək öldürüb. Ölümündən sonra əsgər yoldaşlarından eşitdim ki, həmin zastava rəisi başqa əsgərlərin gözü qarşısında oğlumu tez-tez döyür, təhqir edirmiş”.
Əvəz Salmanov Meydan TV-yə deyib ki, ilyarımdır davam edən məhkəmə düzgün aparılmır:
“Əvvəla, mənim oğlum zastava rəisinin işgəncələrindən özünü öldürüb, onun döyülmələrini, təhqir olunmalarını əsgər yoldaşları da, ibtidai istintaq zamanı verilən ekspertiza rəyi də təsdiqləyib. Bununla belə, 125-ci maddə aradan qaldırılıb, zastava rəisinin üzərində sadəcə, zor tətbiq etmə maddəsi saxlanılıb. İkincisi, ilyarımdır ki, məhkəməyə gedib-gəlirik, gah deyirlər, o şahid gəlmədi, gah deyirlər, bu zərərçəkən gəlmədi… Halbuki, gəlməyən üçün məcburi gətirilmə qərarı çıxarılmalıdır. Göz görə-görə müxtəlif bəhanələrlə məhkəməni uzadırlar. Bu uzanma ona gətirib çıxartdı ki, hakim oğlumun ölümüylə əlaqədar təkrar ekspertiza təyin etdi, bu ekspertiza rəyi ilə hər şeyi oğlumun üzərinə yıxdılar. Guya iki mülki maşını səhvən zastavanın ərazisinə buraxdığı üçün həyəcanlanıb, ona görə də özünü gülləylə vurub. Halbuki, ibtidai istintaq zamanı verilən ekspertiza rəyi oğlumun məhz zastava rəisinin təhqirlərinə, fiziki təzyiqlərinə dözməyərək özünü öldürdüyünü təsdiqləyib. Mən ikinci dəfə keçirilən ekspertizanın rəyini qəbul etmirəm və qəti şəkildə bildirirəm ki, rəy saxtalaşdırılıb”.
İbtidai istintaq zamanı alınmış ekspertiza rəyində qeyd olunub ki, baş leytenant İbrahimov, xidmətində yol verdiyi nöqsanlara görə əsgər Bəhlul Salmanovu mütəmadi olaraq şəxsi heyətin qarşısında təhqir edib, işgəncə verib. Sonuncu dəfə 16 may 2020-ci il tarixdə ona qarşı zor tətbiq etməsindən, onu döyməsindən sonra Salmanov bezdiyini bildirib, psixikasında mənfi dəyişikliklər baş verib, özünüidarəetməsi aşağı düşüb, vəziyyətdən çıxış yolunu özünü öldürməkdə görüb: “İbrahimovun dəfələrlə Salmanovun ləyaqətini alçaltması onun psixi emossional sferasında depressiv əlamətlər, özünəqapanma, sıxıntı, qəmginlik, bezikmə və sair halların yaranmasına səbəb olub”.
Əvəz Salmanov deyir, Bəhlulun ölümündən sonra əsgər yoldaşları və hərbi hissə rəhbərliyi onun 17 ay qüsursuz xidmət göstərdiyini, intizamlı əsgər olduğunu deyiblər: “Oğlumun evə dönməsinə cəmi 1 ay qalmışdı. Onun intihara əl atması ilk gündən məndə şübhələr yaratmışdı. O, özünü öldürəcək oğul deyildi, bu uşağa nə qədər zülm olunub ki, o, dərdini içində çəkib, evdəkilərə bildirməyib, çıxış yolunu özünü öldürməkdə görüb”.
Aftandil İbrahimov həm ibtidai istintaq, həm də məhkəmə ifadəsində özünü qismən təqsirli bilib. O, əsgərlərə qarşı zor işlətməsiylə bağlı ittihamların bəzilərini qəbul etsə də, bəzilərini inkar edib. Bəhlul Salmanovun ölümündə isə özünü təqsirli bilməyib.
Tərtər Rayon Məhkəməsindən Meydan TV-yə bildirilib ki, bu iş hakim Əhməd Sarıyevin icraatındadır və növbəti məhkəmə iclası noyabrın 3-nə təyin olunub.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir