Uşaqlar işıqsız, istiliksiz otaqlarda dərs keçməyə məcbur qalıb – İki rayon bir məktəbi “bölə bilmir”…
Kürdəmir rayonunun ərazisində məcburi köçkünlər üçün qəsəbədə yerləşən Əlövsət Tahirov adına 29 saylı tam orta məktəbdə 3 həftədir işıq və istilik yoxdur.
Cebhe.info-ya bu haqda valideyinlər məlumat verib. Valideyinlər bildiriblər ki, məktəbdə işığın və istiliyin olmamasının səbəbi Ağdam və Kəlbəcər Təhsil Şöbələrinin məktəbi “bölüşdürə” bilməməsidir:
“Məktəb Ağdamın balansıdadır. Amma Ağdam məktəbi fəaliyyət göstərmir, çünki şagirdləri yoxdur. Məktəbdə hazırda qəsəbədə məskunlaşan ailələrin uşaqları təhsil alır. Binada Kəlbəcər məktəbi də fəaliyyət göstərdiyi üçün uşaqlar məhz həmin məktəbə gedir. Ağdam Təhsil Şöbəsi isə məktəbin işıq və istilik təchizatını dayandırıb. Havaların soyuq keçdiyi bir zamanda 3 həftədir uşaqlarımız soyuq, qaranlıq otaqlarda dərs keçirlər. Təhsil şöbələrinin arasındakı prinsipə görə bizim uşaqlarımız soyuq otaqlarda oturur, xəstələnirlər”.
Məktəbin direktori Muğan Novruzov Cebhe.info-ya açıqlamasında probleminin 5 noyabrdan etibarən həll olunacağını deyib:
“Səbəb odur ki, məktəb Ağdam Təhsil Şöbəsinin balansındadır. Yəni təhvil-təslim haqqı onlara verilib. Bizim məktəb keçən il bura gəlib, biz öz vəsaitimiz hesabına kommunal xidmətləri təşkil etmişik. Ancaq indi onlar öz məktəblərini açırlar. Mən Təhsil Şöbəsinə də rəsmi şəkildə müraciət etmişəm. Rəsmi olaraq bildirilib ki, 5 noyabrdan onlar fəaliyyətini bərpa edirlər. Ona görə də kommunal xidmət almaq mümkün deyil. Bu günə qədər işıq, su məsələsini öz vəsaitimiz hesabına təmin etmişik. Amma əslində bu, dövlət əhəmiyyətli işdir. İndi 5 noyabrdan Ağdam məktəbi fəaliyyətə başlayacaq, ondan sonra kommunal xidmətlər bərpa olunacaq”.