Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyində dəyişikliyə hazırlıq getdiyi haqda xəbərlər daxil olub. Anaxeber.info məlumat verir ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovla yolların ayrılması qərarına gəlinib.
S. Məmmədov uzun müddət bu sahədə yüksək vəzifə tutub və artıq həm yaş faktoru, həm onun fəaliyyətindən siyasi rəhbərliyin narazı qalması nəzərə alınaraq istefaya göndərilməsi planlaşdırılır. Bununla bağlı idarə heyətinin toplantısının olacağı gözlənilir. Ardınca, S. Məmmədovun yerinə təyinat açıqlanacaq. Bildirilir ki, AAYDA rəhbəri son zamanlar yol tikintisi işlərində, o cümlədən mətbuatda adının tez-tez hallanmasında diqqət mərkəzinə gəlib, ona görə ölkə rəhbərliyi onunla işləmək istəmir. Onun yerinə əsas namizəd də irəli sürüldüyü deyilir. Xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayevin sədr təyin olunması gözdən keçirilir. İddialara görə, onun təqdimatı verilib. Ə. Qocayev hakimiyyət daxilində güclü dayaqları olan məmurdur. Xüsusi ilə mediaya ilə sıx işləyə bilməsi üstünlükləri də göstərilib. Əvəz Qocayevin mətbuatda yaxşı əlaqələrə malik olduğu, onlarla öz informasiya siyasətini qurduğu bildirilir. Təbii ki, bu da sədr vəzifəsinə keçərkən media ilə daha yaxşı işləmək imkanı yarada bilər. Ancaq sədr S. Məmmədovun Ə. Qocayevin mətbuatla bu səviyyədə geniş əlaqələrinin olması haqda məlumatı yoxdur. Ə. Qocayev uzun müddətdir ki, “Azəryolservis” ASC, sonra yeni yaranan qurumda yüksək vəzifə tutmaqdadır. Əlbəttə, kimin hansı vəzifəyə təyin olunması prezidentin səlahiyyətindədir, son qərarı ölkə başçısı verəcək, lakin hələlik ilk namizəd Əvəz Qocayev göstərilib. Tərəflərin bu iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq.
Anaxeber.info