Dünya

“Putin qadağa qoymamaqla taktiki gediş edib” – GÜRCÜSTANI NƏLƏR GÖZLƏYİR?

Putin söyüş qalmaqalından sonra Gürcüstanla münasibətləri istiləşdirməyi qərara aldı.

Redaktor.az bildirir ki, politoloq Şahin Cəfərli Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanla bağlı gözlənilməz qərarının səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Rusiya “asacaq”, “kəsəcək”, “Gürcüstan artıq bitdi” kimi gözləntilər növbəti dəfə özünü doğrultmadı:

“Yeni sanksiyaların tətbiqindən vaz keçildi, hazırda təyyarə reyslərinin təkrar bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi müzakirə edilir. Çünki Putin bu gərginlikdən Rusiyanın daha zərərli çıxacağını, son illər Gürcüstan üzərində əldə etməyə başladığı təsir imkanlarını tamamilə itirəcəyini, əlaqələri qoparmağın Gürcüstanın Ukrayna ilə bərabər Rusiya sərhədlərində, Qara dənizdə Amerikanın bastionuna çevrilməsi prosesini daha da sürətləndirəcəyini və bu seçimin alternativsiz hala gələcəyini anladı”.

Politoloq qeyd edib ki, Gürcüstan-Rusiya münasibərləri ilə paralel son günlər Ukrayna-Rusiya münasibətlərində də gərginlik artdı:

“Zelenski gözlənilməz şəkildə Moskvanın ölkə daxilindəki şəbəkəsinin üzərinə yeridi. Gürcüstan və Ukraynanın keçmiş metropoliyadan qopması prosesi sancılı gedir. Hazırda Moskvanın bu ölkələri əldə saxlamaq üçün göstərdiyi çabalar hərəkətə gəlmiş qatarın son vaqonuna özünü çatdırıb, stop-kranı çəkmək cəhdinə bənzəyir”.

Analitik Elçin Mirzəbəyli də Redaktor.az-a Rusiya prezidentinin sanksiyalarla bağlı qərarını şərh edib.

E.Mirzəbəyli hesab edir ki, Vladimir Putinin bu qərarı, Rusiyanın son vatlar daha çox istifadə etdiyi taktiki gedişdir:

“Mən hesab etmirəm ki, Putinin bu qərarı Rusiyanın geriyə atılmış addımıdır. Əgər son vaxtlar Rusiyanın ümumilikdə yürütdüyü siyasi xətti analiz etsək, görərik ki, Moskva müdaxilə etdiyi və ya münaqişə yaşadığı ölkələrin vətəndaşlarına belə bir mesaj verir: “Bizim problemimiz xalq deyil, onun başında duran və düzgün idarə etməyən hakimiyyətlədir”.

Kremlin bu taktiki gedişi ölkə daxilində xalqla hakimiyyət arasında fikir ayrılığına səbəb olur ki, məqamı çatanda bu vəziyyətdən ustalıqla istifadə olunur…”

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsini doğru hesab etmədiyini açıqlamışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir