“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına İB-nin işi Vətən müharibəsi veteranlarına dəstək göstərməkdir, daha hansısa məmuru və ya icra başçısını müdafiə etmək deyil.
Bir il əvvəl baş vermiş, Azərbaycanın Ermənistan üzərində qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnın 44 günlük Vətən müharibəsi xalqımızın, ölkəmizin, dövlətçiliyimizin tarixində ən şanlı səhifələri təşkil etdiyi kimi, əldə olunan Zəfərin sevincini, təntənisini artıran, simvolizə edən hər şey Azərbaycan mədəniyyətində, folklorunda, xalqın mentalitetində özünə yer tutacaqdır. Bu sıraya möhtərəm Prezidentimizin “Qarabağ Azərbaycandır və Nida” sözləri, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyata verilmiş “Dəmir Yumruq” adı və s. daxildir. Ona görə də həmin simvollarla eyni adlı ictimai təşkilatların, media alətlərinin (sosial şəbəkə səhifələrinin) yaradılması da anlaşılandır.
Düşünürük ki, “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyi də bu tendensiyanın təzahürüdür. Doğrudur, dövlətimiz, xalqımız, cəmiyyət Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə, veteranlara hər cür qayğı və diqqət göstərir, onların sosial rifahının yaxşılaşdırılması üçün proqramlar həyata keçirir. Dövlətə etibarlı tərəf müqabili olan Heydər Əliyev Fondunun, “Yaşat” Fondunun, ayrı-ayrı xeyriyyəçi şəxslərin bu müstəvidə gördükləri təqdirəlayiq işlər də yetərincədir. Ancaq dövlətin qayğılı münasibətini vətəndaşlara, ələlxüsus da imtiyazlı, həssas kateqoriyadan olan vətəndaşlara ötürməklə vəzifələndirilmiş şəxslərin bu sahədə gördükləri işlərin həddən ziyadə qabardılması, gəlin razılaşaq ki, ən azından təvazökarlıqdan uzaqdır. O da aydındır ki, belə vəzifəli şəxslər sırasında ilk cərgədə şəhər, rayon (şəhərlərdə rayon) icra hakimiyyətlərinin başçıları gedir. Bu yüksək statuslu dövlət qulluqçularının vəzifələri sırasında yuxarıda qeyd olunan işlər də vardır, hansı ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə” əksini tapıb.
Başqa sözlə, hazırki vəziyyətdə əgər hər hansı icra başçısı şəhid ailələrinə, qazilərə diqqət və qayğı müstəvisində həyata keçirdiyi öz vəzifələrini birbaşa, ya da dolayısı ilə “gözə soxmağa” çalışırsa, icra hakimiyyətinin orqanı olan KİV – də verilən rəsmi informasiya ilə kifayətlənməyib ictimai təşkilatların təbliğat mexanizmlərində “şişirdirsə”, demək, həmin vəzifəli şəxsin tərifə, haqqında gedən tənqidi məlumatlarla balans yaratmağa ehtiyacı vardır. Ağdam RİH-nin başçısı Vaqf Həsənov kimi.
Bildiyiniz kimi, Vaqif Həsənovun Ağdam rayonunda yarıtmaz idarəçiliyi, son zamanlar isə rayon rəhbərliyinin şəhid ailələri və qazilərlə bağlı siyasətindəki boşluqlar barədə mediada ciddi ittihamlar səslənir. Bu qəbildən olan yazılar “Realmedia.az” saytında da dərc olunmuşdur. Doğrudur, Realmedia.az həmin yazıları başqa KİV-ə istinad etsə də, görünür, Ağdam sakinləri sırasından bizim saytın oxucuları çox olduğundan, məhz bizim yazıların doğurduğu rezonans da güclü olmuşdur. Görünür, Vaqif Həsənov, barəsində gedən haqlı tənqidi yazıları təkzib etmək üçün yetərli arqumentlərə malik olmadığından və onu müdafiə edəcək KİV tapmadığından, çox güman özünə yaxın şəxsin başçılıq etdiyi “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin köməyindən faydalanıb. Adı çəkilən təşkilat noyabrın 7-də eləmə tənbəllik, öz feyzbuk səhifəsində “son zamanlar baş verənlərə qurum olaraq səssiz qala bilmədiyi üçün” paylaşım edərək Ağdam rayon ictimaiyyətinə müraciətdə bulunub və Vaqif Həsənovun müdafiəsinə qalxıb. Yazıb ki, Ağdam rayonunda qazilər, şəhid ailələri ilə bağlı rayon icra hakimiyyətinə yönləndirilmiş ittihamlar tamamilə əsassızdır, rayonda bu qəbildən olan insanlar arasında fərq qoyulmur: “Dəfələrlə şahidi olmuşuq ki, Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov şəhid valideynlərini ziyarət edib və təkcə Ağdam deyil, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Yevlax, Bərdə, Qəbələ, Sumqayıt, Bakı kimi şəhərlərimizdə yaşayan Ağdamlı qazi və şəhid ailələri ziyarət edilib”.
İB həmçinin qeyd edib ki, güya Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Vaqif Həsənov haqda mənfi rəy formalaşdırmağa çalışanlar onun öz işində səhv tapmayıb, son günlərdə şəxsiyyətini və ailəsini hədəf alıblar: “Düşünürük dəyərli, mərdlik və kişilik rəmzi saydığımız Ağdamlılıq mentaliteti həmin cib jurnalistlərinin cavabını verəcək”.
Xatırladaq ki, bir neçə gün əvvəl Ağdam RİH başçısının rayon təhsil şöbəsində inspektor işləyən xanımının məktəblərin birində şəhidlərin də xatirəsinin anıldığı vətənpərvərlik törəninə qırmızı ətək geyimlə qatılması haqlı narazılıq doğuraraq tənqid olunmuşdu.
İB-nin səhifəsində yazılan statusa rəy yazıb xatırlatdıq ki, onun üzərinə götürdüyü missiya adından da məlum olduğu kimi, Vətən müharibəsi veteranlarına dəstək göstərməkdir, daha hansısa məmuru və ya icra başçısını müdafiə etmək deyil. Bu xatırlatma bütün yazdıqları kobud orfoqrafik səhvlərlə müşayiət olunan səhifə admininin xoşuna gəlmədi və bu dəfə yenə də əsas işini unudub rəy müəllifinin üstünə hücuma keçdi. Guya saytımızda gedən yazılar yüzlərlə, minlərlə Ağdamlının hiddətinə səbəb olub.
Qeyd etməyə dəyər ki, məlum feyzbuk statusunun ətrafında gedən diskussiyaya tərəqqipərvər Ağdam vətəndaşları da qoşulmuş, haqlı mövqeyimizi dəstəkləmişlər. Məsələn, Raidə Əliyeva adlı internet istifadəçisi yazır: “Ay QHT, şəhidlərə, qazilərə, müharibə iştirakçılarına edilənləri dövlət edir və icra başçısını da bunu etmək üçün ora qoyublar. Gəl başqa səbəblə yanaş, gör bu icra başçısı səni tanıyır ya yox… yəni, sizlərə hörməti Azərbaycan dövləti və xalqı edir, bunu ayrı-ayrı adamların adına yazıb, kiməsə minnət borcunuz olmasın, sizlər bütün borcunuzu ödəmisiz”.
Məhsəti İsmayılova adlı digər istifadəçi QHT təmsilçisinə “ocaq yanmasa, tustü çıxmaz” atalar məsəlini xatırladır. Chingiz Guliev adlı istifadəçi bu cür təbliğat növündən başqa rayon rəhbərlərinin də yararlandığını müşahidə etdiyini deyir.
Beləliklə, Vaqaif Həsənov “qaş düzəltmək əvəzinə vurub göz çıxarıb”. Şübhə yoxdur ki, bu uğursuz cəhdindən sonra ona ünvanlanan tənqidlər daha da artacaq.
Realmedia.az
[center][img]https://xeberfakt.az/uploads/posts/2021-11/1636553396_1636551425_04.jpg[/img]
[img]https://xeberfakt.az/uploads/posts/2021-11/1636553450_1636551417_03.jpg[/img]
[img]https://xeberfakt.az/uploads/posts/2021-11/1636553436_1636551398_02.jpg[/img]
[img]https://xeberfakt.az/uploads/posts/2021-11/1636553479_1636551405_01.jpg[/img][/center]