Vətən müharibəsində yaralanan qazini qurumlar qapılara salıb.
Bu barədə Vətən müharibəsində yaralanmış Əmiraslanov Gündüz Yediyar oğlu özü Yenicag.az-aməlumat verib.
Gündüz Əmiraslanovun sözlərinə görə, hazırda durumu ağır olsa da, ona əlillik verilmir:
“28 sentyabr 2020-ci ildə ordu sıralarına çağrıldım və müharibədə iştirak etdim. Oktyabr ayının 16-da yaxınlığıma top mərmisi düşdü və nəticədə yaralandım. Boğazımda hələ də qəlpə qalmaqdır. Həkimlər bildirir ki, qəlbə çıxarsa həyati təhlükəm olar. Buna görə də, həmin qəlpəni çıxarmırlar.
Müharibədən sonra bir neçə dəfə əlillik dərəcəsinin alınması üçün müraciət etmişik. Hamısında da yenidən mülicə yazıblar, məsələ ondadır ki, dəyişən heç nə yoxdur”.
Qazi yarasından əziyyət çəkdiyi halda, qurumlar əlillik dərəcəsini verməmək üçün bir-birilərinin üstünə atır.
Gündüz Əmiraslanovun atası Yediyar Əmiraslanovun sözlərinə görə, övladını öz pulu ilə müalicə etdirir:
“Müharibəyə çağıranda bir sənəd, bir zəng etdilər, ancaq əlillik almaq üçün 50 qapıya göndərirlər. Övladım dövlətə, vətənə borcunu verib, dövlət də onun yaşamasını təmin etməlidir. Bərdə regional xəstəxanasında işləyən həkim Rizvan Sadıqovun qəbulunda bir neçə dəfə olmuşuq. Bizə deyir ki, bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi baxır. Həmin Agentliyə gedirik, onlar da etiraz yazırlar. Bir il idi ki, səsimizi çıxarmırdıq, düşünürdük, problemləri həll edərlər. Artıq anlamağa başladım ki, sadəcə olaraq əlillik vermək istəmirlər. Əgər oğluma əlillik düşməsə, bu barədə səsimi çıxarmaram. Həkim komissiyası deyir ki, düşür, Agentlik deyir, müalicə alsın. Adam nə qədər müalicə alar? Övladımın yatmadığı xəstəxana qalmayıb. Vətənə borcunu ödəməyə bir kağız göndərirlər, boğazında qəlpə gəzdirən adamın başına yüz oyun açırlar”.
Qazinin atası bildirir ki, bilərəkdən əlillik vermirlər:
“Gərək ayağını, əlini, gözünü itərəydi ki, əlillik versinlər? Sənədlərdə də görəcəksiniz ki, səs telləri iflic olub. Boynuna su dəyəndə ağrıdan dayana bilmir. Bütün günü ağrıdan qıvrılır. Evdə müalicə alır. Evdə aldığı müalicəni də özümüz qarşılayırıq. Birdəfəlik yardım edilib, ancaq o yardımdan qat-qat çox özümüz iynəyə, dərmana pul xərcləmişik”.
Yediyar Əmiraslanov sonda prezident İlham Əliyevə müraciət edərək, qurumların süründüməçiliyi barədə ölçü götürülməsini xahiş edib.