Cəmiyyət

Bələdiyyələrin normal işləməsinə əngəl yaradılır – NARAZILIQ!

“Bəzi qurumlar bələdiyyələrə qarşı “səlib” yürüşünə başlayıblar. Yığışdırın, ayıbdır. Səs verdiyiniz orqana problem yaratmaq yox, inkişafına dəstək olmaq lazımdır”. Bu sözləri “Şərq”ə açıqlamasında bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli deyib. Bələdiyyələrin fəaliyyətindən və üzləşdikləri problemlərdən danışan ekspert bildirib ki, 1999-cu ildə yaradılan bələdiyyə strukturlarının bu ilin dekabr ayında 22 yaşı tamam olacaq.

V.Tofiqlinin sözlərinə görə, 22 il ərzində Azərbaycan bələdiyyəsi bir sıra irəliləyişlərə nail olub, bəzi uğurlara imza atıb: “Formalaşdırılan 1606 bələdiyyə içərisində çoxsaylı bələdiyyələr var ki, öz ərazilərində çox ciddi layihələr icra edir, ciddi addımlar atırlar. Hətta kreativ ideyalar da həyata keçirirlər. 300 min manat dəyərində layihələri icra etmək qabiliyyətində olan bələdiyyələrimiz var. Daim tənqidlərə məruz qalsalar da, ölkəmizdə nüfuza, çəkiyə malik bələdiyyələr mövcuddur. Amma bələdiyyələr az-çox uğurlarla yanaşı çox ciddi problemlərlə də üz-üzə qalırlar.

Birinci problem odur ki, Azərbaycanda bələdiyyələrin mülkiyyətinə topraq və əmlak verilməyib. İkincisi, vergi kimi maliyyə istiqamətləri bələdiyyələrdən alınaraq dövlət büdcəsinə keçirilib. Amma bunun qarşılığında bələdiyyələrə əlavə güzəştlər müəyyən edilməyib. Dayanacaqların, reklamın və əmlak vergisinin istiqamətləri dəyişdirilib. Bu da nəticə etibarı ilə bələdiyyələr üçün problemlər yaradıb. Bu gün bələdiyyələrə əsas problem yaradan qurum Əmlak Məsələləri Dövlət Komitəsidir. Bu qurum bələdiyyələrə xəritələrin verilməsi prosesini həyata keçirməlidir. Əgər bu gün hansısa vətəndaş öz yaşadığı yerdə fəaliyyət göstərən bələdiyyəyə müraciət edərək, 2-3 sot həyətyanı torpaq sahəsi istəsə, əldə edə bilməyəcək. Çünki bələdiyyələrin mülkiyyətində torpaq yoxdur. Halbuki, mülkiyyətində torpaq olan bələdiyyələr ciddi layihələrin icrasını həyata keçirər, kreditlər hesabına müəyyən işlər görə bilərdi”.

V.Tofiqli vurğulayıb ki, sənədsiz mənzillərlə bağlı da ciddi problemlər mövcuddur:

“Reallıq odur ki, Əmlak Komitəsi bununla bağlı çoxsaylı sənədlər tələb edir, müxtəlif bəhanələr gətirir. Əvvəllər yer quruluşu ilə bağlı “dörd nöqtənin müəyyən edilməsi”nin rüsumu 60 manat idi. Ancaq son illərdə bu xidmətin dəyəri 236 manata qədər qalxıb. Bələdiyyə 10 hektarlıq ərazidə 6 sotu vətəndaşa vermək istəsə, əvvəlcə Əmlak Komitəsindən 6 sotun çıxarışını almalıdır. Bu zaman Əmlak Komitəsi 6 sot torpaq müqabilində nəzərdə tutulmuş 1000 manatın təxminən 800 manatını bələdiyyədən geri alır. Bələdiyyə isə heç nə edə bilmir və prosesdə vətəndaşlar da əziyyət çəkirlər. Ona görə vətəndaş səs verdiyi bələdiyyənin fəaliyyətinə dəstək verməli, problemlərinin həllinə yardımçı olmalıdır ki, öz çətinliyi də aradan qalxmış olsun. Söz yox ki, indiki problemlərin kökündə bələdiyyə sədrlərinin məsuliyyətsizliyi, təcrübəsizliyi, neqativ addımları da durur. Amma ümumən bələdiyyələrin normal işləməsinə mane olan mühüm amillər var. Əmlak Komitəsi ilə bağlı məsələ öz həllini mütləq tapmalıdır. Proses mümkün qədər sadələşdirilməli, şəffaflaşmalıdır. Ümumiyyətlə, təklif edərdim ki, indiki halda torpağın satışını bələdiyyə yox, Əmlak Komitəsi özü həyata keçirsin. Satdığı torpaq hansı bələdiyyənin ərazisindədirsə, satışdan əldə etdiyi məbləğin 15-20 faizini həmin bələdiyyənin büdcəsinə keçirsin. Məncə, bu, daha məqbul və sadə variant olar. Həm də kimsə başqasını günahlandırmaz, məsuliyyəti öz üzərindən atmaz. Ən əsası isə bələdiyyələr yüklənməz. Vətəndaş da bilər ki, əmlakı, torpağı ilə bağlı problem yaradan bələdiyyə yox, Əmlak Məsələləri Dövlət Komitəsidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir