İdman

Rəhbər dəyişikliyi gözlənilən idman federasiyaları – ADLAR

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının rəhbərliyində dəyişiklik oldu. Belə ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev həmin federasiyaya prezident seçildi. Seçki prosesi isə yenicə nazir təyin olunmuş Fərid Qayıbovun işlədiyi Gənclər və İdman Nazirliyində keçirildi.

Ölkə başçısının onu təyin edərkən Olimpiadadakı uğursuzluqla bağlı dediyi “nöqsanlar ciddi araşdırılmalıdır” cümləsi idmanımızda “refresh” düyməsinin basıldığına işarə idi.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu baxımdan bəzi federasiyalarda tezliklə yeni rəhbər dəyişiklikləri baş tutacaq. Bəs bunlar hansılardır?

Güləş Federasiyası

Bu federasiya hələ 2018-ci ilin sonlarından prezidentsiz fəaliyyət göstərir. Sabiq vergilər naziri Fazil Məmmədov federasiyadan istefa ərizəsini yazaraq ayrılıb. Həmin vaxtdan qurumda I vitse-prezident, sabiq vergilər nazirinin müavini Namiq Əliyev prezident əvəzi kimi fəaliyyət göstərir.

Velosiped İdmanı Federasiyası

Bu federasiyanın prezidenti rəsmi olaraq hələ də Fazil Məmmədovdur. Lakin 2017-ci ildən vergilər naziri postundan çıxarılandan sonra demək olar ki, bu federasiya da prezidentsiz qalıb. Faktiki olaraq bu qurumu da vitse-prezident Sahib Ələkbərov (iqtisadiyyat nazirinin müavinidir – S.M.) idarə edir.

Taekvondo Federasiyası

Taekvondo millimiz Tokio Olimpiadasında cəmi iki idmançı ilə təmsil olundu. Ancaq həmin iki idmançı – Fəridə Əzizova və Milad Beiqi uğursuz çıxışı ilə yadda qaldı. Rio Olimpiadasında dörd idmançı ilə təmsil olunan və Azərbaycana yeganə qızıl medalı qazandıran Taekvondo Federasiyası budəfəki rüsvayedici çıxışı ilə ötən yarışdakı uğurunu unutdurdu. İndi federasiyanın prezidenti Kəmaləddin Heydərovun postunu təhvil verəcəyi gözlənilir. Onun Boks Federasiyasının da prezidenti olduğunu nəzərə alsaq, böyük ehtimalla, Taekvondo Federasiyasının prezidenti postunu tərk edəcəyi gözləniləndir.

Həmçinin, bəzi federasiyalar var ki, fəaliyyətlərində ciddi nöqsanlar var, demək olar ki, başsızdırlar. Və ya prezidentləri olsa da, onların fəaliyyəti gözə çarpmır.

Həndbol Federasiyası

2016-cı ilin dekabrın 1-dən bu qurumun rəhbəri sabiq “Azəryolservis” ASC-nin rəhbəri, indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur. Lakin o da son dörd ildə həndbolumuzun uçuruma düşməsinə mane ola bilməyib. Son bir ayda onun rəhbəri olduğu federasiyadan kifayət qədər narazılıq var. Həmin narazı “üsyançılar”ın susdurulması üçün isə dörd gün əvvəl onların həndboldan uzaqlaşdırılmasına dair qərar çıxarılıb.

Üzgüçülük Federasiyası

Quruma rəhbərliyi sabiq millət vəkili Xanlar Fətiyev edir. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan Fətiyev 2012-ci ildən Üzgüçülük Federasiyasının prezidentidir. Onun rəhbərliyi altında üzgüçülükdə hansısa uğurların olduğunu demək qeyri-mümkündür. Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarındakı uğuru isə uğur adlandırmaq mümkün deyil. Çünki həmin yarışda əsasən bu idman növü o qədər də populyar olmayan müsəlman ölkələrinin atletləri çıxış edirdi.

Milli Avarçəkmə Federasiyası

Qurum Rio Olimpiadasından sonra demək olar ki, fəaliyyət göstərmir və ya fəaliyyəti hiss olunmayacaq dərəcədə zəifdir. 2006-cı il dekabrın 9-dan qurumun prezidenti Elçin Zeynalovdur. O, mərhum nazir Azad Rəhimova yaxınlığı ilə seçilən “İtaldizain Holdinq”in əsas səhmdarlarından biri kimi göstərilir. Lakin legionerlərin federasiyadan göndərilməsindən sonra yarışlarda hər hansısa uğur nəzərə çarpmır.

Kamandan Oxatma Federasiyası

Federasiyaya Şahin Möhsümov başçılıq edir. 2016-cı il Rio Olimpiadasında Azərbaycanı Moldovadan (bəzi mənbələrə görə Ukraynadan) olan Olqa Senyuk təmsil etdikdən sonra, bir də onu görən olmadı. Bundan sonra bu federasiyada da susqunluq dövrü başlandı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir