Cəmiyyət

Naxçıvanda məcburi iməcilik: – “Bizi qul kimi işlədirlər”

Naxçıvan Muxtar Respublikasında hər həftənin şənbə və bazar günləri dövlət idarə və müəssisələ işçiləri məcburi iməciliyə çıxarılır.

Yeniavaz.com xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onların bildirdiyinə görə, iməciliyə çıxmaq istəməyənlərin ya maaşı kəsilir, ya da onlar işdən çıxarılmaqla hədələnirlər. İməcilik günləri onlara əsasən yol kənarlarını süpürdür, ting əkirdirir, alaq yoldururlar. İddia edilir ki, işçilər mövsümə uyğun olaraq, məmurların əkin sahələrində də işlədilirlər.

Naxçıvan Ali Məclisinin rəsmi səhifəsində verilən məlumata görə, hər həftə 50 minə yaxın “könüllü” bu iməciliklərdə iştirak edir. Təmizlik işləri görmək üçün hər idarə və müəssisə üçün xüsusi ərazi təyin olunur. Hər kəs öz ərazisinə görə məsuliyyət daşıyır.
Həftə sonları iməciliyə çıxarılanlar arasında təhsil və tibb işçiləri də var. Şərur rayon məktəblərinin birində müəllim işləyən Şahbaz Dadaşov deyir ki, iməcilik əlindən nə istirahət edə bilirlər, nə də normal dərs keçə:
“Harda görülüb ki, müəllim küçə süpürsün, alaq təmizləsin. Hər müəllim üçün küçənin bir hissəsini ayırıblar. Bu bizi alçaltmaqdır. Təsəvvür edin ki, küçə süpürəndə, dərs dediyim şagird yanımızdan keçir. Sabah dərsdə o bizə nə hörmət qoyacaq? Deyirsən iməciliyə çıxmaq istəmirəm, deyir ki, 20 manat ver, fəhlə tut, sənin yerinə işləsin. Əkilən tingləri də özümüz almalıyıq. Hər mövsüm 30-40 manat da tinglərə veririk. Tinglər böyüyür, bar verir, bizi yaxına da buraxmırlar. Meyvələrə uzaqdan baxa-baxa qalırıq. Hamısını yığıb, bizə baha qiymətə satırlar”.
Təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən, rayon xəstəxanasında işləyən həkimlərdən biri deyir ki, iməcilik ucbatından xəstələrə vaxtlı-vaxtında qulluq edə bilmirlər:
“Elə olur ki, iməcilik günləri xəstəxanada növbətçi həkim, tibb bacısı da qalmır. Xəstəxanaya təcili xəstə gətirilir, vaxtında müdaxilə edə bilmirik. Buna görə həyatını itirən xəstələr də olub. Hər xəstəxanaya xüsusi sahələr ayrılıb ki, iməciliyə ora aparırlar. Çox vaxt xəstələri iməcilik sahələrində – yol qırağında, ağac altında, hansısa məmurun əkin sahəsində müayinə edir, iynə vurub, sistem qoşuruq. Naxçıvanda çoxlu bağban, süpürgəçi ştatları var. Onların yerinə bizi işlədib, pul silirlər. Qısası bizi iməcilik adı altında qul kimi işlədirlər. Hər dəfə də bizə qul olduğumuzu xatırladırlar. Məcburi iməcilik keçirməyin bir məqsədi də budur ki, qul olduğumuzu unutmayaq”.
Sovet ənənsi olan iməcilik, Naxçıvanda 1990-cı illərin sonlarından, Vasif Talıbov hakimiyyətə gələndən sonra yenidən ənənə halına salınıb. Həmin vaxtdan fasiləsiz olaraq hər həftənin istirahət günləri iməciliklər keçirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir