Sürücülərin DİQQƏTİNƏ! — Siqnal səsinin qadağan olunduğu yerlərdə signal verənləri nə gözləyir?
Siqnal səslər yəqin ki, çoxunuza tanışdı. Yolkənarı ərazilərdə yaşayanlara isə nəinki tanış, hətta gecə-gündüz qulaq yoldaşıdı. Elə bir yoldaş ki, insana evini satdırar, əsəbini tarıma çəkib, eyvandan həyətə atdırar. Sakit bir guşə tapmaq həmin kəslər üçün cəhənnəmdən cənnətə düşmək olar.
“Ölkə.Az” ARB TV-yə istinadən xəbər verir ki, hər gün siqnal səsləri ilə yaşayan yaşlı qadın da bu durumdan təngə gəlib.
Balacaxanım Quliyeva: “Qapını aça bilmirəm, bağlayıram da səs gəlir. 5 dəqiqə uzanmaq istəyirəm, uzana bilmirəm, xəstə adamam”.
Sürücü mədəniyyətinin qanunun aliliyi qədər qorunduğu sivil cəmiyyətlərdə yersiz istifadə olunan səs siqnalları təhqir hesab olunur. Yox, Azərbaycan cəmiyyəti də sivildi, lap əvvəldən. Amma yolda yox. Bizim yollarda siqnal təyinatından başqa hər şey üçün istifadə edilir. Salamlaşmaq istəyən siqnal verir, sağollaşmaq istəyən siqnal verir, söyən siqnal verir…
Elələri də var ki, işıqforun qırmızı işığındakı son saniyələri artıq hesab edir.
Sürücü: “İşıqforun saniyəsi azdır. Əsəblərimiz ona görə tab gətirmir. Tıxacda siqnal verməyin mənası nədir, işıqfor burada vaxtı az verir”.
Yaxşı, burasını başa düşdük, özbaşımıza qalsaq əlimizi siqnaldan götürməyəcəyik. Bəs qanun?
Ərşad Hüseyinov – Nəqliyyat eksperti: “Səs siqnallarından istifadə edən sürücünü cərimələmək lazımdır. Bəs qanun? Qanun deyir ki, səs siqnallı ilə qaydananı pozanlara 30 manat cərimə var. İş ondadır ki, həmin siqnalbazları müəyyən etmək müşkül məsələdi. Kamerallara düşmür, avtomobil çox olanda müəyyən etmək olmur. Elə etmək lazımdı ki, adam özü utansın”.
Utansın. Ümid azdı, amma yenə də ümid edək. Ümid edə-edə bir şeyi də xatırladaq: yol hərəkəti haqqında qanuna görə, səs siqnallarından yaşayış olan ərazilərdə yalnız yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün istifədə olunmalıdır. Müxtəlif xitabları əvəz edən ümumi müraciət forması kimi yox.