Redaksiyamıza növbəti şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına əsasən, şikayət qeyri-qanuni işlərin getdiyi iddia edilən “Rahat Nəfəs” yaşayış kompleksindəndir.
Şikayətçi bildirir ki, onlara tikinti ilə bağlı heç bir sənəd təqdim olunmur:
“Adı çəkilən ərazi Masazır qəsəbəsi, “Rahat Nəfəs” yaşayış kompleksidir. Burada qanunsuz bina tikilir. Şəhərsalmadan sənədləri yoxdur, amma olduğunu iddia edirlər. Bizə heç bir sənəd təqdim etmirlər. Bu ərazidə 8 bina, binaların ortasında da heç bir sənədi olmayan boş ərazi var. Bizə həmin ərazidə park salınacağına dair söz vermişdilər, amma etmədilər. Biz də öz büdcəmizlə 2 il əvvəl oraya ağaclar əkdik. Həmin ərazidə bir dənə bina tikdilər, indi də 10-cu binanı tikmək üçün gəliblər. Bir balaca ərazidə 10 binanı təsəvvür edin. Pəncərələr, balkonlar çox yaxındır, hamı bir-birinin evinin içini görür.
Srağagün gecə ilə gəlib ekskavatorla bütün ağacları yerlə bir etdilər. Əvvəl bütün sakinlər mane olmağa çalışdılar. Ancaq başımızı qatıb əraziyə girdilər. İşin başında da direktorları Lena adlı qadın var idi.
Yeganə oğlunu şəhid verən ananı da pis vəziyyətə saldılar. Qadın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Onun övladı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Bayramov Qismət İlyas oğludur. Səs-küy qalxdı. Elə ki, qadının vəziyyəti pisləşdi, ekskavatoru ərazidən çıxartdılar, İcra Hakimiyyəti işi dayandırdı. Əgər bu söküntü qanuni olsaydı, iş dayandırılmazdı. Şəhərsalmadan da heç bir nümayəndə yox idi. Nədir bunlar, kimin adamlarıdır, bilinmir”.
Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz uğursuz oldu. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.