İsveçin paytaxtında Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovla onun müavini olmuş Arif Əsgərovu həbsə aparacaq məhkəmə işi başlayıb.
Hazırda məhkəmədə təqsirləndirilən şəxs 1 nəfərdir – Kanadanın “Bombardier” şirkətinin törəmə şirkətinin (“Bombardier Sweden”) keçmiş vitse-prezidenti Tomas Bimer. Amma prosesin gedişində təqsirləndirilən şəxslərin sayı arta bilər, cinayət işi üzrə məhkəmə araşdırmalarına Tomas Bimerə rüşvət vermiş azərbaycanlı məmurlar da cəlb oluna bilərlər.
2003-cü ildə “Bombardier” şirkəti ilə Azərbaycanın o zamankı Nəqliyyat Nazirliyi arasında Bakı-Böyük Kəsik dəmir yol xəttinin yenidən qurulması layihəsi çərçivəsində siqnal avadanlıqlarının təchizatını nəzərdə tutan müqavilə imzalanıb. Tomas Bimer həmin müqavilə çərçivəsində “bəzi azərbaycanlı məmurlara” “otkat” verməkdə ittiham olunur. Tomas Bimerə qarşı rəsmi ittiham bu ilin iyun ayında irəli sürülüb.
Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov başçılıq edirdi, o vaxt nazirliyin tərkibində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri isə nazir müavini qismində Arif Əsgərov idi. “Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, ”Bombardier” şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub”, – prokuror Staffan Edlund ittiham irəli sürülərkən jurnalistlərə demişdi.
Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. “Otkat”ın ötürülməsi üçün aralıq şirkət olaraq Rusiya Dəmir Yollarının keçmiş tərəfdaşı Vladimir Yakuninin təsis etdiyi “Multiserv Overseas Ltd.” adlı offşor şirkətdən istifadə olunub. İndi Kanadanın “The Glob and Mail” qəzetinin müxbirinin Stokholmdan hazırladığı məqalədə deyilir ki, İsveç prokurorları “Bombardier” şirkətinin Kanada baş ofisinin rəhbərlərinin bu sövdələşmədən əvvəl müqavilənin kimlərlə imzalandığını yoxlamışdılar. Yəni onların korrupsiya sövdələşməsindən xəbərləri var idi. Prokuror Staffan Edlund bildirib ki, iş üzrə əldə edilmiş sübutlar “Bombardier” şirkətinin Monrealdakı baş ofisinin rəhbərlərinin həmin “Multiserv Overseas Ltd.” ilə kommersiya tərəfdaşlığına razılıq verdiyi qənaətinə gəlməyə əsas verir. Qəzet yazır ki, “Multiserv Overseas Ltd.” “Bombardier” şirkətinə Azərbaycanda 340 milyon dollarlıq kontraktı udmaq üçün istifadə edilən qurama şirkət idi. Bu şirkət həmçinin “Bombardier”in Rusiya, Monqolustan, Qazaxıstan və Türkmənistandakı layihələrində də iştirak edib. “Bombardier” lə “Multiserv Overseas Ltd.” arasında tərəfdaşlıq müqaviləsi Moskvada Rusiya Dəmir Yollarının o zamankı rəhbəri Vladimir Yakuninlə “Bombardier” şirkətinin direktorlar şurasının sədri Pyer Boduan arasında imzalanmışdı. “Bu, çox nəhəng sövdələşmə idi və Stokholm üçün həddən artıq böyük görünürdü. Bu iş korporativ səviyyədə görülüb”, – prokuror deyib. “Bombardier” isə indiyədək Azərbaycanla bağlı layihədə hər hansı korrupsiya sövdələşməsində iştirakını inkar edirdi.
Lakin bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi də indi bu faktı araşdırmaqdadır. İsveç məhkəməsində baxılan işlə bağlı “Bombardier” şirkətinin mətbuat katibi Anna Kristofaro bunları deyib: “Hazırda korporasiyaya məlum olan informasiyalara əsaslanaraq bəyan edirik ki, ”Bombardier” korrupsiya ödəməsinin hər hansı dövlət məmuruna ödənildiyini və ya təklif edildiyini təsdiqləyən heç bir sübut tapa bilməyib. Amma “Bombardier” daxilində yoxlama davam edir”. Bimerə qarşı irəli sürülmüş ittiham isə beş illik təhqiqatın nəticəsidir. Bu təhqiqatı İsveçin korrupsiya ilə mübarizə üzrə Milli şöbəsi aparıb. Azərbaycan məmurlarına 100 milyon dollar “otkat”ın verilməsi İsveç tarixində ən iri korrupsiya işlərindən biri hesab edilir.
Tomas Bimer isə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Bu haqda “The Globe and Mail” nəşrinə onun vəkili Tomas Nilsson bildirib. İstintaq çərçivəsində Stokholmdakı “ Bombardier Transportation” şirkətinin hüquq şöbəsinin rəhbəri Karolina Lonn da dindirilib. “Multiserv” barədə nə bildiyi haqda suala belə cavab verib ki, həmin şirkətlə “Bombardier” (Kanada) arasında tərəfdaşlıq 2010-cu ildə qurulub, tərəfdaşlıqdan əvvəl şirkətlə bağlı araşdırmalar aparılıb. Bu şirkətin Azərbaycan layihəsindəki rolu haqda suala cavab olaraq isə Lonn deyib ki, “Multiserv” Rusiya və digər MDB ölkələrinə “Elteza” avadanlıqlarının satışı üzrə “təsdiqlənmiş təchizatçı” idi. 2017-ci ildə Azərbaycanla bağlı həmin korrupsiya sövdələşməsi ilə bağlı “Bombardier” şirkətinin keçmiş əməkdaşı Yevgeni Pavlov üzərində məhkəmə zamanı bildirilmişdi ki, “Bombardier” Dünya Bankından “Multiserv” şirkətinin layihədə rolunu gizlədib. 2016-cı ildə “The Globe and Mail” qəzeti araşdırmışdı ki, “Multiserv” şirkətinin nə ofisi, nə veb-saytı, nə telefonları, nə də əməkdaşları yoxdur. Ancaq Londonda qeydiyyatda olduğu ünvan aşkarlanıb. İsveç polisi isə araşdırıb ki, 2015-2016-cı illərdə “Multiserv” şirkətinin direktoru kimi qeydiyyatdan keçmiş qadın Kiprdə yaşayan rusiyalı qadındır, orada gecə klublarında rəqqasə olub. Qadın polisə ifadəsində deyib ki, o ancaq “nominal direktor” idi və şirkətin nümayəndələrinin təlimatı əsasında hərəkət edirdi. Polis araşdırmışdı ki, “Multiserv”dən pullar tərəfdaşlarının offşor şirkətlərinin hesablarına ötürülüb.
“Nəyə görə orada Azərbaycan vergiödəyicilərinin pulları itməlidir? Bu qəribə görünür, amma hər halda bu işdə onsuz da çoxlu qəribə məqam var”, – prokuror Edlund bildirib. Tomas Bimerə qarşı irəli sürülmüş ittihamda göstərilib ki, həmin korrupsiya sövdələşməsi əsasında 46 ədəd “Ebilock-950″ siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan ”Multiserv Overseas” adlı şirkətə köçürülüb. Daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb. Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər. Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar.
Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. “Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu. “Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub.
Xatırladaq ki, ümumi dəyəri 350 milyon dollar olan həmin müqavilədən qiymətlərin kəskin şişirdilməsi və aralıq offşor şirkətlərdən istifadə olunması yolu ilə azərbaycanlı məmurlara 100 milyon dollar “otkat” ötürüldüyü bir neçə il əvvəl üzə çıxmışdı. Bu korrupsiya faktı böyük qalmaqala səbəb olub, “Bombardier” Kanada şirkətinin rəhbəri istefa verib. Və Dünya Bankı bu şirkətin iştirak etdiyi layihələrə kredit ayrılmasını dayandırıb.
“Yeni Müsavat”