“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüşün Bakıda keçirilməsində təhlükəsizlik məsələsi xüsusi rol oynayıb. Azərbaycan beynəlxalq aləmdə təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Dövlətimiz bunun üçün əməli töhvəsini verir. Ölkəmizin hər iki güc mərkəzi ilə – həm NATO, həm də Rusiya ilə yaxşı münasibətləri var”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür, heç bir zaman hansısa ölkənin əlaltısı olmayıb və bundan sonra da olmayacaq: “Azərbaycan Ermənistandan başqa, bütün ölkələrlə qarşılıqlı maraqlar gözlənilməklə yaxşı münasibətlərin olmasında və bu münasibətlərin dərinləşməsində maraqlıdır. Bunun nəticəsidir ki, ölkələr Azərbaycanla birgə əməkdaşlıq planlarını həyata keçirir, iqtisadi layihələri müzakirə edirlər. Azərbaycan Ordusunun NATO standartlarına uyğun qurulması, birgə təlimlər daim gündəmdə olub. Ölkəmiz Rusiya ilə hərbi kadrların hazılanması, silahlı qüvvələr üçün bir sıra texnika və silahların alınması istiqamətində sıx əməkdaşlıq edir.
Hesab edirəm ki, görüş üçün məkan kimi Bakının seçilməsində bu faktorların böyük rolu var. Bakının təhlükəsiz şəhər olduğu da nəzərə alınmalıdır. Prezident İlham Əliyevin şəxsi nüfuzu yerin seçilməsində böyük rol oynayıb”.
Deputat Elman Nəsirov “Report”a açıqlamasında bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüşün Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
E.Nəsirov xatırladıb ki, bu, ənənəyə çevrilib, bir neçə dəfə belə analoji görüşlər keçirilib: “Bu görüşlərdə dünyanı narahat edən ən mürəkkəb təhlükəsizlik məsələləri müzakirə olunur, Rusiya ilə Qərb, NATO, ABŞ arasındakı suallara cavab axtarırlır. Bu müzakirələr üçün Azərbaycan paytaxtının seçilməsinin siyasi mənası və əhəmiyyəti var”.
Parlamentin üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil xarici siyasət kursu həyata keçirir: “Bu siyasət milli maraqlara söykənir. Bu siyasət nəticəsində ölkəmiz güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacarır, tərəfdaşlıq münasibətlərini inkişaf etdirə bilir. Bu bir həqiqətdir ki, Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Bu, heç bir halda ABŞ əleyhinə deyil. Vaşinqtonda bunu çox yaxşı bilirlər. Azərbaycanın ABŞ-la da strateji tərəfdaşlıq münasibətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə çoxsaylı görüşləri olub, müzakirələr aparılıb. ABŞ Prezidenti Donald Trampın məkublarında Prezident İlham Əliyevin siyasətinə böyük qiymət verildiyi qeyd olunub. İki bir-birinə qarşı olan tərəflər çox mürəkkəb beynəlxalq məsələləri müzakirə etmək üçün ən uğurlu yer kimi Azərbaycanın paytaxtı Bakı şəhərini seçirlər. Əsas məqamlardan biri odur ki, Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ölkəmizin bu mövqeyi görüşün keçirilməsi üçün münbit şəraiti təmin edir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri zamanı qeyd edildi ki, Azərbaycan sülhə və təhlükəsizliyə çox böyük töhfələr verir. Eyni yanaşmanı Vladimir Putin də, Donald Tramp da, NATO rəhbərliyi də söyləyib. Prezident İlham Əliyevin liderlik qabiliyyətinə olan diqqət və hörmət görüşün Bakıda keçirilməsini şərtləndirən amillərdəndir. Dövlət başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan sabitlik, təhlükəsizlik adası kimi tanınmaqdadır. Gələcəkdə də Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi heç kəsdə şübhə doğurmur”.
Qeyd edək ki, iyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüş keçirilib. Tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər.