Yardımlı rayonunda olanda, rayonun mərkəzini və kəndlərini ziyarət edəndə adama elə gəlir ki, bura müasir Azərbaycanın rayonu deyil. Yardımlıda hər şey sanki məqsədli şəkildə köhnə olan-qalanları saxlamağa, yolsuzluğa, işsizliyə, tar-mar olmuş şəraitdən qurtulmamaq üçün yeniliklərin qarşısını almağa yönəlib. Yardımlıya yardım etmək istəyi indi hər bir yardımlılı üçün çox vacib işə çevrilib.
“Demokratik.Az”-ın məlumatına görə, 10 illərdir ölkəmizdə aparılan regionların davamlı sosial-iqtisadi inkişaf strategiyasından sanki bu rayona yetəri qədər pay düşməyib. Hər il Yardımlıya ayrılan vəsaitlər ya azlıqdan, ya yolda azdığı üçün rayonun görkəmini dəyişə bilməyib.
Yardımlının bir az da paytaxt Bakının gözündən uzaq olması, dağlıq-dağətəyi relyefə malik olması, insanlarının öz çətinliklərinə susqun qalması sanki buranı iri hökumət adamlarına da unutdurub. Amma, bu zavallı rayonda abadlıq-quruculuq işlərinin kimlər tərəfindən axsadıldığını və nə səbəbə alt-üst edildiyini, sakinlərin ümid və arzularının illərdir ki, rəsmən suya düşürülməsini, geriləmə səbəblərini müəyyən etmək üçün araşdırma aparanda müqəssir sayıla bilən bəzi məmurların maraqlarının əsası görünür.
Azərbaycanda yerli idarəetmənin mövcud reallıqlarından da bilirik ki, hər bir rayonun maddi-məsul cavabdehlik yükünü icra hakimiyyəti başçıları daşıyır. Və hər rayonda olan maddi imkanların və ayrılan büdcə vəsaitlərinin yerbəyerində də icra başçıları canfəşanlıqla əzələ nümayiş etdirirlər. Yəni, gözəl bilirik ki, əksər şəhər və rayonlarımızda prezidentin etimadına dönük çıxmaqla özlərini şahənşah elan etmiş icra başçıları əhalinin sosial rifahı naminə verilən prezident sərəncamlarının icrasından və nəzərdə tutulmuş vəzifələ öhdəliklərindən irəli gələn məsələləri əksər hallarda öz mənfəətləri və varlanmaları üçün səfərbər edirlər.
Son illərdə korrupsiya və rüşvətxorluq ittihamları əsasında həbs edilmiş başçıların əməllərində məhz mənfi çalarlar, rayonun abadlığına ayrılmış milyonların qamarlanması, “DOST” xəttilə işə götürülən kasıbın çörəkpulunun – maaş kartının oğurlanması, büdcə pullarının saxta sifarişli tenderlər yolu ilə əsas təyinatından uzaqlaşdırılaraq mənimsənilməsi örnəyi var. Təəssüf ki, həbslər, vəzifədən qovmalar heç də həmişə eyni əməllərdə yoğrulan digər icra başçıları üçün mayak rolunu oynamır.
Hazırda Yardımlıya icra başçılığı həyata keçirən Ayaz Əsgərovun 5 illik fəaliyyətinə nəzər salanda da rayonun digərlərilə müqayisədə çox geri qalmasında onun əsas təqsirkar olduğuna dair ciddi qənaətlərə gəlinir. Rayon sakinlərinin düşüncələrində də acınacaqlı durumun ortaya çıxmasında, səfalətə qərq olmalarında, sakinlərin böyük əksəriyyətinin işsizlikdən evlərini tərk edərək Bakıya və Rusiyaya qaçmalarında rayon icra hakimiyyətinin yarıtmaz idarəetməsi başlıca rol oynayır.
Regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tətbiqində Yardımlı İHB-nin uğursuz dayanıqlığı rayon üzrə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşuna, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermək əvəzinə, insanların problemlərini daha da dərinləşdirib. İnsanlar üçün onsuz da zor olan həyat şərtlərini ağırlaşdırıb. Ayaz Əsgərovun “qabiliyyətləri” sayəsində rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsində də aşkar geriləmələr, yalançı sosial-iqtisadi təhlillər qeydə alınıb. Rayonda rabitə problemləri, çəkilmiş kanalizasiya xəttlərinin uğursuzluğu, susuzluq və kəndlərin qazlaşdırılmaması həllini çoxdan gözləyən problemlər olaraq da qalır.
Prezidentin sərəncam və qərarlarının qüsursuz icrasına mükəlləf olan Ayaz Əsgərovun təkcə 2021-ci il üzrə məqsədli davranışları və maraqları sayəsində rayona ayrılan küllü miqdarda dövlət vəsaitinin xərclənməməsi, görülməli işlərin də iflası, maliyyə pozuntuları baş tutub.
Rayondan aldığımız məlumata görə, 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 700 000 (yeddi yüz min) vəsaitin yolların təmirinə yönəlməsi və digər abadlıq-quruculuq işləri məqsədilə 345 000 (üç yüz qırx beş min) manat vəsaitin xərclənməsi Ayaz Əsgərovun süni əngəlləri ilə dayandırılıb. Etibarlı mənbədən aldığımız məlumata görə, başçının kaprizinə səbəb əvvəlki illərdən fərqli olaraq cari ildə Yardımlı şəhər təsərrüfatına aid sifarişlərin keçirilən tenderlərdə öz xeyrinə istədiyi kimi həll edə bilməməsi olub. Bu il özünə yaxın təcrübəsiz şirkətlərin tenderlərə qatılması isə tutarlı dolaşıqlıqlar, özbaşınalıqlar yaradıb. Nəticədə, əsas tenderlərin icraatı dayandırılıb.
Tenderlər və dövlət satınalmaları üzrə fəaliyyət göstərən rəsmi elektron hökumət portalındakı bilgilərdə də Yardımlı rayonu üzrə keçirilmiş əsas tenderlərin formal xarakter aldığını müşahidə etmək olur. Tender və kotirovka sorğuları keçirildəkdən sonra nəticələrinin ictimaiyyətə açıqlanmaması da Yardımlıda vəsaitlərin qeyri-şəffaflıqla dağıdıldığını, Yardımlı İHB-nin tender prosedurlarında gizlin sövdələşmələrə yol verildiyini deməyə əsaslar verir. Açıq və rəsmi məlumatlar onu da üzə çıxarır ki, Ayaz Əsgərovun dövründə Yardımlıda aparılan çeşidli abadlıq-quruculuq işləri əsasən 2019-2020-ci illər üzrə daha aktiv aparılıb, lakin, 100 minlərlə xərcləmələr bugün üçün rayonun nimdaş libasına heç bir müsbət töhfə verməyib. Cari təmir işlərinin məcburi xarakterli olduğunu düşünsək, son ilin məlumatlarının ictimaiyyətdən gizlədilməsi də korrupsiyaya yol açan böyük nöqsandır.
Rayonda sakinlərin gözünü oxşayıb illərdir diqqətini çəkən nəhəng tikili də elə Yardımlı icra hakimiyyətinə aiddir. Sabiq icra başçısı Sevindik Hətəmovun vaxtında təməli qoyulmuş yeni İHB binasıdır. Təkcə 2019-cu ilin əvvəlində Ayaz Əsgərovun yarım milyondan çox (556 000) artıq pul məsrəf etdiyi bina 5 ildir yarımçıq qalmaqdadır. Digər illərdə də İHB binasının tikintisinin tamamlanmasına pullar ayrıldığı iddia edilir, lakin, bu barədə səhih bilgilər Ayaz Əsgərovun diqtəsilə hamıdan gizlədilir.
Rəsmi məlumatlara görə, Yardımlı İHB-nin birbaşa tabeliyindəki Yardımlı şəhər İƏD üzrə İcra Nümayəndəliyi Rayondaxili abadlıq işləri və yolların guya təmiri asfaltlanması üzrə son 5 ildə 5 milyon manata yaxın xərcləmələrə imza atıb. Ayaz Əsgərovun 5 illik fəaliyyətində Bayram tədbirlərinin keçirilməsi işlərinə 500 000 (yarım milyon), dəftərxana ləvazimatlarına və İHB-nin avtomaşınlarının alınmasına, təmirinə və sair xərclərə 200 000 (iki yüz min) manat pul silinib. Son 5 ilin pul dövriyyələrində əsas izlərin və maxinasiyaların “GünayBank”dakı müxtəlif bank hesablarına uzandığı deyilir. Bu barədə əlimizdə olan rəsmi bilgiləri dəqiqləşdirdikdən sonra yayacağıq.
Yardımlı rayon kommunal təsərrüfat istehsalat birliyinin fəaliyyətində də nöqsanlar və çatışmazlıqlar var. MKTİB-in maddi-texniki bazasının genişləndirilməsi üçün heç bir iş görülmür. Şəhər təsərrüfatı da avtopilot idarə olunur.
Ayaz Əsgərovun ətrafına topladığı kadrların kimliyi, vakant vəzifələrin necə bölüşdürülməsi işi isə ayrıca təhlil tələb edir…
(ardı var)
Demokratik.Az